Məhkəmə qərarları › İş №2(125)-665/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-665/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-665/2025 23.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borca verdiyi 30800 ABŞ dolları pul, 1540 ABŞ dolları əldən çıxmış fayda, cəmi 32340 ABŞ dolları, həmçinin 320 manat hüquqi yardım üçün vəkilə ödənilən pulun və 255 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qohumu, bacısıoğludur. O, problemlərini həll etmək üçün 2015-ci ilin sentyabr ayında ondan borc pul istəmişdir. O da həmin vaxt artıq pulu olduğundan ona borc pul verəcəyini bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, pulu hissə-hissə 3 ilə qaytaracaq. Bundan sonra onlar notariat orqanına getmiş və xx.xx.2015-ci ildə ona 35000 ABŞ dolları borc vermişdir. Aralarında olan razılığa görə o, pulu 3 il müddətində qaytarmalı olmasına baxmayaraq bunu etməmişdir. Bu müddət ərzində ona cəmi 4200 ABŞ dolları pul qaytarmışdır. Pulu ona adətən beynəlxalq pul köçürmə sistemləri vasitəsilə qaytarmışdır. Hazırda ona 30800 ABŞ dolları borcu qalmışdır. Bu səbəbdən də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçıdan borc almış, 2 il müddətində başqa banklar vasitəsilə hər ay 350 dollar pul göndərmişdir. 1 il ərzində də 300 dollar pul qaytarmışdır. Onun hesabına görə 13000 dollar məbləğində pulu iddiaçıya qaytarmışdır. Ancaq ödənişləri ilə bağlı sübutları yoxdur. Yeni işə girmişdir. İşləmədiyi müddətdə iddiaçı ödəniş etməsinə görə şərait də yaratmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhər 5 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2015-ci il tarixli, 3M-385 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 35000 ABŞ dolları məbləğində borc pul verməyi, borc alan Cavabdeh isə krediti xx.xx.2018-ci il tarixədək hissə-hissə olmaqla borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 35000 ABŞ dolları məbləğində borc almışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh aldığı 35000 ABŞ dolları borcdan 4200 ABŞ dolları məbləğində pulu geri qaytarsa da, qalan 30800 ABŞ dolları pulu qaytarmayaraq müqavilənin şərtlərini pozmuş, öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaçının qeyd etdiyindən daha çox məbləğdə borcundan ödəniş etdiyini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunaraq, cavabdehdən 30800 ABŞ dolları əsas borc, 1540 ABŞ dolları əldən çıxmış fayda omaqla, cəmi 32340 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində borc pul və hüquqi yardıma görə ödənilmiş 320 manat alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 255 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 30800 ABŞ dolları əsas borc, 1540 ABŞ dolları əldən çıxmış fayda omaqla, cəmi 32340 (otuz iki min üç yüz qırx) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və 255 (iki yüz əlli beş) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar