Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-661/2023 17.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində pul tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(044)-1545/2021 saylı qətnaməsi ilə uşaqların saxlanmaları üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh rəsmi nikaha girərək, ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2012-ci ildə X4, xx.xx.2017ci ildə X2 adlı uşaqları anadan olmuşdur. Sonradan onlar arasında olan münasibətlər pisləşmiş və ər-arvad münasibətləri kəsilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onunla Cavabdeh birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin alimentin məbləği dəyişdirilmiş, hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması müəyyən edilmişdir. Hazırda ölkədə qida məhsullarının və məktəb ləvəzimatlarının qiyməti artdığına görə, həmin aliment məbləği uşaqların tələbatlarını ödəməyə kifayət etmir. Buna görə də iddiaçı cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqların maddi xərclərini çətinliklə ödəyir və aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Cavabdeh fərdi əməklə məşğul olmaqla, kifayət qədər qazanc əldə edir. Lakin aliment ödənişlərindən başqa uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir. Digər tərəfdən cavabdehin maddi vəziyyəti kifayət qədər yaxşı olmasa, 2-ci dəfə nikaha girməz və ailə planlaşdırması zamanı yeni uşaqlarının doğulmasını planlaşdırmazdı. Cavabdehin 2-ci dəfə nikaha girməsi və yeni uşaqlarının doğulması onunla birgə nikahdan doğulmuş uşaqların maddi rifah halının pisləşməsi hesabına təmin edilə bilməz. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədənn xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, başqa bir qadınla ailə həyatı qurmuşdur. Hazırda onun ikinci nikahından bir uşağı var və tezliklə ikinci uşaq anadan olacaqdır. Qeyd olunan səbəbdən də onun xərcləri olduqca artmışdır. Buna görə də o özünün və ailəsinin maddi təminatlarını da çətinliklə ödəyir. Sonda Cavabdeh iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(044)-1545/2021 saylı qətnaməsinin surətindən görünür ki, 12 avqust 2012-ci il tarixdə anadan olmuş X3 və 02 may 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan aliment miqdarı artırılaraq hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ««Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci ildə yaşayış minimumu haqqında» 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2021-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-ci ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında iddia tələbinə etirazının əsası kimi yeni nikahdan uşaqlarının doğulmasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hal iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehin etirazının əsası kimi göstərdiyi qeyd olunan xüsusat onun İddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Məhkəmə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(044)-1545/2021 saylı qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(044)- 1545/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş alimentin məbləği 2021-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 175 məbləğində pul vəsaitinin 74 faizi həddində, yəni 130 manat olmuş, 2023-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 45 manat məbləğində artaraq, 2023-cü ildə 220 manat müəyyən edilmişdir və qeyd olunan sonuncu məbləğin 74 faiz həddi isə 162 manat təşkil edir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(044)-1545/2021 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(044)- 1545/2021 saylı qətnaməsi ilə uşaqların saxlanmaları üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 12 avqust 2012-ci il tarixdə anadan olmuş X3 və 02 may 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üş yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-661/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-661/2023
17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver