Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-680/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə qarşı «ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Bağbanlar küçəsi, 1-ci döngədə yerləşən 35 nömrəli fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum əri Cavabdeh2 Süleyman oğluna məxsus olmuşdur. O, H.S.Süleymanovun vərəsəsi kimi sözügedən əmlaka dair miras payını qəbul etmək üçün notariat ofisinə müraciət etmişdir. Gəncə şəhər 1 saylı Notariat Ofisi vərəsəlik işlərinin aparılması üçün A0zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə məktub ünvanlayaraq ünvan 3ə dair reyestrdən çıxarış və arayışın verilməsini xahiş etmişdir. Lakin qeyd olunan evdə yaşayan cavabdehlər, yəni onun oğlunun arvadı və nəvələri, ölçmə işlərinin aparılmasına maneçilik törətmişlər. Bu hal isə onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qeyd olunan fərdi yaşayış evində yaşayan cavabdehlərin ölçmə işlərinə maneçilik törətməsi və reyestr xidməti əməkdaşlarının da onun qanunsuz müdaxiləsinə əsasən ölçmə işləri aparmaqdan imtina etmələri onun mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu, həmçinin iddianın təmin olunmasına heç bir etirazının olmadığını bildirdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X2 mülkiyyətində olan Gəncə şəhəri, Bağbanlar küçəsi, 1-ci döngədə yerləşən 35 nömrəli evi Cavabdeh2 Süleyman oğluna bağışlamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-70-S-3097/2023 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh2 Süleyman oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-70-H-3098/2023 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh2 Süleyman oğlu ilə Süleymanova (Zeynalova) Saidə Əliqara qızı arasında olan nikah xx.xx.1974-cü il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində 1140 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-10482/2023 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, Gəncə şəhəri, Bağbanlar küçəsi, 1-ci döngədə yerləşən 35 nömrəli əmlak üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konsititusiyasının 13-cü maddəsinin İİ hissəinin tələbinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasında ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında «Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi» məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin görə isə 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçı sözügedən əmlakın mülkiyyətçisi hesab olunan mərhum X1 arvadıdır və əmlaka dair gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçı həmin hüquqdan irəli gələrək özünün əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqana müracitə etsə də cavabdehlər qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiklərindən müvafiq hüququn qeydiyyata alınmasından imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqan tərəfindən aparılmalı olan müayinə baxışı həmin daşınmaz əmlak üzərində iddiaçının və ya cavabdehlərin hər hansı birinin deyil, mərhum X1 adına daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında çıxarışın verilməsi ilə əlaqədardır. Beləliklə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına müayinə baxışının aparılmasına cavabdehlərin maneə törətmələrinin heç bir hüquqi əsası yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli və mülkiyyət hüququnun qeydiyyatı üçün daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehlərə qadağan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh2 Süleyman oğlundan miras qalmış Gəncə şəhəri, Bağbanlar küçəsi, 1-ci döngədə yerləşən 35 nömrəli fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın əməkdaşları tərəfindən daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qadağan edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-680/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-680/2024
17.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver