Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-657/2022 03.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı “borcun qaytarılması” tələbinə dair iddia qaldıraraq, X1 6425 manat məbləğində borcun və ödənilmiş 90 manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X4 bacısı Həqiqətin oğludur. 2019-cu ilin noyabr ayının axırlarında cavabdeh ona münasib qiymətə “Jiquli” markalı avtomaşın almaq istədiyini bildirmişdir. Cavabdeh ondan digər bacısı (yəni xalası) X2 pulun kimə götürülməsini bildirmədən bankdan pul götürüb ona verməyi xahiş etmişdir. Cavabdeh pulu tez bir zamanda qaytaracağı və hər ay banka olan borcunu vaxtında özü ödəyəcəyinə söz vermişdir. Cavabdeh həmin vaxt Gəncə şəhərində 6 saylı avtobusda sürücü işləmiş, işdən sonra isə taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Cavabdeh bacısının oğlu olduğundan ona inanaraq bu təklifi qəbul etmiş və bacısı Kəmalədən ona təcili pul lazım olduğunu, bankdan kredit götürüb ona verməyini və hər ay özü banka olan ödənişi vaxtı- vaxtında ödəyəcəyini bildirmişdir. Kəmalə də onun tək qadın olduğunu nəzərə alıb sözünü yerə salmayaraq təklifi ilə razılaşmışdır. xx.xx.2019-cu il tarixdə bacısı Kəmalə "xxxx" ASC-dən 6200 manat məbləğində kredit götürərək ona vermiş, sonuncunun ərinin bundan xəbəri olmamışdır. O da həmin pulu gətirib cavabdehə vermiş, lakin ona inandığından bu barədə heç bir yazılı sənəd almamışdır. Bundan sonra cavabdeh özünə avtomaşın almış, həmin ərəfədə cavabdeh onun özündən də 750(yeddi yüz əlli) manat borc pul almışdır. Cavabdeh indiyədək o puldan da qaytarmamışdır. İlk aylarda cavabdeh banka olan borcu vaxtı-vaxtında ödəmiş, sonradan pandemiya dövründə iş zəiflədiyindən cavabdeh pulu ödəyə bilməmişdir. Buna görə bank tərəfindən Kəmalənin kart hesabından pul tutulmuşdur. Bu səbəbdən də Kəmalənin evində narazılıq və mübahisə yaranmışdır. Ailəsinin dağılma mərhələsinə çatdığını və özünün əməliyyata ehtiyacı ilə bağlı pul lazım olduğundan məcbur olub Kəmaləyə düzünü danışmışdır. O, Kəmalənin kartından ödənilmiş 2028 manat məbləğində pulu ödəmək üçün yaxın rəfiqəsindən borc alıb Kəmaləyə vermişdir. Onun tələbi ilə cavabdeh yenə bir neçə ay banka ödəniş etmiş, bir müddət sonra ödənişi dayandırmışdır. Sonradan ona 2022-ci ilin yanvar ayı üçün də qrafiq üzrə ödəməli olduğu 188 manatın da ödənilmədiyi, Kəmalənin kartından bank tərəfindən tutulmalar olduğu məlum olmuşdur. Kəmalənin evində davadalaşın olmaması üçün o, məcbur olub yenidən rəfiqəsindən 3459 manat məbləğində borc pul götürmüş və Kəmalənin adına götürülmüş kredit borcunu ödəmişdir. Hazırda onun rəfiqəsinə 5487 manat borcum yaranmış və rəfiqəsi də öz pulunu istəyir. Cavabdeh hazırda Bakı şəhərində sürücülük edir, əmək haqqı barədə kartı da var, qazancı yaxşıdır. Lakin cavabdeh onun borcunu qaytarmır, zənglərinə belə cavab vermir. Ümumilikdə cavabdehin ona 6425 (altı min dörd yüz iyirmi beş) manat borcu var. Bunu təsdiq edən şahidləri də var. Məhkəmə prosesi zamanı gətirilməsini təmin edə bilər. Cavabdeh verdiyi sözə əməl etmədiyindən məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh X4 iddianı qəbul etdiyini bildirmiş və iddianın etirafı haqqında ərizə verərək cavabdehə 6425 manat məbləğində borcunun olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona borclu olduğu 6425 manat məbləğində borcun qaytarılmasını xahiş etmiş, cavabdeh isə iddianı qəbul edərək həmin məbləğdə borcunun olması ilə razılaşmışdır. Cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 6425 (altı min dörd yüz iyirmi beş) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 (doxsan) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-657/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-657/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver