Məhkəmə qərarları › İş №2(125)-6426/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6426/2023

17.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6426/2023 17.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentinin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə ümumi övladları olan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün qət edilmiş alimentin miqdarını artıraraq hər ay sabit pul məbləğində hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat müəyyən edilməsi və mediasiya üçün çəkdiyi xərcin əvəzi olaraq 50 manatın cavabdehdən tutularaq ona verilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, cavabdehlə o, 2005-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X10 adlı üç övladları vardır. Lakin, nikahları 2011-ci ildə pozulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-482/2022 saylı qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X2 üçün onun xeyrinə tutulan alimentin miqdarı hər uşaq üçün 130 manat müəyyən edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4957/2023 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X3 üçün ondan cavabdehin xeyrinə 130 manat alimentin tutulması qət edilmişdir. Övladları Aysel və Lalənin saxlanılmaları üçün alimentin qət edilməsindən 1 il keçmişdir. Şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, həm uşaqlar böyümüş və ehtiyacları çoxalmış, həm də bir ay əvvəl cavabdehin xeyrinə ondan 130 manat aliment tutulması qət edilmiş və ondan aliment tutulur. Beləliklə də maddi vəziyyətində dəyişiklik olmuşdur. O, kirayədə qalır, 2 qız uşağı onun himayəsindədir. Cavabdeh isə birgə nikah dövründə əldə etdikləri mülkü də ələ keçirmiş və onların payını verməmişdir. İndi faktiki olaraq aldığı alimentdən hər uşağın saxlanması üçün 65 manat qalır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından 3 uşaqları doğulmuşdur. Həmin uşaqlardan Lalə və Aysel onun himayəsində olmaqla, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 482/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat aliment müəyyən edilmişdir. Digər Nicat adlı uşaq isə Cavabdeh himayəsində olmaqla, həmin uşağın saxlanılması üçün Gəncə Şəhər Məhkəməsinin 2(125)-4957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan 130 manat alimentin tutulması qət edilmişdir. Himayəsində olan uşaqlar böyüdüyü, tələbatları artdığı üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği himayəsində olan uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdeh ustalıqla məşğul olmaqla kifayət qədər gəliri var. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, maddi imkanı yaxşı deyildir, heç bir yerdə işləmir, yalnız fəhləlik edir, işi olandan-olana işləyir və aylıq 300-350 manat məbləğində pul qazanır. Eyni zamanda İddiaçı ilə birgə nikahlarından anadan olan 3 uşaqdan biri – Nicat adlı uşaq onun himayəsindədir və ona baxır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini güclə ödəyir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İV seriyalı, 724109 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11 fevral 2006-cı il tarixində doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. AZ-İ seriyalı, 922667 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29 aprel 2007-ci il tarixində doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-482/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli, 2(043)-645/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılması və xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2775/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-482/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. 06 sentyabr 2023-cü il tarixli, MŞG/1-02819 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh 06 sentyabr 2023-cü il tarixində, 14:30-saatlarında “alimentin artırılması” mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X17 Mərkəzi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli, 3- 17-7/2-41674/2023 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 30 yanvar 2019-cu il tarixindən "xxxx" MMC-də Gəncə şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir. İddiaçı aylıq əməkhaqqısı 345 (üç yüz qırx beş) manatdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 haqqında arayışın surətindən görünür ki, Cavabdeh işsiz kimi qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə Şəhər Məhkəməsinin 2(125)- 482/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli, 2(043)-645/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılması və xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin qətnamə qəbul olunandan bəri 1 ildən çox vaxt keçmiş, uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, tərəflər arasında razılıq əldə olunmadığından iddiaçı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışında iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2008ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, hazırda Cavabdeh tərəfindən ödənilən hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat aliment xx.xx.2022ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 1 ildən artıq müddət keçmiş, uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərcləri bir qədər də artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeləri, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirlərini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alınaraq, onların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən hər uşaq üçün tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna yaxın məbləğdə, yəni hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edilən qənaətə gələrkən tərəflərin birgə nikahından doğulmuş Nicat adlı uşağa hazırda cavabdehin baxmasını, eyni zamanda iddiaçının cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim etməməsi halını da nəzərə almışdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən, iddia qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-482/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Aysel və Lalə adlı uşaqlara münasibətdə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılmalı və xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdeh mediasiya sessiyasında iştirak etməsinə baxmayaraq, mediasiya xərcini ödəmədiyindən Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 60 (altmış) manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 720 manat təşkil etdiyindən, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-482/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar