Məhkəmə qərarları › İş №2(125)-663/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-663/2023

13.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-663/2023 13.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və 4320 m3 təbii qaza görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 11 noyabr 2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 518.4 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, 2009-cu ildə Gəncə şəhəri Sevinc qəsəbəsində 5-ci küçədə “İbad marketin” yaxınlığında torpaq əldə edib ev tikdirmiş, həmin ildən evə köçüb orada yaşamışlar. O vaxtdan da evinə cavabdeh tərəfindən məişət qazı çəkilmiş, sayğac quraşdırılmış və son vaxta kimi qazla bağlı cavabdeh idarə ilə heç bir problemləri olmamışdır. 2022-ci ilin yayında cavabdeh tərəfin nümayəndələri bildirmişlər ki, qaz sayğacları dəyişdirilir. Onun da evinə aid olan evlərinin kənarında küçə tərəfində quraşdırılmış sayğac dəyişdirilmişdir. Bu barədə müvafiq akt tərtib olumuş və qazpaylayıcısı ilə onun arasında qazın alqı-satqısı barədə 18 avqust 2022-ci il tarixli AKX-04360xx/xx-2022 №-li müqavilə bağlanmışdır. Hazırda cavabdeh tərəfindən ünvanına təbii qazdan istifadə qaydalarının pozulması haqqında 11 noyabr 2022-ci ildə ******* №-li akt tərtib edilmiş və həmin aktla bərabər dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Həmin sənədlərdə qeyd edilir ki, guya onun evinə aid olan sayğac sökülüb 17 oktyabr 2022-ci ildə kalibrləmə labortoriyasında yoxlanarkən müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və onun üzərinə qanunsuz olaraq heç bir əsas olmadan 4320 m3 “itirilmiş qaza”-a görə ziyan hesablanmışdır. Evinə aid olan sayğac hər zaman normal işləmiş, pulu karta keçirib qazdan istifadə etmişlər. Sayğac evlərinin həyətində yox, küçədə evdən kənarda quraşdırılmışdır. 18 avqust 2022-ci il tarixə kimi cavabdehlərin nümayəndələri mütəmadi olaraq sayğaclara baxış keçirmişlər. Bir dəfə də olsun sayğacda hər hansı bir problemin olmasını bildirməmişlər. 18 avqust 2022-ci il tarixdə sayğacın istifadə müddəti bitdiyindən onların, eləcə də bütün qonşuların evlərinə məxsus sayğaclarını dəyişdirmişlər. Sözügedən sayğac evlərinə təxminən 6-7 ildən əvvəl qoyulmuşdur. Həmçinin bildirmişdir ki, küçədə quraşdırılmış sayğacın kimsə tərəfindən zədələnməsinə, müdaxiləsinə o, məsuliyyət daşıya bilməz. Aktdan isə görünür ki, sayğacın çıxarılma səbəbi “Dövru yoxlama”, sayğacın quraşdırılma səbəbi isə “əvəzləndi” qeyd edilmişdir. Aktla əlaqədar Gəncə Qaz istismar idarəsinə getmiş, lakin qaza görə ziyanı hansı yolla yetirməsi barədə cavab ala bilməmişdir. Həmin vaxt onun əlindəki tələbnaməyə baxıb karandaşla 518,4 yazaraq həmin məbləği ödəməli olduğunu demişlər. Odur ki, borc məbləği əsassız olaraq hesablanmışdır. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, İddiaçı ilə cavabdeh “Azəriqaz” İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, müqavilə bağlandıqdan sonra iddiaçı qazdan istifadə qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismsra qəbulu haqqında iddiaçının iştirakı ilə (akta imza olunmaqla) ******* saylı akt tərtib olunmuşdur. Bundan sonra sayğac yoxlamadan keçirilərkən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi məlum olmuşdur. Bundan sonra sənədləşmə aparılaraq xx.xx.2022-ci il tarixdə akt əsasında ünvana 4320 m3 itirilmiş qazın bərpası üçün 518,4 manat dəymiş ziyan müəyyənləşdirilmiş, lakin dəymiş ziyan ödənilməmiş qalmışdır. Hesab edir ki, iddia əsassızdır. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, MSK 29/1710-03333-1 rəyə əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. Dəymiş ziyan hesablansın və abonent tərəfindən dəyəri ödənilsin. - xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmiş (4x12x90=4320 m3) - xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi ünvanında istehlakçı İddiaçı evində qaz sayğacının (İtron tipli markası G-4 1202AQ**********1) istismar müddəti bitdiyi üçün yeni sayğacla (Zenner tipli G4 markalı **********080 nömrəli) əvəz edilmişdir. Məhkəmə tərəfləri dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin: - 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. - 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 9-cu bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının: - 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bəndində əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iş materiallarında olan sübutlardan aydın olur ki, xx.xx.2022-ci il tarixdə Paylayıcı tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmiş, həmin akta əsasən Gəncə şəhəri, Sevinc qəsəbəsi ünvanında istehlakçı İddiaçı evində quraşdırılmış sayğacın istismar müddəti bitdiyi üçün çıxarılaraq, əvəzində yeni sayğac quraşdırılmışdır. Qeyd olunan normalardan göründüyü kimi fiziki şəxs olan İddiaçı ünvanına quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı olan cavabdeh “Azəriqaz” İB daşıyır. Həmçinin cavabdeh, iddiaçının sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi üçün dəymiş ziyan hesablamış, lakin iddiaçının təqsiri nəticəsində həmin qüsurların baş verdiyini sübut edə biləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən hesablanmış 518.4 manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 518.4 manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar