Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6297/2025 23.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair məsələyə məhkəmənin inzibati binsasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş borc qismində 5700 manat borcun gecikdirilməsinə görə sanksiya olaraq 280 manat və ödədiyi 80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh qonşusudur. O, Gəncə şəhəri, Vaqif küçəsində, “Keçəllər xəstəxanası” deyilən xəstəxananın yanında kirayələdiyi mağazada pal-paltar satışı ilə məşğul olur. Onunla təxminən 1 il 2 ay bundan əvvəl tanış olub. Ondan pul qoparmaq üçün mehribanlıq göstərib, qəlbinə girmiş, 2024-cü ilin sentyabr ayında 300 manat borc almış, lakin bu günə kimi qaytarmamışdır. Onun puluyla qazanc əldə etməsi naminə, o, onu sıxışdırmamış, borcun qaytarılmasını sonraya qoymuş, bir sözlə, ona pulundan istifadə edib, qazanmaq imkanı verib. Bu ilin yanvar ayında Nurlana daha çox əmlakını ələ keçirmək məqsədilə qəlbinə girib və şirnikləndirib iş birliyi qurmağa dəvət etmiş, maliyyəsi ilə etdiyi alverdən gələn qazancı onunla bölməyə söz vermişdir. O, inanıb onunla Bakı şəhərinə gedib, müəyyən hissəsi özündə olan, müəyyən hissəsini isə borc aldığı 6800 manatı onun sərəncamına verib. O, Bakı şəhərində həmin pula xeyli pal-paltar alıb, pulun bir hissəsi ilə Vaqif küçəsində kirayələdiyi mağazaya yığmışdır. Bundan sonra 3-4 günün müddətində o, tamam dəyişmiş, onunla normal danışmaq belə mümkün olmamışdır. Etibarından sui-istifadə edib, əmlakımı ələ keçirmişdir. Cavabdehə verdiyi pulla alınmış malları götürmək istəyib, lakin o, buna imkan verməyib, onu ölümlə hədələmişdir. Məcbur qalıb, polisə şikayət etmişdir. Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin təhqiqatçısı Adil İmanov 04 sentyabr 2025-ci il tarixli qəratla cinayət işinin başlanmasının rədd etmişdir. Təhqiqat zamanı cavabdeh ona 100 manat verərək, bildirmişdir ki, ona olan borcunu hər ay bu məbləğlə qaytara bilər. Polisə isə bildirmişdir ki, guya o, malların alınmasına 6000 manat xərcləmiş, araları pozularkən onun 1000 manatını almışdır. Halbuki, o, onun yeni iş qurmasına 6800 manat xərc çəkmiş, ondan ayrılan zaman mağazada olan 1200 manat satış pulunu götürmüdür. Yəni onun ona 5600 manat borcu qalmışdır. Həmin borcdan o, 100 manatı təhqiqat zamanı ödəmişdir, onun ona iş birliyindən 5500 manat borcu və 1 il əvvəl aldığı 300 manat borcu, yəni cəmi 5800 manat borcu qalır. O, həmin borcu Bakı şəhərindən gətirdiyi mallarla da qaytara bilərdi və bunu istəyirdi, lakin, yuxarıda qeyd etdiyi kimi, Nurlana razılaşmadı və mallara əl vuracağı halda, onu ölümlə hədələdi. Əslində onun hərəkəti ya dələduzluq, ya da özgə əmlakını mənimsəmə cinayətidir. Çünki mağazasındakı mallar onun puluyla alındığı halda o, nə pulunu qaytarmamış, nə də onun puluna alınmış malları verməyib, qanunsuz olaraq özündə saxlayıb, bildirmişdir ki, puluna hər ay 100 manat miqdarında qaytara bilər. Məhkəmə iclasında iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbin təmin olunmasını xahiş etdi, mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, mübahisə predmetinə görə hazırkı mülki iş kommersiya mübahisəsi hesab edildiyindən mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. 01 yanvar 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə şəhərində Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində isə göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Mülki işin tədqiq edilmiş hallarından görünür ki, İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) vergi uçotuna alınmış fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Hazırkı iş üzrə iddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranmış borcun cavabdehdən tutulmasını xahiş edir. Göründüyü kimi, mübahisə sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Buna görə də həmin mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-6297/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6297/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver