Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-660/2024 27.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 891 manat pulun və 100 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh kirayədə yaşadığı evdə qonşuluqda yaşayır. Onların münasibəti həmişə yaxşı olub. O, ailəni dolandırmaq üçün xırda alverlə məşğul olur. Cavabdeh onunla həmişə alver etmiş, aldığı əşyaların pulunu vermişdir və yanında inam yaratmışdır. Bəzən aldığı əşyaların pulunu gecikdirməklə verirdi. Son vaxtlar ondan hissə-hissə əşyalar almış, lakin aldığı 891 manatlıq əşyaların pulunu verilməsini əvvəllər uzatmış, sonralar isə pulu verməkdən imtina etmişdir. O, pulları qaytarmaq üçün anası X1 ilə birlikdə Cavabdeh anası Gülnarə yaşadığı Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən evlərinə getmişdir. Gülnarə evlərindən zəng edib cavabdeh qızını evə çağırmışdır. Gülnarənin gəlməsi yubandığı üçün onlar evdən getmişdirlər. Binanın qabağında Gülnara ilə rastlaşdıqdan sonra o küçə sözləri ilə onu təhqir edərək döymüşdür. Polisin qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 157-ci madəsi ilə təqsirli bilinib inzibati qaydada tədbir görülmüşdür. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, iddiaçıya borcunu ödədiyini, lakin bu halı təsdiqləyən sübut təqdim edə bilmədyini bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Cavabdeh əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin Qərardan görünür ki, material üzrə araşdırma zamanı izahatı alınmış vətəndaş Cavabdeh göstərmişdir ki, heç bir yerdə rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. İddiaçı onun barəsində yazdığı ərizə ilə tanış oldu. İddiaçı onun qonşusudur. İddiaçı cehiz və geyim əşyalarının satışı ilə məşğul olur. O, həmin əşyaları Nuranədən alıb digər şəxslərə satmaqla ailəsini dolandırır. Belə ki, İddiaçı aldığı əşyaların pulunu hissəhissə ödəmiş, hazırda İddiaçı həmin alış-verişdən 500 manat pul borcu qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində qonşusu ona zəng edərək anası Gülsurə Əliyevanın yaşadığı evdə səs-küy gəldiyini bildirmişdir. O, dərhal anasının yaşadığı evə gəlmiş, həmin vaxt Nuranə və onun anasını yaşadığı binanın dəhlizindən çıxdığını görmüşdür. Həmin vaxt Nuranənin əlində ona məxsus iki ədəd bagema meyvə qablarının olduğunu görmüşdür. O, dərhal Nuranənin yaxasından tutaraq özünə məxsus qabları Nuranənin əlindən almış və kənara itələmişdir. Sonra Nuranəni və anasını oradan çıxıb getməsini tələb etmişdir. Həmin vaxt o, Nuranəni və onun anasını döyməmiş, onlara heç bir xəsarət yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırkı iş üzrə iddiaçı nisyə alqı-satqı münasibətlərindən yarandığını bildirdiyi 891 manat borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Polis şöbəsinə araşdırma aparılması zamanı Cavabdeh verdiyi izahatla İddiaçı həmin alış-verişdən 500 manat borcu qaldığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh borcunu ödədiyini bildirsə də, bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı 891 manat pulun tutulmasını xahiş etsə də, cavabdehin izahatında etiraf etdiyi məbləğdən (891-500=391) daha artıq borcun yaranmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən 500 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın qiyməti 1.000 manatadək olduğundan 30 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənildiyi üçün, (100-30=70) artıq ödənilmiş 70 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2023, qəbz nömrəsi:2382, əməliyyat İD:3********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2023, qəbz nömrəsi:2382, əməliyyat İD:3********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-660/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-660/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver