Məhkəmə qərarları › İş №2(125)-668/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-668/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-668/2025 27.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh iddiaçının xeyrinə ümumilikdə 372,65 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 260 manat, faiz borcu üzrə 60,13 manat və cərimə üzrə 52,52 manat olmaqla, ümumilikdə 372,65 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2021-ci il tarixdə İmei kodu **********59682/**********59690 olan bir ədəd “Redmi 9” markalı telefonun nisyə alğısatqısı barədə 005-21 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ödəniş cədvəlinə əsasən ümumi dəyəri 450 manat olan əşya 50 manat ilkin ödəniş edilməklə 36 faiz dərəcəsi ilə 12 ay müddətinə hər ay 40,18 manat şərti ilə satılmışdır. Ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2022-ci il tarixinədək hər ay 40,18 manat ödəməli idi. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 fevral 2021-ci il tarixli 005-21 №-li alqısatqı müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 450 manat olan 1 ədəd yeni “Redmi 9” modelli olan mobil telefonu cavabdehə satmışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə "Ödəniş cədvəlinə" uyğun olaraq 36 % vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 80 manat, faiz borcundan 55 manat ödəmişdir. Hazırda xx.xx.2023-cü tarixli son ödənişə, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə əsas borcu 260 manat, faizlər üzrə 60,13 manat, gecikdirilmiş gün üçün 52,52 manat olmaqla, ümumilikdə isə 372,65 manat təşkil edir. Dəfələrlə cavabdehdən öz öhdəliklərini lazımınca yerinə yetirməsi və borcların vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, səhhətində yaranmış problemlə əlaqədar məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, bu səbəbdən məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halına görə tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə görə satıcı müqavilədə göstərilən əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul etməyi və borcu ödəniş cədvəlinə əsasən zamanında ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqaviləni birtərəfli qaydada ləğv edir və borcun vaxtından əvvəl qaytarılmasını tələb edir. Müqavilənin 2-ci bəndinə görə müqaviləyə əsasən ödəniş qrafik anunitet üzrə aparıldığına əsasən alıcı vaxtlı-vaxtında ödəmədiyi halda əsas məbləğin üstünə cərimə faizləri hesablanır. Cərimə faizləri bu müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş qaydada tətbiq edilir. Sözügedən müqavilənin 5-ci bəndinə əsasən alıcı ödəniş cədvəlində nəzərdə tutulmuş əsas məbləğin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətləri pozulduqda, hər bir gecikdirilmiş əsas məbləğin gündə 0,10 faizi məbləğində cərimə ödəyir. Ödəniş gecikdirilməsi 60 günü keçdikdə satıcı qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ödəniş sənədlərinə əsasən ümumi borcundan 135 manat ödədiyindən İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 372,65 manat məbləğində yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq bildirişin rəsmi qaydada verildiyi tarixdən 3 gün ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddia tələbinə, iddiaçının verdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına, arayışa, müqaviləyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixinə, cavabdehin sözügedən müqavilə üzrə borcu - əsas məbləğ üzrə 260 manat, faizlər üzrə 60,13 manat və cərimə üzrə 52,52 manat olmaqla, cəmi 372,65 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcu və hesablanmış faiz məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçıya qeyd edilən məbləğdə əsas və faiz borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək, həmin borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq xx.xx.2021ci il tarixli müqavilə üzrə 13 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 260 manat əsas borc, 60,13 manat faiz borcu və 13 manat cərimə olmaqla, cəmi 333,13 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi əsasən əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 260 manat əsas, 60,13 manat faiz borcu və 13 manat cərimə olmaqla, cəmi 333,13 (üç yüz otuz üç manat on üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar