Məhkəmə qərarları › İş №2(125)-666/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-666/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-666/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş 23700 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi ilə 25000 manat məbləğində pul vermişdir, o, isə öz növbəsində öhdəsinə götürdü ki, həmin pulu 72 aya yəni 17 iyun 2022-ci il tarixədək hər ay 450 manat olmaqla, cəmi 32400 manat ona qaytaracaqdır. Cavabdehin qardaşı X3 ilə də xx.xx.2015-ci il tarixindəki notarial kontorunda bağlanmış kredit müqaviləsi ilə 3000 manat pul vermişdir, cavabdeh isə həmin məbləği 3 il müddətinə yəni, xx.xx.2018-ci il tarixinə kimi həmin pulu ödəməyi öz öhtəsinə götürmüş və öz üzərnə düşən öhtəliyi yerinə yetirmişdir. Bugunə kimi ümumi olaraq “Yapı Kredi” bank hesabına 11200 manat pul ödənilmiş və həmin məbləğin 3000 manatı qardaşı X1 məxsus olmuşdur. Lakin Cavabdeh üzərinə düşən ümumi olaraq 72 ay ərzində 450 manat pul yəni, 32400 manat pulun 8200 manatı ödənilmişdir. Bu barədə “Yapı Kredi” bankında çıxarış hesabındakı rəsmi göstəricilərdə də görmək olar. Bundan başqa Cavabdeh bank hesabından başqa nağd şəkildə 500 manat məbləğində də pulu bir dəfə ona əlbəəl şəkildə vermişdir. Ümumilikdə bu günə kimi 8700 manat ödəmiş, geridə qalan borcun yəni, 23700 manat pulu hələdə ödəməmişdir. Bu barədə cavabdehi dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq müxtəlif bəhanələr uyduraraq ondan götürülmüş borcun geridə qalan hissəsini ödəməkdən yayınmışdır. O, 25000 manat pulu cavabdehə kredit müqaviləsi ilə yəni 72 ay ərzində hər ay 450 manat olmaqla cəmi 32400 manat pul vəsaiti verəcəyi barədə kredit müqaviləsi bağlanılmış və bağlanılmış kredit müqaviləsi dövlət notariat kontorunda təsdiq edilmişdir. Hər dəfə cavabdehdən pulun yerdə qalan hissəsini tələb etdikdə, o, müxtəlif bəhanələr uyduraraq borca götürdüyü pulu qaytarmaqdan yayınmışdır. Kredit müqaviləsində göstərilən müdddət artıq başa çatmışdır. Lakin müddətin bitməsinə baxmayaraq ona 23700 manat borcu qalmaqdadır və o, cavabdehdən 23700 manat almaq üçün məhkəməyə müraiət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixədək hər ay 450 manat ödəmək şərti ilə 25000 manat kredit vermiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə 25000 manat borc vermişdir və iddiaçı bildirir ki, həmin borcdan cəmi 8700 (8200+500=8700) manat ödənilmişdir. Belə olan halda, cavabdeh tərəfdən daha çox ödəniş edilməsi, daha az borcun qalması barədə hər hansı sübut təqdim edilmədiyindən (25000-8700=16300) 16300 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı borcdan 8700 manat ödənişi etiraf etmiş, cavabdeh iddianı həmin hissədə sübut etmək vəzifəsindən olmuşdur. Bununla yanaşı, iddiaçının etirafı qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur, buna görə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 6 il ərzində hər ay 450 manat ödənilməsi şərtinə əsaslanaraq iddiaçı 32400 manat (6x12x450=32400) puldan 8700 manat ödəniş çıxılmaqla qalan (32400-8700=23700) 23700 manat tutulmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, 6 il ərzində hər ay 450 manat ödəniləcəyi barədə şərt cavabdeh tərəfindən edilməli aylıq ödənişin ən aşağı həddini müəyyən edir. Əks halda, iddiaçının nəzərdə tutduğu qaydada hesablama əsasında (6x12x450=32400, 32400-8700=23700) cavabdehin mülkiyyətinə verilən puldan daha çoxunun qaytarılması əsassız varlanmaya səbəb olar. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 16300 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 16300 (on altı min üç yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar