Məhkəmə qərarları › İş №2(125)-6380/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6380/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6380/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı X1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan 130 manat alimentin məbləğinin artırılaraq 250 manat məbləğində müəyyən edilməsi və mediasiyaya ödənilmiş 50 manat pulun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Zeynəb adlı uşaqları anadan olmuşdur. Cavabdehlə boşanan zaman uşaqları onun, himayəsində saxlanılmışdır. 245 manat maaş alır, atası isə qazidir. Onun pensiyası ilə dolanırlar. Uşağın təhsil, geyim, gimnastika və s. xərclərinin hamısını babası qarşılayır. 2020-ci ildən etibarən cavabdeh uşağın saxlanılması üçün 130 manat məbləğində aliment ödəyir. Ancaq hazırda həmin məbləğlə uşağı saxlamaq mümkün deyildir. Uşaq böyüdükcə, tələbatları artır ki, bunların da hamısı əlavə xərc tələb edir. Cavabdeh hazırda Rusiyada yaşayır. Yüz minlik maşın sürür, hüquqşünasdır, gəliri yaxşıdır. Aliment borcu yoxdur, əmlaklarına həbs qoyulmasından ehtiyat etdiyinə görə vaxtlı-vaxtında alimenti ödəyir. Bakıda evləri vardır, anası 580 manat pensiya alır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdehin anası xəstədir, həmçinin aliment borcu da vardır. Artırılacağı təqdirdə ödəyə bilməyəcəkdir. Əlavə gəliri yoxdur, gəlirlərində heç bir artım olmamışdır. Bu barədə iddiaçı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Uşağın saxlanılmasında hər iki valideyn də məsuliyyət daşımalıdır. İddiaçının dediklərinə əsasən əgər cavabdehin maddi imkanı yaxşı olsa idi, Rusiyada hambal kimi işləmək məcburiyyətində olmazdı. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ 408304 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Zeynəb adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3850/2019 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.3015-ci il tarixli, 2(044)-514/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/1-/MT007/2023-0782 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 14:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı X4 ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3850/2019 nömrəli qətnaməsinə əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.3015-ci il tarixli, 2(044)-514/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Təyin olunmuş 130 manat məbləğində aliment uşağın saxlanılması üçün yetərli olmadığından iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 3850/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməklə, Cavabdeh alınaraq X1 xeyrinə ödənilməlidir. Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etmişdir. «X5» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi ) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq, cavabdehdən tutulan alimentin məbləğinin qismən artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş mediasiya xərci olan 50 manat Cavabdeh alınaraq X1 xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 3850/2019 nömrəli qətnaməsi əsasında tutulan 130 manat alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq X3 verilsin. İş üzrə ödənilmiş mediasiya xidmətinin dəyəri 50 manat Cavabdeh alınaraq X1 xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar