Məhkəmə qərarları › İş №2(125)-6711/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6711/2023

22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6711/2023 22.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün cavabdehdən onun xeyrinə məhkəmə qətnaməsinə əsasən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər rəsmi nikahda olmuş, nikahdan iki uşaq – xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 313602 nömrəli, xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha xitam verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən birgə nikahlarından doğulmuş iki uşağının saxlanılmaları üçün hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat aliment tutulması qət edilmişdir. Alimentin artırılması üçün 2022-ci ildə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1076/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşaq üçün 160 manat müəyyən olunmuşdur. X1 17 yaşı, X3 isə 13 yaşı var. Alimentin məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir, uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri də yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu artaraq hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Bundan başqa, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, uşağın bütün qayğısını və ehtiyaclarını tamamilə iddiaçı özü çəkir, böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. İddiaçı üçün uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Hazırda kirayə yaşayır, buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilmədiyini, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, oğlu, yəni cavabdeh yenidən ailə qurub, taksi fəaliyyəti ilə məşğul olur, daimi iş yeri yoxdur, hazırda 320 manat alimenti çətinliklə ödəyir, bundan artıq miqdarda aliment ödəməyə gücü çatmır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbi alimentin tutulması ilə deyil, daha əvvəl məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması ilə bağlıdır. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən bu cür iddia ilə məhkəməyə müraciət etmiş şəxs özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu barədə sübutlar təqdim etməlidir. Sadəcə hər növbəti ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılması Ailə Məcəlləsinin 112-ci maddəsində sadalanan hallar mövcud olmadan məhkəmə aktı ilə müəyyən olunmuş alimentin birmənalı artırılması üçün əsas deyil. Belə ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimenin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Eyni zamanda ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il № 8-2/2016 saylı Qərarının 8.13-cü bəmdində də qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd edilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarı dəyişdirilə bilər. İddiaçının artırılmasını tələb etdiyi aliment Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1076/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə tutulur. Buna görə də iddiaçının tələbinin əsaslı olub-olmamasını müəyyən etmək üçün həmin tarixdən sonra tərəflərin maddi və ailə vəziyyətində baş vermiş dəyişikliklər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən tərəflərin birgə nikahından doğulmuş iki uşağın saxlanması üçün alimentin tutulduğu gündən cəmi 1 il 1 ay müddət keçdiyindən, bu müddət ərzində cavabdehin maddi vəziyyətində dəyişiklik olmadığından, müəyyən edilən aliment cavabdeh tərəfindən müntəzəm ödənildiyindən və 2022-ci il tarixdə hər uşağa görə 160 manat müəyyən edilmiş alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyətinə uyğun olduğundan alimentin yenidən artırılması əsassızdır. İddiaçı cavabdehin maddi vəziyyətində hər hansı müsbət dəyişikliyin olmasına istinad etməmiş, bu barədə sübutlar təqdim etməmişdir. İddia tələbinin əsası kimi uşaqların böyüməsi və onların xərclərinin artması göstərilmişdir. Lakin bununla bağlı da, yəni iddiaçının maddi vəziyyətində mənfi yöndə dəyişikliyin olması ilə bağlı sübutlar təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə alimentin əvvəlki miqdarının artırılması üçün hər hansı əsasın olmaması qənaətinə gəlir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar