Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6715/2024 18.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahdan xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 üçün Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)-95/2015 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, hər ay Cavabdeh 235 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı məhkəməyə iddianın azaldılmasına dair ərizə təqdim edərək birgə nikahdan xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 üçün Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)-95/2015 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, hər ay Cavabdeh 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o və Cavabdeh aralarında olan nikahı 2011-ci ildə qeydə aldırmış, onların birgə nikahlarından xx.xx.2012ci il tarixdə anadan olmuş X6 adlı 1 uşaq vardır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)-95/2015 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 onun yanında saxlanması və həmin uşağın saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi qət edilmişdir. Həmin məbləğ isə uşağın maddi xərclərinin ödənilməsinə kifayət etmir. Belə ki, azyaşlı Elgün orta məktəbdə təhsil alır, repititor hazırlıqlarına, dərnəklərə gedir və özünü inkişaf üçün digər proqramlara qoşulur. Cavabdeh isə məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentdən əlavə ona heç bir maddi yardım göstərməmişdir. Halbuki cavabdehin maddi imkanı yaxşıdır. Belə ki, o, Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olur. O, 100 manat məbləğində təyin olunan alimentlə uşağın ən adi, zəruri olan ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Buna görə alimentin miqdarının dəyişdirilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək cavabdehin iddianı qəbul etdiyini və birgə nikahdan anadan olmuş uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)- 95/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 Qədirova (Əmiraslanova) Aytən Aydın qızının himayəsində saxlanması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub Qədirova (Əmiraslanova) Aytən Aydın qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 935594 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 oğlunun atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2015-ci ildə yaşayış minimumu haqqında» 28 noyabr 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2015-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 108 məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, cavabdehin hər ay 170 manat sabit pul məbləğində aliment ödəməyə razılığını nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)-95/2015 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)-95/2015 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6715/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6715/2024
18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver