Məhkəmə qərarları › İş №2(125)-6442/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6442/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6442/2024 23.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli, 3546- 2024 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.857 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddianın azaldılmasına dair ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli, 3546-2024 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.557 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 3546-2024 müqaviləyə əsasən alqı-satqı qiyməti 2.857 manat olan 1 ədəd «İphone 11 Pro midnight 64 GB» markalı mobil telefonu nisyə almışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq faizsiz olaraq hissələrlə 14 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh müqavilə yeniləndiyi üçün ilkin olaraq 200 manat, daha sonra isə 300 manat ödəniş etmişdir. Hazırki tarixə cavabdehin borcu 2.557 manat təşkil edir. Cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı tam həcmdə etiraf etdiyini, etirafın hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək iddianın təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, 3546-2024 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 14 ay ərzində hissə-hissə ödəmək şərtilə «İphone 11 Pro midnight 64 GB» markalı mobil telefonu 2.857 manat məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3546-2024 nömrəli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh borcu əsas borc qismində 2.857 manat təşkil edir. İşdə olan Cavabdeh "xxxx" MMC-yə borcu barədə xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdehnın hazırda iddiaçıya olan borcu xx.xx.2024-cü il tarixli, 3546-2024 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2.587 manat təşkil edir. İş materiallarında xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur. Buna görə də Cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2024-cü il tarixli, 3546-2024 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.557 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 45 manat 57 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 04 aprel 2024-cü il tarixli, 3546-2024 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.557 (iki min beş yüz əlli yeddi) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 45 (qırx beş) manat 57 (əlli yeddi) qəpik, cəmi 2.602 (iki min altı yüz iki) manat 57 (əlli yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar