Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-641/2023 19.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana illik 28 faiz dərəcəsiylə 24 ay müddətinə 10100 ABŞ dolları kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə aralarında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 həmin kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. "xxxx" ASC ilə bağlanmış eyni tarixli və saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 ona məxsus **-BB-*** dövlət eydiyyat nişanlı, 2000-ci il buraxılışlı, «Mercedes Benz 320» minik markalı avtomobil ipoteka ilə yüklü etmişdir. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 4726.31 ABŞ Dolları əsas, 8545.65 ABŞ dolları faiz borcu, 8345.70 ABŞ Dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 2271.45 ABŞ Dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 23889.11 ABŞ Dolları borcun və 211.83 manat ödənilmiş dövlət rüsumunun tutulması; Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan məbləğ, yəni cəmi 23889.11 ABŞ Dolları borcun və 211.83 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh3 mülkiyyətindəki **-BB-*** dövlət qeydiyyat nişanlı, 2000-ci il buraxılışlı, açıq yaşıl rəngli «Mercedes Benz - VİTO” minik markalı (ban: VSA**********4302) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi; İpoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, kredit borcu tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini borcalana vermişdir. Borcalan isə müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Lakin, iş materiallarına əlavə edilən cavabdeh tərəfdən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilir ki, İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə hesab edir ki, tərəflər arasında 24 ay müddətinə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixində bitmiş, iddiaçı həmin tarixdən 8 ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən, kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2019-cu ildə edilmiş olsa da, xx.xx.2015-ci il tarixində başlayan 3 illik iddia müddəti xx.xx.2018-ci il tarixində başa çatdığı üçün bu hal iddia müddətinin axımının kəsilməsi və yenidən başlanması üçün əsas hesab edilə bilməz. Bu baxımdan cavabdehlərin ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-641/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-641/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver