Məhkəmə qərarları › İş №2(125)-646/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-646/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-646/2023 06.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 1239,82 ABŞ dolları əsas, 2218,88 ABŞ dolları faiz, 2838,18 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 716,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7013,18 ABŞ dolları borcun və 125,26 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 və Cavabdeh3 tutulmalı olan məbləğ, yəni cəmi 7013,8 ABŞ dolları borcun və 125,26 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki **-DB-*** dövlət qeydiyyat nişanlı, 1998-ci il buraxılışlı, açıq boz metallik rəngli «Opel-Sintra-2.2 minik» markalı (ban: 4GDDU03A6VD285226) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, 17 yanvar 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC) Gəncə filialından illik 28 %-lə 24 ay müddətinə 4650 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq 17 yanvar 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 kredit müqaviləsi üzrə borcun qaytarılmasına dair məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki 20DB340 dövlət qeydiyyat nişanlı, 1998-ci il buraxılışlı, açıq boz metallik rəngli Opel-Sintra-2.2 minik markalı avtomobil 16 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilərək, yüklülük dövlət qeydiyyatına alınmışdır. xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 9.2-ci bəndinə görə, borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 180%-i miqdarında banka dəbbə pulu ödəməlidir. 2022-ci il oktyabr ayının 07-dək Cavabdeh1 17 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 1239,82 ABŞ dolları əsas, 2218,88 ABŞ dolları faiz, 11352,73 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2015-ci ildən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 716,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 15427,73 ABŞ dolları borcu vardır. Cavabdeh1 17 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cəmi borcu 11352,73 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 2838,18 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) tərəfindən Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 4650 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 nömrəli kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 krediti hissə-hissə ödəmək şərti ilə xx.xx.2015ci ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 özünə məxsus olan açıq boz metallik rəngli Opelmarkalı Sintra-2.2 modelli minik ban: 4GDDU03A6VD285226 nömrəli avtomobili "xxxx" İKB ASC-yə (hazırkı Yelo Bank ASC) girov qoymuşdur. xx.xx.2012-ci il tarixli AA seriyalı 038124 nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 20DB340 dövlət qeydiyyat nişanlı, Opel-Sintra markalı avtomobil xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Borcun ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildiriş verilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, bildiriş BDYPİ-də xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixli, AB 751708 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 20DB340 qeydiyyat nömrə nişanlı, Opel-Sintra- 2.2 minik markalı avtomobil Cavabdeh2 məxsusdur. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) 4650 ABŞ dolları məbləğində pulu qəbul etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı kredit müqaviləsi üzrə 1239,82 ABŞ dolları əsas, 2118,88 ABŞ dolları faiz, 11352,73 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2015-ci ildən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 716,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 15427,73 ABŞ dolları borcu qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2214 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə olan borcu 1202,67 ABŞ dolları əsas borc, 721,92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1924,59 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 4650 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh3 arasında xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanaraq Cavabdeh3 borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 özünə məxsus 20DB340 dövlət qeydiyyat nişanlı, Opel-Sintra markalı avtomobili banka girov qoymuşdur. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əldən çıxmış fayda formasında illik beş faiz hesabı ilə məbləğin də tutulmasını nəzərə alaraq əlavə olaraq yüksək məbləğdə dəbbə pulunun tətbiq edilməsinin cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2838,18 ABŞ dolları dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 38 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın Cavabdeh3 yönəlmiş hissəsini isə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının son müddəti xx.xx.2015-ci il tarix olmuşdur. Həmin tarixdən iddianın verildiyi vaxtadək bir ildən artıq müddət ötmüşdür. Zaminlik müqaviləsində zaminliyin verildiyi müddət göstərilməmişdir. Müqavilənin 5.1-ci bəndində zaminlik müqaviləsinin kredit müqaviləsi üzrə borclunun həmin müqavilə üzrə öhdəliyini kreditor qarşısında tam icra edənədək qüvvədə olması göstərilsə də bu müddəa qeyrimüəyyən olmaqla tərəflərin hüquq və vəzifələrini tənzimləməyə xidmət etmir. Müddətin anlayışı Mülki Məcəllənin 367-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən: 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə mülki hüquq münasibətlərində müddət əqdlə və ya məhkəmə tərəfindən müəyyən edilə bilər. Müddət konkret zaman vahidi ilə ifadə oluna bilər və ya hökmən baş verməli hadisəyə bağlana bilər. Müddətin müəyyən edilməsinin başqa meyarı yoxdur. Əsas öhdəliyin icra edilməsi hökmən baş verməli hadisə deyildir. Aydındır ki, obyektiv və ya subyektiv səbəblərdən öhdəlik borclu tərəfindən uzun müddət və ya heç vaxt icra olunmaya da bilər. Buna görə də zaminlik müqaviləsində zaminliyin müddətinin əsas öhdəliyin icra edildiyi tarixədək müəyyən edilməsi Mülki Məcəllənin 367-ci maddəsinin tələbinə zidd olduğu üçün etibarsızdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh3 qarşı öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən iddia irəli sürülmədiyi üçün onun zaminliyinə xitam verildiyindən iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 nömrəli kredit müqaviləsi üzrə 1202,67 ABŞ dolları əsas borc, 721,92 ABŞ dolları faiz borcu, 38 ABŞ dolları cərimə və 716,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 2678,89 (iki min altı yüz yetmiş səkkiz ABŞ dolları 89 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu tutulmalı, tələb xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus 20DB340 dövlət qeydiyyat nişanlı, Opel-Sintra-2.2 minik markalı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə olunun vəsait hesabına kredit borcu ödənilməlidir. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc cavabdehdən ümumi qaydada tutulmalıdır. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa cavabdehə qaytarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq məbləğində dövlət rüsumu Cavabdeh1, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı ASC-yə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 kredit müqaviləsi üzrə 1202,67 ABŞ dolları əsas borc, 721,92 ABŞ dolları faiz borcu, 38 ABŞ dolları cərimə və 716,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 2678,89 (iki min altı yüz yetmiş səkkiz ABŞ dolları 89 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 65,54 manat manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus 20DB340 qeydiyyat nömrə nişanlı, Opel-Sintra-2.2 minik markalı avtomobilə yönəldilsin və həmin avtomobil açıq hərracda satılaraq satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 nömrəli kredit müqaviləsi üzrə borcu ödənilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc cavabdehdən ümumi qaydada tutulsun. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa Cavabdeh2 qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı ASC-dən alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar