Məhkəmə qərarları › İş №2(125)-6828/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6828/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6828/2023 09.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: "xxxx" ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əsas borcun əvəzi qismində 8.620 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.819 manat 37 qəpik, cərimə qismində 488 manat 28 qəpik, cəmi 10.927 manat 93 qəpik borcun və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 123 manat 19 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, cavabdehlərin qeydiyyatda olduğu yer üzrə kommersiya məhkəməsində iddia qaldırmaq hüququ iddiaçıya izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 13-15-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli, 639micGNDJ/22-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsi üzrə "xxxx" ASC tərəfindən Cavabdeh1 120 ay müddətinə, 300.000 manat məbləğində kredit xətti açılmış və onun əsasında xx.xx.2022-ci il tarixli, 639micGNDJ/22 nömrəli əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 24 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Müqavilələrdən görünür ki, hüquqi şəxs olan «X1» ASC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs - Cavabdeh1 (VÖEN **********) arasında olan münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar borc pul münasibətlərindən yaranmışdır. Göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı «X1» ASC tərəfindən ödənilmiş 122 manat 79 qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2023, qəbz nömrəsi:**********) dövlət büdcəsindən iddiaçı «X1» ASC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı həmin şəxslərin qeydiyyatda olduqları yer üzrə kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Ödənilmiş 122 (bir yüz iyirmi iki) manat 79 (yetmiş doqquz) qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2023, qəbz nömrəsi:**********) dövlət büdcəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar