Məhkəmə qərarları › İş №2(125)-6361/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6361/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6361/2025 27.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun əvəzinə banka ödənilmiş və pensiyasından tutulmuş kredit məbləğinin (indiyə qədər 2000 manatını) tutulub ona ödənilməsinə dair, 7400 manat pulun ödənilməsinə dair qətnamə çıxarılmasını, gələcəkdə kredit üzrə tutulacaq bütün ödənişlərin də cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsini, 114 manat dövlət rüsumunun və 50 manat iddia ərizəsinin yazılması üçün verdiyi pulun, cəmi 164 manat pulun cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma qızıdır. Ona maddi vəziyyətinin pis olduğunu, borcun içində batdığını, Bətula adlı sələm verəndən pul aldığını, sələm verənin pulunu istədiyini, ona yalvararaq çox pis vəziyyətdə olduğunu deyib, ondan müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pullar almışdır. xx.xx.2024-cü il tarixdə öz adına "xxxx" ASC-nin Gəncə filialından 48 ay müddətinə, 6400 manat məbləğində kredit və 300 manatlıq da tam kart debet kartı götürüb, həmin pulu Cavabdeh vermişdir. Həmin kredit vəsaiti tam olaraq cavabdeh tərəfindən istifadə edilmişdir. xx.xx.2025-ci il tarixədək "xxxx" ASC-nin Gəncə filialına 4870 manat pul ödənilmişdir. Həmin pulun bu günkü günə qədər 2000 manatı onun pensiyasından tutulmuşdur. Həmin kreditin qalanı isə Cavabdeh tərəfindən ödənilmişdir. Lakin bu gün isə Cavabdeh "İndi də mən ödəmirəm, ödəməyəcəm də." kimi ifadələr demişdir. Qalan 9998 manat ödənilməldir ki, kredit bağlansın qalan borcu isə Elnarə ödəmir və ödəməyəcəyini bildirmişdir. (Hazırda 4780 manat banka olan borc qalmışdır.) "xxxx" ASC-nin Gəncə filialının görüntülərinə baxılsa məlum olar ki, Elnarə onunla birlikdə bankda olmuş, hətta bankda kassadan pulu özü götürmüşdür. Bir neçə ay ödəsə də, sonradan puldan ödəniş edilməmişdir. Artıq 10 aydır ki, ayda 200 manat olmaqla kredit borcu onun pensiyasından tutulur. Hələ də məcbur olub qızı ödəmədiyi üçün özü ödəyir. Hazırda heç bir yerdə işləmədiyindən, yalnız aldığı pensiya ilə dolanır, "xxxx" ASC tərəfindən hər ay pensiyasından kredit ödənişləri tutulur və bu səbəbdən maddi vəziyyəti ağırlaşmışdır. Dəfələrlə cavabdehdən bu məbləği ödəməsini tələb etməsinə baxmayaraq, o, heç bir tədbir görməmiş və borcunu qaytarmaqdan imtina etmişdir. Hər dəfə borcun qaytarılmasını tələb etdikdə, cavabdeh onu nalayiq ifadələrlə təhqir etmiş, şərəf və ləyaqətini alçaltmış, həmçinin ailə üzvləri, atası və anası barəsində də təhqiramiz ifadələr işlətmişdir. Bundan əlavə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə və Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət etmişdir. Ərizəsi əsasında izahatı alınmış, lakin məsələnin mülki hüquq münasibətindən irəli gəldiyi bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmçinin qızı Elnarə onun və arvadı Şəhlanın ürəyi yumşaqlığından istifadə edərək, 1500 manatı 2023-cü ilin sentyabr ayında, 2000 manatı isə 2024-cü ilin mart ayında oğlunun hadisə törətdiyini və təcili pula ehtiyacı olduğunu deyərək onlardan almışdır. O da arvadı Şəhlaya "Hardan pul tapa bilərik, çox pis vəziyyətdir, qızımıza kömək edək.” demişdir. Axırda məcbur qalıb özlərinin kəfən pulu üçün Elnarəyə 2000 manat vermişdir. Sonradan 2024-cü ilin yanvar ayında gəlib ağlayaraq onu aldadıb 2000 manat, sonra isə 2024-cü ilin fevral ayında ər-arvad münasibətində olduğu şəxsin tutulduğunu, onu qurtarmaq üçün təcili 2000 manat lazım olduğunu deyərək, onu aldatmış və həmin məbləği də alıb getmişdir. Ona dəfələrlə "Narahat olma, maşın satılsın, hamısını qaytaracağam." demiş, hətta arvadı Şəhlaya da bunu söyləmişdir. Onun səs yazıları və danışıq qeydləri “WhatsApp” proqramında saxlanılır. Lakin bütün bunlara baxmayaraq, pulları qaytarmamışdır. 2024-cü ilin mart ayında da müxtəlif vaxtlarda 300 manat, 200 manat və 350 manat olmaqla pul almış, lakin onları da qaytarmamışdır. “102” xidmətinə müraciət etdikdə isə həm onun, həm də cavabdehin izahatı alınmış, cavabdeh heç bir borcu olmadığını bildirmişdir. Lakin telefonunda danışıq və səs yazıları mövcuddur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, bankdan kredit götürərək qızı, hazırki iş üzrə Cavabdeh vermiş, qızı isə həmin kredit borcunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin ödəmədiyi üçün onun pensiya kartından tutulmuşdur. Pensiya kartından tutulan pulun ona ödənilməsini tələb edir. Cavabdeh keçən məhkəmə iclasında ödəyəcəyini desə də, dekabr ayının ödənişi də onun kartından tutulmuşdur. İddia ərizəsində tələb etdiyi qalan pulları isə qızı pul istədiyi üçün camaatdan, qonşulardan alıb yoldaşına vermiş, yoldaşı da Elnarəyə vermişdir. Cəmi nə qədər pul verdiyini bilmir, yoldaşı daha dəqiq yadında saxlamışdır. Həmin pulları qızı ona qaytarmalıdır ki, o da camaatın pulunu versin. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul edərək izahatında göstərdi ki, cavabdeh 11 ay boyunca iddiaçının pensiya kartından tutulan 2288 manat puldan əlavə, dekabr ayı üçün də tutulan 208 manat pulu iddiaçıya qaytarmağa razıdır. Banka olan qalan borcunu isə qrafik üzrə ayba-ay ödəyəcəkdir. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, atasının adına 6400 manat kredit borcu götürmüş, faizi ilə birlikdə 9998 manat banka ödəməli olmuşdur. 2870 manat borcunu ödəmişdir. 11 ay işləmədiyi üçün ödəyə bilməmiş, atasının pensiya kartından 11 ay boyunca ayda 208 manat olmaqla, cəmi 2300 manat pul tutulmuşdur. Həmin pulu atasına ödəməyə, banka qalan borcunu isə qrafik üzrə ödəməyə heç bir etirazı yoxdur. Atasına da demişdir ki, möhlət versin, ödəyəcəkdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********87 nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 48 ay müddətinə, illik 23,9% dərəcəsi ilə qrafik üzrə hər ay 208,3 manat, sonuncu ayda isə 208,8 manat ödəmək şərti ilə 6400 manat kredit verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı "xxxx" ASC-dən 6400 manat kredit götürərək cavabdehə borc vermişdir. Həmin müqavilə üzrə borcun cavabdeh tərəfindən banka ödənilməsi barədə öz aralarında şifahi razılaşma olmuşdur. Cavabdeh kredit borcundan müəyyən məbləğdə ödəniş etdikdən sonra davamlı olaraq ödənişləri etmədiyi üçün 12 ay müddətində iddiaçının pensiya kartından tutulmuşdur. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, 12 ay müddətində iddiaçının pensiya kartından tutulan pulu iddiaçıya ödəməyə razı olduğunu, qalan borcunu isə qrafik üzrə hər ay banka ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-in 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, iddiaçının cavabdehə verdiyi 6400 manat borcun cavabdeh tərəfindən ödənilməsi barədə öz aralarında razılaşma olsa da, həmin razılaşma etibarsız olmuşdur. Belə ki, qeyd olunan qanunvericilikdən görünür ki, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında 6400 manat borc pulun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında şifahi razılaşma üzrə iddiaçı tərəfindən bankdan 6400 manat kredit məbləği götürülərək cavabdehə verilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Cavabdeh bu halda hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. İddiaçı məhkəmədə iddia qaldırıldıqdan sonra da pensiyasından 2 ay tutulduğunu göstərərək, cəmi 2496 manatın ona ödənilməsini tələb etmiş, cavabdehin nümayəndəsi də iddiaçının pensiyaından ümumilikdə 2496 manat tutulduğunu və həmin məbləği ödəməyə razı olduqlarını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinin 7400 manat pulun ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləğin ödənilməsinin nədə ifadə olunması barədə aydınlıq gətirməmiş və hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2499,6 manat pul, hüquqi yardıma görə 50 manat alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 45 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 2499,6 (iki min dörd yüz doxsan doqquz manat 60 qəpik) manat, hüquqi yardıma görə 50 manat və 45 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar