Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-647/2023 09.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 29 mart 2012-ci il tarixli, 10-M-1-0-569-12 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.173 ABŞ dolları 21 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.884 ABŞ dolları 26 sent, cərimə qismində 6.459 ABŞ dolları 04 sent, müqavilənin bitdiyi tarixdən – 30 sentyabr 2013-cü il tarixdən 07 oktyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.043 ABŞ dolları 60 sent, cəmi 15.560 ABŞ dolları 11 sent və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 136 manat 68 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan «Ford Transit yük» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi S.D.İsmayılov məhkəmədə iddia tələbini müdafiə edərək göstərdi ki, «X2 Bankı» açıq səhmdar cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 30% borc faizləri ödəməsi şərtilə, 18 ay müddətinə 10.700 ABŞ dolları məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 29 mart 2012-ci il tarixli, Cavabdeh3 ilə 29 mart 2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa, Cavabdeh1 kredit öhdəliyinin əlavə təminatı məqsədi ilə həmin tərəflər arasında 29 mart 2012-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 mülkiyyətində olan «Ford Transit yük» markalı, ** BS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 07 oktyabr 2022-ci il tarixədək Cavabdeh1 iddiaçı Banka 29 mart 2012-ci il tarixli, 10-M-1-0-569-12 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.173 ABŞ dolları 21 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.884 ABŞ dolları 26 sent, cərimə qismində 6.459 ABŞ dolları 04 sent, 30 sentyabr 2013cü il tarixdən 07 oktyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.043 ABŞ dolları 60 sent, cəmi 15.560 ABŞ dolları 11 sent olmaqla borcu vardır. Cavabdehlərə borcun ödənilməsinə dair bildiriş göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də İddiaçı açıq səhmdar cəmiyyəti hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda S.D.İsmayılov iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 mart 2012-ci il tarixli, 10-M-1-0-569-12 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 30% borc faizləri ödəməsi şərtilə, 18 ay müddətinə 10.700 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 29 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 2.173 ABŞ dolları 21 sent, 07 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.884 ABŞ dolları 26 sent, cərimə qismində 6.459 ABŞ dolları 04 sent, 30 sentyabr 2013-cü il tarixdən 07 oktyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.043 ABŞ dolları 60 sent, cəmi 15.560 ABŞ dolları 11 sent təşkil edir. İş materiallarında olan 30 mart 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətindən 29 mart 2012-ci il tarixdə 10.700 ABŞ dolları məbləğində pul vəsaitini almışdır. İşdə olan 29 mart 2012-ci il tarixli və 29 mart 2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Novruzov X4 Əli Füzuli oğlu ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zaminliyi öz öhdəsinə götürmüşdürlər. Mülki işdə olan 29 mart 2012-ci il tarixli ipoteka müqaviləsindən və AB seriyalı, 487067 saylı nəqliyyat vasitəsinin qeydiyyat şöhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 eyni tarixli, 10-M-1-0-569-12 saylı kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədi ilə cavabdehin mülkiyyətindəki, 2000-ci il buraxılışlı, şassi nömrəsi WFQLXXGBFLYC10771 olan, «Ford Transit yük» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 29 mart 2012-ci il tarixli, AA seriyalı, 019496 saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan «Ford Transit yük» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsinə dair müqavilə Tovuz X3 və X6 qeydiyyata alınmışdır. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 ünvanlanmış borcun ipoteka predmetinə yönəldilməsi barədə bildirişdən və həmin bildirişin göndərilməsi barədə poçt qəbzindən görünür ki, 29 mart 2012-ci il tarixli, 10-M-1-0-569-12 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh1 onun mülkiyyətindəki «Ford Transit yük» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomaşına tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə ünvanladığı, borcun ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması barədə ərizədən və həmin ərizənin üzərindəki qeyddən görünür ki, iddiaçı borcun ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması barədə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 6.459 ABŞ dolları 04 sent təşkil edən cərimə məbləğinin 5 ABŞ dolları məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 2.173 ABŞ dolları 21 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.884 ABŞ dolları 26 sent məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin İddiaçı açıq səhmdar cəmiyyəti zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 30 sentyabr 2013-cü il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə iddia rədd olunmalı, Cavabdeh1 29 mart 2012-ci il tarixli, 10-M- 1-0-569-12 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 2.173 ABŞ dolları 21 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.884 ABŞ dolları 26 sent, cərimə qismində 5 ABŞ dolları, 30 sentyabr 2013-cü il tarixdən 07 oktyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.043 ABŞ dolları 60 sent, cəmi 9.106 ABŞ dolları 07 sent pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində həmin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş avtomaşına yönəldilməli və həmin əmlak ixitsaslaşdırılmış açıq hərracdan satılmaqla, cavabdehin iddiaçıya olan borcu ödənilməlidir. İş materiallarında olan 29 mart 2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan «Ford Transit yük» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti tərəflərin razılığı ilə 2.700 manat məbləğində müəyyən edilmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə mübahisə tərəfləri ipoteka predmeti olan əmlakın ipoteka müqaviləsində göstərilmiş qiymətini mübahisələndirməmiş və bununla da həmin qiymətlə razı olduqlarını faktiki etiraf etmişlər. Buna görə də məhkəmə həmin əmlakın yenidən qiymətləndirilməsinə zərurət görmür və hesab edir ki, həmin ipoteka predmetinin ilkin satış qiyməti - «Ford Transit yük» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 2.500 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş avtomobilin satışından əldə edilmiş vəsait qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə Cavabdeh1 qanunvericiliklə nəzərdə tutulmuş qaydada icra edilməsi hissəsində İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası, hazırki iddia ilə əhatə olunduğuna görə və həmin hissədə qərar məhkəmə qətnaməsinin icrası qaydasında icra məmurları tərəfindən həyata keçirilməli olduğuna görə, qeyd edilən hissədə iddia üzrə əlavə qərar çıxarılmasına zərurət yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 136 manat 68 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 29 mart 2012-ci il tarixli, 10- M-1-0-569-12 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.173 (iki min yüz yetmiş üç) ABŞ dolları 21 (iyirmi bir) sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.884 (beş min səkkiz yüz səksən dörd) ABŞ dolları 26 (iyirmi altı) sent, cərimə qismində 5 (beş) ABŞ dolları, 30 sentyabr 2013-cü il tarixdən 07 oktyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.043 (bir min yüz qırx üç) ABŞ dolları, cəmi 9.106 (doqquz min yüz altı) ABŞ dolları 07 (yeddi) sent pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 136 (bir yüz otuz altı) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan, 2000-ci il buraxılışlı, şassi nömrəsi WFQLXXGBFLYC10771 olan «Ford Transit yük» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. «Ford Transit yük» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın. «Ford Transit yük» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 2.500 (iki min beş yüz) manat müəyyən edilsin. «Ford Transit yük» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə 29 mart 2012-ci il tarixli, 10-M-1-0-569-12 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.173 (iki min yüz yetmiş üç) ABŞ dolları 21 (iyirmi bir) sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.884 (beş min səkkiz yüz səksən dörd) ABŞ dolları 26 (iyirmi altı) sent, cərimə qismində 5 (beş) ABŞ dolları, 30 sentyabr 2013-cü il tarixdən 07 oktyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.043 (bir min yüz qırx üç) ABŞ dolları, cəmi 9.106 (doqquz min yüz altı) ABŞ dolları 07 (yeddi) sent pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 136 (bir yüz otuz altı) manat 68 (altmış səkkiz) qəpik məbləğində borcu ödənilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-647/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-647/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver