Məhkəmə qərarları › İş №2(125)-6418/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6418/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6418/2023 19.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 300 manat borcun, 200 manat ziyanın, cəmi 500 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyun ayında Göygöl şəhəri “Əminə” marketin qarşısında idarə etdiyi **-BA-*** dövlət qetdiyyat nömrəli QAZ 31-10 markalı avtomaşın Cavabdeh idarə etdiyi **-DB-*** dövlət qeydiyyat nömrəli Mersedes Sprinter markalı avtomaşınla toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə DYPnin əməkdaşları gəldikdən sonra hadisə ilə bağlı araşdırma apararkən hadisənin törədilməsində mənin günahkar olduğum müəyyən olundu. Hadisə ilə bağlı sığorta şirkəti dəvət olundu və cavabdehin idarə etdiyi **-DB-*** dövlət qeydiyyat nömrəli Mersedes Sprinter markalı avtomaşına dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödəniləcəyi bildirilmişdir. Bundan sonra cavabdeh ona dedi ki sığorta şirkəti tərəfindən ödənişin olunması bir ay çəkəcək, ona 500 manat borc pul verməsini sığortadan pulu aldıqdan sonra qaytaracağını bildirmişdir. O, 500 manat olmadığına görə cavabdehə 300 manat borc vermişdir. Cavabdeh sığorta şirkətindən pul alıb avtomaşınını düzəltdirməsinə baxmayaraq ondan borc aldığı 300 manat pulu könüllü olaraq qaytarmır. Onun hesablamasına görə cavabdeh 300 manat borcdan əlavə ona 200 manat məbləğində ziyan vurmuşdur. Dəfələrlə pulunu almaq üçün maşın tutub cavabdehin evinə getmiş, hadisə zamanı avtomobillərin daşınması üçün evakuator çağırmış və bütün xərcləri o, ödəmişdir. Əlavə olaraq cavabdehdən pulu tələb edərkən ona dəfələrlə ödənişli zənglər etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək bildirdi ki, yolnəqliyyat hadisəsindən sonra təmir xərcləri üçün iddiaçıdan 500 manat pulu qaytarmaq şərtiylə istəmiş, iddiaçı isə ona 300 manat vermişdir. Daha sonra avtomobilin təmir xərcinin 2000 manatdan çox olmasına baxmayaraq, ona 1390 manat sığorta ödənişi edilmişdir. Beləliklə, sığorta ödənişi təmir xərcini tam ödəmədiyindən yol-nəqliyyat hadisəsində təqsirli olan iddiaçıdan aldığı 300 manat pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə yazılı ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehi dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixdə Göygöl rayon Polis şöbəsinə verdiyi izahatdan görünür ki, 1 ay bundan əvvəl Göygöl rayonunda “Əminə” marketin qarşısında **-BA-*** dövlət qeydiyyat nişanlı, “Qaz-31-10” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edərək onun idarə etdiyi “Mercedes Sprinter" markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerinə DYP xidməti əməkdaşlarını çağırmışlar və hadisə ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı QAZ 31-10 markalı nəqliyyat vasitəsinin sürücüsünün günahkar olduğu sübut olunmuşdur. Hadisə ilə bağlı aidiyyatı üzrə sığorta şirkətinə məlumat verilmiş və ona dəymiş ziyanı sığortanın ödəyəcəyi izah olunmuşdur. O, QAZ 31-10 markalı maşının sahibinə bildirmişdir ki, sığorta ödənişi 1 ay çəkəcək. Əgər mümkündürsə ona maşını düzəltdirmək üçün əl borcu 500 manat versin və sığortadan pulu aldıqdan sonra qaytaracaq. Lakin qarşı tərəf ona 300 manat pul vermişdir. Sonra o, sığorta şirkətindən 1490 manat pul almışdır. Lakin avotmobilin xərci 2150 manatı keçmiş və o, həmin pulu QAZ 31-10 markalı avtomobilin sahibinə qaytarmamış, izah etmişdir ki, xərci çox çıxdığından ona pul verməyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740). Hazırkı iş üzrə iddiaçı qaytarılması şərtiylə cavabdehin mülkiyyətinə verdiyi 300 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının həmin tələbi cavabdehin polis şöbəsində və məhkəmə iclas zalında verdiyi yazılı izahatları ilə təsdiq olunur. Cavabdeh həmin pul məbləğinin tam və ya qismən iddiaçıya qaytarılmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehdən 300 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı vurulmuş ziyanın əvəzi qismində 200 manat pulun tutulmasını xahiş etsə də, belə ziyanın vurulmasını, həmin ziyanın vurulmasında cavabdehin təqsirli olmasını, ziyanla cavabdehin əməli arasında səbəbli əlaqəni təsdiq edən hər hansı sübut təqdim etməmişdir, buna görə iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10961 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar