Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-662/2024 25.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu ildə anadan olmuş uşaqları X2 üçün ayda 120 manat məbləğində kəsilmiş alimentin 2023-cü il üçün yaşayış minimumu və dolanışıq xərcləri nəzərə alınmaqla qaldırılaraq ayda sabit pul məbləği ilə 250 manat alimentin müəyyən edilməsi və mediasiya xidməti üçün ödənilmiş 55 manat xərcin cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə rəsmi nikaha daxil olub, ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1997-ci ildə Qüdrət, xx.xx.2004-cü ildə Aytac və xx.xx.2009 -cu ildə Nizami adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında fikir ayrılıqları başlamış, onunla bir yerdə yaşamaq dözülməz hala çevrilmiş və ailə münasibətləri pozulmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 3 uşağa görə hər ay hər uşağa 70 manat olmaqla, cəmi 210 manat məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra iddiası əsasında alimentin məbləği Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğinə müəyyən edilmişdir. Hazırda uşaqlardan ikisi, yəni Qüdrət və Aytac yetkinlik yaşlarına çatmışlardır. Nizami 15 yaşının içindədir. Uşağın saxlanılması üçün kəsilmiş 120 manat aliment uşağın maddi tələbatını qarşılamır. Uşaq böyüdükcə xərcləri artır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh övladı ilə görüşmür, ancaq təyin olunmuş aliment məbləğini ödəyir, Bakıda işləyir, kifayət qədər qazancı vardır. Özü isə xəstəxanada işləməklə 350 manat əmək haqqı alır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 260703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Nizami adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-4833/2018 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2240/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşlaına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG-1-03666 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 14:30da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-4833/2018 nömrəli qətnaməsinə əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2240/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Təyin olunmuş 120 manat məbləğində aliment uşağın saxlanılması üçün yetərli olmadığından iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)- 4833/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməklə, Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etmişdir. «X3» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş ) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq, cavabdehdən tutulan alimentin məbləğinin qismən artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş mediasiya xərci olan 55 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)- 4833/2018 nömrəli qətnaməsi əsasında tutulan 120 manat alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş mediasiya xidmətinin dəyəri 55 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-662/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-662/2024
25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver