Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6563/2023 30.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1450 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34,50 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 1900 manat dəyərində olan 585 əyarlı 13 qram “pələng” modelli komplekti və 2.24 qram zəncir modelli qızıl boyunbağını Cavabdeh satmışdır. Cavabdeh həmin qızılların dəyərini hissə-hissə ödəməyi üzərinə götürmüş və o, ilkin olaraq 350 manat pul ödəmiş, qalan məbləği isə xx.xx.2022-ci il tarixdən başlayaraq 10 ay müddətinə hər ay 155 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh xx.xx.2023-cü il tarixdə 1125 manat dəyərində olan 585 əyarlı 8,67 qram “tifani” modelli qızıl komplektin 275 manat ilkin ödənişini etmiş, qalan məbləği isə 10 ay müddətə ayda 85 manat ödəməyə üzərinə götürmüşdür. Cavabdeh ümumi dəyəri 3025 manat olan borcdan 1575 manat pulunu ödəmiş, lakin qalan 1450 manat pul ödəmələrini dayandırmışdır. İddiaçı həmin borcun qaytarılması üçün Cavabdeh dəfələrlə xəbərdarlıq etmiş, lakin Rüfət müxtəlif bəhanələr gətirərək qalan borcdan heç bir manat ödəməmiş və borcu ödəməkdən imtina etmişdir. Buna görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, cavabdeh 2 dəfə - 2022-ci ilin noyabr və 2023-cü ilin mart aylarında nisyə alqı-satqı müqaviləsi əsasında qızıl götürüb, problemi olduğundan 3 aya ödəyəcəyini bildirmişdir, razılaşdıqdan sonra cavabdeh iddiaçının telefon zənglərinə də cavab verməmişdir, 1-ci dəfə qızıl-zinət əşyalarının cavabdeh tərəfindən götürülməsinin əlyazması olsa da, 2-ci dəfə qızıl-zinət əşyalarını götürməsinin əlyazması yoxdur. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5 ay 155 manat, 6-cı ay isə cəmi 90 manat ödəniş etsə də, sonradan heç bir ödəniş etməmişdir. Birinci müqavilə üzrə cəmi 685 manat, ikinci müqavilə üzrə isə cəmi 765 manat borcu var. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdi ki, 1450 manat borcunun olmasından xəbəri yox idi, iddiaçı ilə 2022-ci ilin noyabr ayında və 2023-cü ilin mart ayında iki nisyə alqı-satqı müqaviləsi bağlayıb, qeyd edilən üç adda qızılları almışdır, hər ay 155 manat və 85 manat ödəməyə razılaşmışdır, müvafiq olaraq 350 manat və 275 manat ilkin ödəniş edibdir, bütün borcunu ödəmək istəsə də, imkanı olmadığından ödəyə bilməmişdir. Lakin tələb edilən miqdarda deyil, daha az borcu qalmışdır. Cavabdeh məhkəmənin sonuncu baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə tərəflər arasında “nisyə alğı-satqı müqaviləsi” adlanan xx.xx.2022-ci il tarixli sadə yazılı müqailənin və xx.xx.2023-cü il tarixli şifahi nisyə alqı-satqı müqaviləsinin bağlanması işin müəyyən edilmiş halıdır. Müqavilələrdə nisyə satılan əşya, onun dəyəri, ödənişin məbləği, müddəti, eləcə də son ödəmə tarixi açıq göstərilmişdir. Başqa sözlə, tərəflərin izahatlarından və iş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə sadə yazılı “nisyə alğı-satqı müqaviləsi” bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıya məxsus 585 əyarlı 13 qram “pələng” modelli komplekti və 2.24 qram zəncir modelli qızıl boyunbağını alaraq ilkin olaraq 350 manat pul ödəmiş, qalan məbləği isə xx.xx.2022-ci il tarixdən başlayaraq 10 ay müddətinə hər ay 155 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə şifahi “nisyə alğı-satqı müqaviləsi” bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıya məxsus 585 əyarlı 8,67 qram “tifani” modelli qızıl komplekti alaraq ilkin olaraq 275 manat pul ödəmiş, qalan məbləği isə 10 ay müddətinə hər ay 85 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (maddə 529.1). Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir (maddə 529.3). MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, əsli iddiaçıda qalan, cavabdeh tərəfindən imzalanmış tərəflər arasında bağlanmış sadə yazılı nisyə alğı-satqı müqaviləsinə, eləcə də tərəflərin izahatı ilə təsdiq olunmuş şifahi nisyə alqı-satqı müqaviləsinə görə cavabdehin yazılı müqavilə üzrə 685 manat, şifahi müqavilə üzrə isə 765 manat olmaqla, ümumilikdə borcu – 1450 manat təşkil edir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından şifahi nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçıdan sözügedən həm yazılı, həm də şifahi nisyə-alqı-satqı müqaviləsi üzrə üç adda qızıl-zinət əşyasını dəyərini hissə-hissə ödəmək şərti ilə nisyə aldığını bildirsə də borcunun ümumilikdə 1450 manat olmadığını, daha az qaldığını qeyd etmiş, lakin ona şərait yaradılsa da bu qeyd etdiklərini təsdiq edən, o cümlədən iddianı həmin hissədə aradan qaldıran hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələrlə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı hər iki müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 34,50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1450 (bir min dörd yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,50 (otuz dörd manat, əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-6563/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6563/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver