Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6325/2024 11.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş 130 manat alimentin məbləğini artıraraq, Cavabdeh hər ay sabit pul məbləğində 300 manat aliment və həmçinin, mediasiya xərci üçün ödənilmiş 50 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cü il tarixdə qeyri-rəsmi olaraq evlənmişdir. Cavabdehlə qeyri nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Gəncə Şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən uşağa sabit məbləğdə 130 manat aliment qət edilmişdir. O, uşağın saxlanmasında çətinlik çəkir və başqa yerdən də gəliri yoxdur, 130 manat uşağın təhsilini və hazırlıq kurslarına getdiyi xərclərini ödəmir. Cavabdehin isə maddi vəziyyəti yaxşıdır, o hər ay 2000 manatdan artıq gəliri olur. Cavabdeh hal-hazırda şirkətdə çalışır. O, aliment miqdarının artırılmasi tələbinə dair Mediasiya Təşkilatına ərizə ilə müracət etsə də, cavabdeh aliment miqdarının artırılması tələbinə dair Mediasiya Təşkilatına gəlməkdən imtina etmişdir. Bu səbəbdən də o, qərara gəlmişdir ki, aliment miqdarını artırsın. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, 10 ildən çox müddətdir ki, Pərviz adlı uşağı təkbaşına böyüdür. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə aliment tələbi ilə bağlı müraciət etdikdən sonra cavabdeh uşağının saxlanılması üçün aliment ödəməyə başlamışdır. Özü 400 manat əmək haqqı alır. Lakin, uşaq 9-cu sinifdə oxumaqla, universitetə hazırlaşır və məşğələlərə gedir. 2024-cü il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumuna münasibətdə məhkəmənin sözügedən qətnaməsi ilə təyin edilmiş 130 manat aliment məbləği çox aşağıdır. Aliment məbləğinin artırılmasına zərurət vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, hal-hazırda başqa qadınla qeyri-rəsmi nikaha daxil olmuş və həmin faktiki ailə münasibətlərindən bir qızı vardır. "X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətində armaturçubetonçu işləməklə 550 manat əmək haqqı alır. Həmçinin, müharibə veteranı olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə 80 manat pensiya alır. Başqa yerdən gəliri yoxdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi ilə müəyyən edilmiş aliment məbləğinin 40 manat artırılmasına razıdır. Çünki, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməsi mümkün deyildir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş edir. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİ seriyalı, 460175 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 26 may 2010-cu il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. AZ-İ seriyalı, 150337 nömrəli, Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 16 iyul 2010-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş Cavabdeh 26 may 2010-cu ildə vətəndaş İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 16 iyul 2010-cu il tarixdə 247 nömrə ilə qeyd edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2817/2020 nömrəli, 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 26 may 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləği ilə aliment tutularaq, İddiaçı ödənilməsi, alimentin tutulmasının başlanğıcı 17 avqust 2020-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi və Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞS/1/2024-00408 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 23 oktyabr 2024-cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, İddiaçı ona qarşı “aliment artırılması” tələbinə dair verdiyi iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən etiraz edir. Belə ki, İddiaçı hazırkı iddia ərizəsində qeyd edir ki, “o, uşağın saxlanılmasında çətinlik çəkir və başqa yerdən də gəliri yoxdur. 130 manat uşağın təhsilini və hazırlıq kurslarına getdiyi xərclərini ödəmir. Cavabdehin isə maddi vəziyyəti yaxşıdır, o, hər ay 2000 manatdan artıq gəliri olur. Cavabdeh hal-hazırda şirkətdə çalışır və qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması təyin edilmiş 130 manat alimentin məbləğini artıraraq ondan hər ay sabit pul məbləğində 300 manat aliment və həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.” İddiaçı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə münasibətdə bildirir ki, İddiaçı onun maddi imkanı yaxşı olması və hər ay 2000 manatdan artıq gəliri barədə məhkəməyə yalan məlumat vermişdir. Belə ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, yataqxana 1-də qeydiyyatda olub, həmin ünvanda yaşaaraq Bakı şəhərində “X4“ "xxxx" Açıq Səhmdar Cəmiyyətində 5-ci dərəcəli armaturçu vəzifəsində işləməklə aylıq əmək haqqı hər ayda 550 manatdır və həmin əmək haqqının 130 manatı alimentə tutululur. Bundan başqa o, 1992-ci ilin aprel ayında Daşkəsən rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Gədəbəy rayonunda, Ağdam rayonunda və Kəlbəcər rayonu ərazisində torpaqlarımızdan erməni silahlılarının təmizlənməsində onlara qarşı vuruşan zaman Kəlbəcər rayonunda 1994-cü ilin fevral ayının 05-dən ermənilər tərəfindən minamyotdan atılan mərmi qəlpələrindən hər iki ayağından yaralanmış və hərbi hospitalda yaralı çox olduğundan o, Samux rayon Mərkəz xəstəxanasında 3-4 ay müalicə almışdır. Onu da qeyd etmək istəyir ki, 1994-cü ilin yanvar ayının 22-də döyüş zamanı, 4 nəfər erməni zabitini əsir götürmüşdür. Azərbaycan Respublikasının Müharibə Veteranıdır. Ayda 80 manat prezident təqaüdü alır. Həmin təqaüdünü kommunal xərclərə ödəyir. Bundan başqa İddiaçı “aliment artırılması” tələbinə dair iddia ərizəsində qeyd etdiyi, uşağın saxlanılmasında çətinlik çəkir və başqa yerdən də gəliri yoxdur. 130 manat uşağın təhsilini və hazırlıq kurslarına getdiyi xərclərini ödəmir barədə də məhkəməyə yalan məlumat vermişdir. Belə ki, İddiaçı özü Gəncə avia-təmir zavodunda işləməklə əmək haqqı alır. Bundan başqa o, İddiaçı ilə faktiki evlənib ailə qurarkən belə tez ayrılacağını düşünməmişdir. Lakin, İddiaçı özü ailəsini dağıtmışdır. Bu günə kimi, övladını qəsdən ona göstərməmişdir. 14 ildir ki, onu bir ata kimi valideynlik hüququndan məhrum etmişdir. 14 ildir ki, o, İddiaçı ayrı yaşayır, heç ailə münasibətləri yoxdur. O, isə artıq başqa qadınla qeyri-rəsmi nikah daxil olub ailə qurmuşdur. Faktiki birgə nikahlarından 05 mart 1998-ci il təvəllüdlü N.A. Mustafayeva adlı bir qızları anadan olmuşdur. Hazırda ailəsi ilə birgə yaşayır. Onun aldığı əmək haqqında qalan 420 manat, əmək haqqını isə ailəsinə və özünün hər iki ayağında olan qəlpə yaralarının müalicəsinə xərcləyir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı “alimentin artırılması” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sosial arayışdan görünür ki, Cavabdeh “X2” "xxxx" Açıq Səhmdar Cəmiyyətində 5ci dərəcəli armaturçu vəzifəsində çalışmaqla, 550 manat əmək haqqı alır. AZ-İ seriyalı, 449659 nömrəli, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh xx.xx.2020-ci ildə vətəndaş X1 doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 29 dekabr 2022-ci il tarixdə 619 nömrə ilə qeyd edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2817/2020 nömrəli, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə, iddia tələbi qismən edilmiş, 26 may 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləği ilə aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 130 (bir yüz otuz) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “aliment miqdarının artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi ilə müəyyən edilmiş aliment məbləğinin 40 manat artırılmasına razı olduğunu bildirərək, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 4 ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasındakı mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, həmçinin cavabdehin məhkəməyə ünvanlandığı etirazın dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin yenidən ailə həyatı qurması, həmin faktiki ailə münasibətlərindən 1 uşağının olması hazırkı iş üzrə iddiaçıdan olan uşağının saxlanılması üçün üzərinə düşən vəzifələrdən azad edə bilməz və o, valideyn olaraq uşağının saxlanılmasında, artan tələbatlarının qarşılanmasında iştirak etmək öhdəliyini daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin yenidən ailə qurması və yeni ailəni planlamaqla uşağının dünyaya gəlməsinə qərar verməsinə görə sosial məsuliyyəti o daşımaqla bunlara görə gələcəkdə düşəcəyi hər cür maddi çətinlik qarşısında məsuliyyət daşıdığını da əvvəlcədən görməli və bilməli idi. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2817/2020 nömrəli, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı və Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2817/2020 nömrəli, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6325/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6325/2024
11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver