Məhkəmə qərarları › İş №2(125)-648/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-648/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-648/2023 04.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə banka 2704,73 AZN əsas, 6872,48 AZN cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 923,4 AZN əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 10500,61 AZN borcun və 121,5 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin (hazırki İddiaçı ASC) Gəncə filialından illik 30 faizlə 18 ay müddətinə 10000 AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq 10 noyabr 2011-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə borcun qaytarılmasına dair məsuliyyəti öz üzərinə götürmüşdür. 10 noyabr tarixli 2011-ci il kredit müqaviləsinin 9.2-ci bəndinə görə, borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1,0 faizi miqdarında Banka dəbbə pulu ödəməlidir. 2022-ci ilin oktyabr ayının 7-dək Cavabdeh1 10 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə banka 2704,73 AZN əsas, 27489,93 AZN cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2013-cü ildən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 923,4 AZN əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 31118,06 AZN borcu vardır. Cavabdeh1 10 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 27489,93 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışına üzrə ümumi cərimə məbləğinin 25 faiz miqdarında olmaqla, yəni 6872,48 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər kredit öhdəliyini lazımi qaydada icra etməmişlər. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası DİN-nin BPMQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Gəncə şəhəri, Heydər Əliyev prospektində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPMQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. 10 noyabr 2011-ci il tarixli, 10-M-1-0-849-11 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinindən illik 30 faizlə 18 ay müddətinə 10000 AZN məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2704,73 AZN əsas, 0 AZN faiz, 27489,93 AZN cərimə və illik 5 faizlə hesablanmaqla 923,4 əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 31118,06 AZN borcu vardır. 10 noyabr 2011-ci il tarixli, 10-M-1-0-849-11 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh2 arasında 10 noyabr 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabından 10000 AZN məbləği götürmüşdür. Xəbərdarlıqdan görünür ki, borclular Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Kreditin təminat olaraq 10 noyabr 2011-ci il tarixli, 10-M-1- 0-849-11 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən müqavilə üzrə yaranmış borcun tutulmasını tələb etmişdir. Lakin, iş materiallarına əlavə edilən Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o, iddia müddətinin keçməsinin nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2013-cü il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia ərizəsində isnad etdiyi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə başa çatmışdır. Lakin, maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2014-cü il tarixdə 5484,5 AZN ödəniş edilmişdir. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı xx.xx.2014-cü il tarixdən başlanmışdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2014-cü il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 121,5 (bir yüz iyirmi bir manat əlli qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə 2704,73 AZN əsas, 6872,48 AZN cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 923,4 AZN əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 10500,61 AZN və 121,5 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 121,5 (bir yüz iyirmi bir manat əlli qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar