Məhkəmə qərarları › İş №2(125)-662/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-662/2025

27.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-662/2025 27.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və “maraqlı şəxs” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh və “maraqlı şəxs” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən bütün tikililərin, zirzəmi də daxil olmaqla mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin əmlaka müayinə baxışına Cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1842/2021 saylı qətnaməsi ilə X2 ünvan 2 ünvanda miras qalmış 0,06 ha torpaq sahəsinin X3 və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, X2 ünvan 3 ünvanda miras qalmış 0,06 ha torpaq sahəsinin ½ hissəsinə X1, ½ hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Beləliklə, ünvan 4 ünvanla bağlı onların hər ikisinin paylı mülkiyyət hüququ qeydə alınmış, mülkdə olan 29,2 kv/m 1 yaşayış otağı, 29,2 kv/m köməkçi sahələr üzərində onun mülkiyyət hüququ qeydə alınmış, 0,06 ha torpaq sahəsinin ½ hissəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Cavabdehin və onun ayrıca giriş-çıxış yolları vardır. Həm ona, həm də cavabdehə məxsus yaşayış otaqlarının altı zirzəmidir. Hazırda həmin zirzəmi onun payına düşən torpaq sahəsinin üzərində, onun mülkiyyətində olan yaşayış sahəsinin altında yerləşməsinə baxmayaraq, torpaq sahəsindən yalnız cavabdeh istifadə edir və ona həmin zirzəmidən istifadə etməyə imkan verməmişdir. Daşınmaz əmlakın naturada bölünməsi ilə bağlı iddia qaldırsa da, qeyd edilən zirzəmi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddia rədd edilmişdir. Bundan sonra qeyd edilən zirzəminin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin ona verilən məktubda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığı bildirilmişdir. Onun qeyd edilən mülkün bir hissəsi olan zirzəmi ilə bağlı gözlənilən mülkiyyət hüququ vardır. Hazırda Cavabdeh daşınmaz əmlakın qeydə alınmasına maneə törədən hərəkətləri onun gözlənilən mülkiyyət hüququnu pozur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək zəruri olan inventarlaşdırma işlərinin aparılmasına heç bir etirazının olmadığını göstərdi. Maraqlı şəxs (müstəqil tələb iləri sürməyən üçüncü şəxs) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə islasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin numayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində 110 ünvanında yerləşən ümumi sahəsi 119,1 kv.m olan fərdi yaşayış evinin 29,2 kv.m 1 yaşayış otağı, 29,2 kv.m köməkçi sahəsi və 0,06 ha torpaq sahəsinin ½ hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3210/2024 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Cavabdeh) qarşı yarım zirzəmi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, aparılan araşdırma zamanı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından və üzərində mübahisə olduğundan ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də fiziki və hüquqi şəxslərin digər hərəkətləridir. MM-in 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 560.3.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə edilməsinin xüsusiyyətlərindən biri də müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsidir. Göründüyü kimi, iddiaçı tərəfindən ümumi istifadədə olan əmlakın qeydiyyata alınması məqsədi ilə həmin əmlakda ölçmə işlərinin aparılması cavabdehin hər hansı mənafeyinə toxunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını araşdırıb tədqiq olunmuş hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin zirzəmisi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneçilik aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Bayan küçəsi, 110 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneçilik aradan qaldırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar