Məhkəmə qərarları › İş №2(125)-6856/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6856/2023

01.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6856/2023 01.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və ödənilməmiş aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2015-cı təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən onun xeyrinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-789/2019 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan 150 manat alimentin miqdarının artırılaraq hər ay üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya xərcinin əvəzi qismində 55 manat pulun və vəkil sorğusu üçün ödənilmiş 41 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsinə və tərəflər arasında bağlanmış 22 mart 2022-ci il tarixli MŞG/1-00406 nömrəli barışıq sazişinə əsasən razılaşdırılmış xx.xx.2022-ci il tarixdən hesablanan 180 manat alimentin, yəni hər ay 30 manat miqdarında artırılmış alimentin 1 il 6 ay ödənilməmiş hissəsinin, yəni cəmi 540 manat alimentin tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi – iddia tələbinin həcminin artırılması barədə ərizə verərək birgə nikahdan doğulmuş xx.xx.2015-cı təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən onun xeyrinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-789/2019 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan 150 manat alimentin miqdarının artırılaraq hər ay üçün 300 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya xərcinin əvəzi qismində 55 manat pulun və vəkil sorğusu üçün ödənilmiş 41 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsinə və tərəflər arasında bağlanmış 22 mart 2022-ci il tarixli MŞG/1-00406 nömrəli barışıq sazişinə əsasən razılaşdırılmış xx.xx.2022-ci il tarixdən hesablanan 180 manat alimentin, yəni hər ay 30 manat miqdarında artırılmış alimentin 1 il 7 ay ödənilməmiş hissəsinin, yəni cəmi 570 manat alimentin tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflərin nikahından bir uşaq – xx.xx.2015-cı təvəllüdlü X7 doğulmuşdur. Uşaq iddiaçının yanındadır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bir uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hazırda qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən hər ay 150 manat sabit pul məbləğində alimentin tutulur. Bununla belə, cavabdehlə arasında bağlanmış 22 mart 2022-ci il tarixli MŞG/1-00406 nömrəli “Barışıq Sazişi”nə əsasən cavabdeh aliment məbləğini artıraraq hər ay 180 manat ödəməyi öz üzərinə götürmüşdür. Lakin 1 il 7 aydır ki, yəni hər ay 30 manat miqdarında artırılmış cəmi 570 manat pulu cavabdeh ödəmir. Bu il uşağın 8 yaşı tamam olacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 150 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı “aliment miqdarının artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh əvvəlki həyat yoldaşı ilə barışıb, birgə yaşayır, heç bir aliment ödəmir, hazırda 150 manat aliment alır, odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi və bildirdi ki, yenidən ailə qurmuşdur, onun əvvəlki ailəsindən 2 uşağı var, hər ay 80 manat aliment ödəyir, iddiaçıya 180 manat aliment ödəyə bilər, pensiyasının məbləği 680 manatdır. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-789/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2164/2019 nömrəli 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(043)-789/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Tərəflər arasında, Gəncə 1 saylı Mediasiya təşkilatında mediasiya prosesi zamanı bağlanmış 22 mart 2022-ci il tarixli MŞG/1-00406 nömrəli “Barışıq Sazişi”nin 2-ci maddəsinə əsasən tərəflər tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün alimentin artırılması ilə bağlı,1-ci tərəfin, yəni anası İddiaçı, 2-ci tərəf yəni Atası Cavabdeh onların birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğini artıraraq hər ay 180 (yüz səksən) manat olmaqla xx.xx.2022-ci il tarixdən ödəməyi öz üzərinə götürür. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birləri ilə bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada - məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən cavabdehə verilmiş xx.xx.2023-cü il tarixli 106 nömrəli və 107 nömrəli arayışlardan görünür ki, cavabdeh həqiqətən xx.xx.2019-cu ildən hazıradək N nömrəli hərbi hissədə tibb qardaşı vəzifəsində işləyir və onun orta aylıq əməkhaqqısı vergilər çıxıldıqdan sonra 378,59 manat təşkil edir. İş materiallarında olan vəkil sorğusuna cavab məktubundan görünür ki, cavabdehin aylıq pensiya məbləği 687,84 manat təşkil edir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-351/2007 nömrəli, xx.xx.2007-c il tarixli qiyabi qətnaməsi ilə iddiaçı Cavabdeh X3 qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqları – 23 fevral 2004-cü il təvəllüdlü X5 atası Cavabdeh himayəsində qalması müəyyən edilmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş, AZ-İ 066986 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X6 arasında olan nikah ləğv edilmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş, AZ-İ seriyalı, 031273 nömrəli, xx.xx.2004-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X5 atası hesab edilmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş, AZ-İİİ seriyalı, 184508 nömrəli, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X9, anası X4r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbi alimentin tutulması ilə deyil, daha əvvəl məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması ilə bağlıdır. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən bu cür iddia ilə məhkəməyə müraciət etmiş şəxs özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu barədə sübutlar təqdim etməlidir. Sadəcə hər növbəti ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılması Ailə Məcəlləsinin 112-ci maddəsində sadalanan hallar mövcud olmadan məhkəmə aktı ilə müəyyən olunmuş alimentin birmənalı artırılması üçün əsas deyil. Belə ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimenin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Eyni zamanda ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il № 8-2/2016 saylı Qərarının 8.13-cü bəmdində də qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd edilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarı dəyişdirilə bilər. İddiaçı alimentin artırılmasını tələb edir və bir uşağın saxlanılması üçün cavabdehdən tutulmalı alimentin miqdarının hər ay sabit məbləğdə 180 manat müəyyən edilməsi barədə tərəflər 22 mart 2022-ci il tarixli MŞG/1-00406 nömrəli barışıq sazişi bağlamışlar. Buna görə də iddiaçının tələbinin əsaslı olub-olmamasını müəyyən etmək üçün həmin tarixdən sonra tərəflərin maddi və ailə vəziyyətində baş vermiş dəyişikliklər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən tərəflərin birgə nikahından doğulmuş bir uşağın saxlanması üçün alimentin tutulmalı olduğu vaxtdan cəmi 1 il 6 ay müddət keçdiyindən, bu müddət ərzində cavabdehin maddi vəziyyətində dəyişiklik olmadığından və 2022-ci il tarixdə bir uşağa görə 180 manat müəyyən edilmiş alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyətinə uyğun olduğundan alimentin yenidən artırılması əsassızdır. İddiaçı cavabdehin maddi vəziyyətində hər hansı müsbət dəyişikliyin olmasına istinad etməmiş, bu barədə sübutlar təqdim etməmişdir. İddia tələbinin əsası kimi uşaqların böyüməsi və onların xərclərinin artması göstərilmişdir. Lakin bununla bağlı da, yəni iddiaçının maddi vəziyyətində mənfi yöndə dəyişikliyin olması ilə bağlı sübutlar təqdim edilməmişdir. Həmçinin, iş materiallarından ayın olur ki, cavabdeh pensiyaçıdır və cəmi 687,84 manat pensiya alır. Belə olan təqdirdə məhkəmə alimentin əvvəlki miqdarının artırılması üçün hər hansı əsasın olmaması qənaətinə gəlir. Bundan başqa, iddiaçının digər tələbi tərəflər arasında bağlanmış 22 mart 2022-ci il tarixli MŞG/1-00406 nömrəli barışıq sazişinə əsasən razılaşdırılmış xx.xx.2022-ci il tarixdən hesablanan 180 manat alimentin, yəni hər ay 30 manat miqdarında artırılmış alimentin 1 il 7 ay ödənilməmiş hissəsinin, yəni cəmi 570 manat alimentin tutulub iddiaçıya ödənilməsi barədədir. Məhkəmə hazırki vəziyyətdə iddianın bu hissədə təmin edilməsi üçün əsas görmür ona görə ki, iddiaçı mediasiya prosesində bağlanmış barışıq sazişi üzrə qanunla müəyyən edilmiş prosedura riayət etməmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məcəllənin 355- 23.2-ci maddəsində göstərilir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Məhkəmə izah edir ki, iddiaçı cavabdehin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü qaydada icra etmədiyi və ya barışıq sazişinin könüllü icrasından imtina etdiyi təqdirdə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və ödənilməmiş aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar