Məhkəmə qərarları › İş №2(125)-6784/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6784/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6784/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “borcun bağışlanılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi vəziyyətinin çətinliyi və bu səbəbdən də fərdi sahbkarlıq fəaliyyətinin dayandırılmasını nəzərə alaraq "xxxx" QSC-nin Gəncə filialına 9000 manat civarında olan qalıq kredit borcunun bağışlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2007-ci ildən fərdi sahibkarlıqla məşğul olmuş (plastik qapı-pəncərə ustasıdır) və vergi ödəyicisi olmuşdur. Hazırda maddi çətinliklər səbəbindən fəaliyyətini dayandırmışdır. 2025-ci ilin yanvar ayında VÖEN-ni bağlatmaq məcburiyyətində qalmışdır. Material almaq üçün şəxsi vəsaiti çatmadığından 2021-ci ilin dekabr ayının 1-də "xxxx" QSC nin Gəncə filialına müraciət edərək təqribən 15000 manat kredit götürmüşdür. Aylıq ödəniş cədvəlinə əsasən təqribən 8000 manat civarında borcumdan ödəmişdir. O, bankdan götürdüyü kredit borcu ilə bağlı məsuliyyətini dərk edərək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməyə çalışmışdır. Lakin işində müəyyən səbəblərdən və materialın qiymətlərinin mütəmadi olaraq artması, əlavə xərclərin meydana çıxması, həmçinin, ailə vəziyyətiylə əlaqədar fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Bu səbəblərdən izafi xərclərin çoxluğundan işləyə bilməmişdir və artıq iki ilə yaxındır ki, həmişə müştərisi olduğu "xxxx" QSC nin Gəncə filialına olan kredit borcunu ödəyə bilməmişdir. Bu borclar təqribən 9000 manat civarındadır. İşləmir, uşaqlar azyaşılıdır. Evin və ailənin bütün problemlərinin qarşılanması onun öhdəsindədir. Hazırkı durumda işsiz qalmışdır, maddiyatsızlıq ucbatından fəaliyyətini heç cür bərpa edə bilmir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində isə göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. “Elektron məhkəmə” sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumata əsasən, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi **********; "xxxx" QSC-nin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olaraq və hüquqi ünvanı ünvan 1eçmişdir. Hazırkı iş üzrə iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə cavabdehdən aldığı kredit borcunun bağışlanılmasını xahiş etmişdir. Göründüyü kimi tərəflər vergi uçotuna alınmışdır və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı hazırkı ərizəylə cavabdehin yerləşdiyi ərazi üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “borcun bağışlanılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar