Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-685/2024 21.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 15050 manat maddi ziyanın alınmasına, qiymətləndirmə ilə əlaqədar ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 136 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar ünvan 1 ünvanda yerləşən evdə 1989-cu ildən atası tərəfindən ağaclar əkilmişdir. Atası ağaclara qulluq etməsi üçün uzun məsafədən öz hesabına həmin sahəyə su çəkdirmişdir. Çəkilən su xətti cavabdehə məxsus olan torpaq sahəsinin altından çəkilmişdir. Əvvəllər həmin torpaq sahəsi başqa şəxsin sahibliyində olmuşdur. Cavabdehin sahibliyinə keçdikdən sonra su borusunu ona heç bir maneə törətmədiyi halda onlara xəbər vermədən kəsərək, onların suyundan öz məqsədləri üçün istifadə etmişdir. Qeyd edilən su onların evindən çəkilmişdir, yəni suya görə haqq onların evinə gələn su kimi ödənilmişdir. Nəticədə həyətdə olan 1989-cu ildən əkilmiş müxtəlif meyvə ağacları qurumuş, ona 15050 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ünvanda yerləşən torpaq sahəsi bağ kimi sərəncam və layihə əsasında atasının istifadəsində olmuşdur. Həmin vaxtlar hamıda olduğu kimi evin sənədi olaraq sərəncam və layihə verilmişdir. Həmin bağda atası tərəfindən ağaclar əkilmiş, uzun illər həmin ağaclara qulluq etmişdir. Bağda 30-a yaxın bar verən ağaclar olmuşdur. Müharibə vaxtı, 2022-ci ilin axırları idi, ağaclar susuz qalmışdı. Şlank vasitəsilə günaşırı olaraq ağacları özləri sulamışdırlar. 2022-ci ilin avqust-iyun aylarında ağacları sulayıb bir həftəlik bacısı ilə birlikdə Bakıya getmişdir. Qayıdıb gələndə görmüşdür ki, ağaclar quruyub, dibləri qurudur. Amma nə vaxt kəsildiyini bilməmişdir. Tikinti gedən vaxtlar evdə olmuşdur, xəbərdarlıq etmiş, ustalara da dəfələrlə həmin ərazidən su xətti getdiyini və ehtiyatlı olmalarını demişdir. Bakıdan qayıtdıqdan 3 gün sonra ağacları sulamağa gələndə görmüşdür ki, ağacların dibləri qurudu, su borusu kəsilmiş, torpağın içində qalmışdır. Fəhlələrdən soruşduqda cavabdeh Pərvizin adını vermişdirlər. Cavabdehi həmin vaxta qədər heç tanımamışdır. Bərpa etmək istəyəndə qoymamış, polisə şikayət etmiş, “necə kəsibsə, gəlsin təzminatını ödəsin.” demişdir. X15 aldatmışdır. Cavabdeh su borusunu çöldən kəsib, izi itirmişdir. Su borusunun haradan kəsildiyini tapmaq üçün 100 manat da xərci çıxmışdır. Cavabdeh qonşuya yerini demiş, qonşu da ona hasarın dibindən göstərmişdir borunun kəsildiyi yeri. Ancaq dediyi yerdən də çıxmamışdır. Borunun kəsildiyini biləndən sonra 2-3 günə suyun verilməsini bərpa etmişdir. 4-5 aydır ki, həyətə su gedir. Cavabdeh şlankı alıb gətirəcəyini desə də, nazik şlank alıb gətirmişdir. Birtəhər də olsa, şlankın pulunu ödəmişdir. Şlankın uzunluğu 50 metr olmuşdur. 2022-ci ildən bəri ağaclar su içməmişdir. Payız fəsli olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, həmin ərazidən ev tikmək üçün sərəncam və layihə əsasında 4 sot torpaq sahəsi almışdır. Tikinti aparılan vaxt iddiaçı gəlib şlank olduğu barədə xəbərdarlıq etmişdir. İddiaçının çəkdiyi su borusu ona məxsus torpaq sahəsindən keçdiyindən və həmin torpaq sahəsində tikinti işləri aparılması məqsədi ilə qazıntı işləri aparılan zaman iddiaçıya məxsus su borusunun hasar çəkilməsi üçün nəzərdə tutulan sahədən keçdiyi üçün həmin borunu kəsərək hasardan kənara çıxarmışlar. Həmin vaxt iddiaçının özünün də məlumatı olmuş və iddiaçıya borunun əvvəlki vəziyyətinə qaytaracağını istəsə belə ona onlara gələn su borusuna qoşularaq sudan istifadə etməsini təklif etmişdir. Lakin iddiaçı razılaşmadığı üçün kəsilmiş su borusunun bərpası üçün 22 metr borunun alınmasını və ya pulunun iddiaçıya verilməsin bildirdikdə iddiaçı pulun ödənilməsini tələb etdiyi üçün 26 manat pulu sahə rəisinin yanında iddiaçıya vermişdir. Bu hadisə 2022-ci ilin fevral ayında olmuşdur, həmin vaxt havalar soyuq olmuş, qar yağmışdır. Evin tikintisinə də elə fevral ayında başlanmışdır. Şlank kəsilən gün iddiaçının məlumatı olmuş, özü gəlmişdir. O isə işdə olmuş, gəldikdə “Günay, narahat olma, biz bura davaya gəlməmişik.” demişdir. İddiaçı 2 ay sonra şikayət etmişdir ki, pul bu qədər etmir. “Azərsuya”, Baş Polis İdarəsinə şikayət etmişdir. "xxxx" rəsmi sənədinin olmadığını demişdir. Polis İdarəsində isə yenidən 250 manat pul vermişdir. İddiaçının bütün qonşulardan əsassız şikayət etdiyini qeyd edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dinlənilmiş Şahid ifadəsində göstərmişdir ki, tərəflər qonşularıdır. Günaya məxsus su xətti qeyri-qanuni olaraq evlərin altı ilə çəkilmişdir. Həmin su xətti 3 evin altı ilə gedir. Kimin kəsdiyini görməmişdir, ancaq məlumatı olmuşdur ki, kəsilib, su getmir. 10-15 gün sonra iddiaçı suyu taxanda bilmişdir ki, su gəlmir, Pərvizə suyu kəsdiklərini demişdir. Pərviz şlank gətirmiş, iddiaçı bəyənməmişdir, daha sonra elə həmin gün şlankın bir hissəsin pulunu 26 manat vermiş, qalanını 10-15 gün sonra vermişdir. Göy şlanklardan olmuşdur. Pərvizdən məsələnin nə yerdə qaldığını soruşduqda 26 manat pul verdiyini bilmişdir. Pul verdikdən sonra iddiaçı suyu bərpa etmişdir. Bərpa olması bir az müddət çəkmişdir. Yaz ayları, hardasa aprel, may ayları olmuşdur. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dinlənilmiş X4 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. 2022-ci ilin yanvar, fevral aylarında iddiaçı ərizə vermişdir ki, şlankı kəsmişlər. Dəvət etmiş, əraziyə baxış keçirmiş, öz aralarında razılaşmalarını demişdir. Şlankın qiyməti 22 manat etmiş, əvəzində Pərviz 26 manat pul vermişdir. 10-15 gündən sonra Baş Polis İdarəsinə onlardan şikayət edərək, şlankın sovet vaxtının şlanklarından olduğunu, pulunun bu qədər etmədiyini demişdir. Rəhbərlik çağırmış, yoluna qoyun demişdir. Pərviz əlavə 150 manat da pul vermiş, iddiaçı ustanın da pulunu tələb etdikdə öz cibindən 50 manat pul vermişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dinlənilmiş X5 ifadəsində göstərdi ki, tərəfləri tanıyır. Pərvizin də, Günayın da evində işləmişdir. Yeri qazanda bilmədən şlankı kəsmişdirlər. Köhnə şlank olmuşdur. Su borusu evin altından keçib, fundamentə düşürdü. Bundan sonra Pərviz həll edəcəyini demişdir. Həmin gün polis gəlmiş, onlara ölçdürmüş, 20 metr şlank lazım olmuşdur. Pərviz şlank üçün pul vermiş, bir neçə gün sonra yenə şikayət olmuş, yenə pul vermişdir. Günay onun özünü də neçə dəfə polisə vermişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dinlənilmiş X6 ifadəsində göstərmişdir ki, tərəflər qonşularıdır. Həmin sahədən o da ev almışdır. Cavabdeh ev tikdirən vaxt şlank kəsilmişdir. Səs-küyə çıxmışdır o da. Şlanklar 1,3,5 metr olmuşdur. Su kəsilən kimi iddiaçının məlumatı olmuşdur. Şikayət vermiş, post patrul gəlmiş, şlankın hesabatını etmişdirlər. Pərviz pulunu vermiş, Günay az pul verildiyini demişdir. Pulu tikilən yerin üstündə vermişdir. 2022-ci ilin fevral ayı olmuşdur. Ağaclar meyvə verməyən ağaclardır. Günay suyu bərpa etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, X2 məxsus Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 1 nömrəli çörək zavodunun arxa tərəfində olan, 400 kv.m torpaq sahəsində əkilmiş 28 ədəd müxtəlif növ meyvə ağaclarının xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 15050 manat təşkil edir. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 1859 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki¸ Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 1 nömrəli çörək zavodunun arxa tərəfində olan, 400 kv.m torpaq sahəsində X7 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Vİ-JQ 456547 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1979-cuildə anadan olmuş İddiaçı ata qrafasında X8, ana qrafasında isə X1 qeyd olunmuşdur. AZ-İ 732509 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə ölmüşdür. xx.xx.2005-ci il tarixli, 33065263 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ilə istehlakçı Pənahov Pərzuman arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi iddiaçı, cavabdeh tərəfindən onun istifadəsində olan su borusunun kəsilməsi nəticəsində ona məxsus ağacların susuzluqdan qurumasını və ona zərər vurmasını iddia etsə də, öz tələbinin əsası olaraq istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus su borusunun kəsilməsi məhkəmə iclasında müəyyən olunsa da, iddiaçıya məxsus ağacların həmin səbəbdən quruması (əgər qurumuşdursa) müəyyən edilməmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi su borusunun kəsilməsi qış aylarında, yəni fevral ayında baş vermiş və həmin vaxt ağacların sulanılma vaxtı olmamışdır. İddiaçının suyun kəsilməsindən biləvasitə məlumatı olmuş və su borusunun bərpası üçün lazım olan xərc cavabdeh tərəfindən aradan qaldırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-685/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-685/2024
21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver