Məhkəmə qərarları › İş №2(125)-6574/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6574/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6574/2025 03.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 (iki min yeddi yüz) manat borcun və dövlət rüsmu olaraq ödənilmiş 47( qırx yeddi) manat məbləğində vəsaitin tutulub ona- İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh mərhum atası X2 məxsus ünvan 1 ünvanında yerləşən 214 saylı mənzili 2025-ci ilin yanvar ayından aralarında şifahi razılıq əsasında ayı 900 manat ödəmək şərti ilə kirayə vermişdir. Cavabdeh ilk aylar vaxtlı-vaxtında kirayə haqqını ödəmiş son 3 ayı isə kirayə pulunu ödəməmiş və mənzili tərk edərək getmişdir. O dəfələrlə cavabdehdən 3 ayın kirayə pulu olan 2700 manat pulu tələb etsədə o müxtəlif bəhanələr gətirərək tez bir zamanda kirayə borcunu ödəyəcəyinə söz vermişdir. Söz verməsinə baxmayaraq bu gün ki, günə qədər olan kirayə borcunu ona ödəməmişdir. Cavabdehlə aralarında ona olan borc ilə bağlı vhatsaap və səs yazıları vardır ki, onlarıda disk və yazılı sənəd formasında qoşma kimi iddia ərizəsinə əlavə etmişdir. Cavabdehə yazılı şəkildə pretenziya məktubu yollasada onun tərəfindən məktubuna cavab verilməmişdir. Bu səbbədən də pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, ona qarşı irəli sürülən iddiaya heç bir etiraz etməmişdir. . Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1, mənzil 214 ünvanda yerləşən 118,4 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evi X1 adına mülk kimi qeydə alınmışdır. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci ildə ölmüşdür. İşə əlavə edilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh məktubu aldığı vaxtdan 3 gün ərzində İddiaçı olan 2700 manat borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi MPM işdə iştirak edən şəxslərin izahatlarını işin hallarının müəyyən edilməsində sübut növləri kimi nəzərdə tutur. baxılan işdə cavabdeh məhkəməyə gəlmədiyindən və ona qarşı irəli sürülən iddiaya heç bir etiraz etmədiyindən məhkəmə bu qənaətdədir ki, iddiaçının izahatı işin hallarının müəyyən edilməsində sübut növü kimi qəbul edilməlidir. İddiaçının isə məhkəməyə bildirdiklərindən işin halları kimi müəyyən olunur ki, iddiaçı mərhum atası X2 məxsus ünvan 1 ünvanında yerləşən 214 saylı mənzili 2025-ci ilin yanvar ayından aralarında şifahi razılıq əsasında hər ay üçün 900 manat ödəmək şərti ilə Cavabdeh kirayə vermişdir. Cavabdeh kirayəyə götürdüyü mənzilin 3 aylıq kirayə haqqını, yəni 2700 manatı ödəmədən mənzili tərk edərək getmişdir. Məhkəmə hesab edir ki, tərərflər arasında mənzilin kirayəsi müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır və mübahisə də həmin münasibətlərini tənzimləyən qanun normalarına uyğun qaydada həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -385.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. -684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. -684.2-ci maddəsinə əsasən, kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. -697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. -697.2-ci maddəsinə əsasən, əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh kirayəyə götürdüyü yaşayış sahəsindən istifadə ilə bağlı kirayə haqqını ödəmədiyindən, bununla öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2700 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 47 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən, ödənilmiş 47 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 47 (qırx yeddi) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar