Məhkəmə qərarları › İş №2(125)-6872/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6872/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6872/2025 24.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı , Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 55000 manat məbləğində borc pulun, 48000 manat məbləğində əldən çıxmış fayda qismində pulun, əsas borcun ödənilməsinin gecikdirilməsi nəticəsində vurulmuş (əsas borcun illik 5 %-i həcmində) 2750 manat zərərin və 10000 manat məbləğində mənəvi ziyanın, cəmi 115.750 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1965-cı ildə Kəlbəcər rayonu, Bağırlı kəndində doğulmuşdur. Qarabağ müharibəsi veteranıdır (2-ci qrup). Halhazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsində müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Cavabdehlərdən biri-Cavabdeh1 evlərinə yaxın ərazidə uzun müddətdir ki qəssab işləyirdi (on bir ilə yaxın). O da bazarlığını (ət məhsullarını) daim ondan alırdı və aralarıbda səmimi dostluq münasibətləri yaranmışdı. Cavabdehin atası-Cavabdeh3 və cavabdeh-Cavabdeh2 da Cavabdeh1 sayəsində tanımışdır və aralarında səmimi, mehriban münasibətlər yaranmışdır.Cavabdeh1 2025-ci ilin fevral ayında ona dostluq və biznes məqsədli təklif irəli sürdü. Dedi ki, o biznesini genişləndirmək istəyir. Belə ki, sərmayəsi olsa, daha çox iribuynuzlu mal-qara alıb saxlamaq və aylıq satış dövriyyəsini artırmaq imkanı var. Dedi ki, Göygöl rayonu, Qızılca kəndində atası Cavabdeh3 məxsus geniş ferma vardır. Və alacaqları mal-qaranı orada saxlamaq imkanları vardır. O da bu təkliflə razılaşdı və cavabdehlərlə biznes qurmaq, gəlir əldə etmək qərarına gəldi. Bu məqsədlə xx.xx.2025-ci il tarixdə 30000 manat nağd şəkildə əlbəəl, 5600 manat kart vasitəsilə olmaqla və xx.xx.2025-ci il tarixdə 15000 manat nağd şəkildə əlbəəl olmaqla, 2 dəfəyə cəmi 45000 manat borc pulu cavbdehlərdən biri-Cavabdeh1 vermişdir. Bu barədə aralarında 10,02.2025-ci il tarixdə şahidlərin iştirakı ilə müqavilə bağlandı. Müqavilə eyni zamanda onun bu dövriyyədən (biznesdən) bir il ərzində hər ay 4000 manat gəlir əldə edəcəyi razılaşdırıldı. May ayının əwələrində isə biznesin inkişafı üçün cavabdehlərdən biri-Cavabdeh1 ondan əlavə 10000 manat pul istədi və o işlərinin xətrinə həmin məbləği də tapıb Cavabdeh1 verdi. Bununla da cavabdehlərin ona ümumi əsas borcu 55000 manat oldu. Bu məbləği (yəni 55000 manat) cavabdehlər telefon danışıqlarında, səs yazılarında da dəfələrlə etiraf etmişdir. O cavabdehlərdən aylıq gəliriNi bir neçə dəfə istəsə də, onlar hər dəfəsində pulları qısa müddətə qaytaracaqlarını, işlərin zəif getdiyini bəhanə etmiş, yalan vədlər vermişlər, lakin nə əsas borcunu, nə də qazancını, aylıq əldə etməli olduğu vəd edilmiş gəlirini indiyədək qaytarmamışlar. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun olan izahat vermiş və sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh3 iştirak etmiş, iddiaçının onun oğlu Raminə verdiyi borcla bağlı öz üzərinə heç bir öhdəlik götürmədiyini, Raminin hazırda həbsdə olduğunu və ona bildirdiyinə görə iddiaçının borcunu qaytardığını bildirmişdır. Sonda Cavabdeh3 ona qarşı irəli sürülən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iştirak etmiş, iddiaçının onun qardaşı Raminə verdiyi borcla bağlı öz üzərinə heç bir öhdəlik götürmədiyini, Ramilin hazırda həbsdə olduğunu bildirmişdır. Sonda Cavabdeh2 ona qarşı irəli sürülən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə gəlməmişdir. Onun atası və qardaşı (digər cavabdehlər) Raminin cinayət törətdiyini, buna görə də barəsində həbs qətimkan tədbibinin seçildiyini və hazırda həbsdə olduğunu bildirmişlər. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və məhkəməyə gəlmiş cavabdehlərin izahatlarını dinləyib hesab edir ki, irəli sürülən iddia qismən qanuni əsaslı olduğundan, qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 bir il müddətə 45000 (qırx beş min) manat məbləğində borc pul vermişdir. Cavabdeh1 məhkəməyə gəlməmiş, ona qarşı irəli sürülən iddiaya heç bir etiraz bildirməmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə göstərir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış borc müqaviləsini işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edir və göstərir ki, işin müəyyən edilən hallarına görə, cavabdeh həmin müqavilə əsasında iddiaçıdan 45000 manat məbləğində borc almış, lakin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və aldığı həmin məbləğdə borcunu qətnamə qəbul edildiyi tarixədək ödəməmişdir. Adi riyazi hesablamadan müəyyən olunur ki, 45000 manat məbləğinin 5 faizi 2250 manat məbləğini təşkil edir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan 45000 manat məbləğində borcun qaytarılması və həmin məbləğin ödənilmədiyinə görə illik 5 faiz olmaqla 2250 manat məbləğində faiz borcunun ödənilməsi tələbi hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Yuxarıda qeyd edilən madi hüquq normalarından müəyyən edildiyi kimi, irəli sürülən iddia tələbinin Cavabdeh1 aid olan 45000 manat məbləğində borcun qaytarılması və həmin məbləğin ödənilmədiyinə görə illik 5 faiz olmaqla 2250 manat məbləığində faizlərin ödənilməsi tələbinin təmini üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının həmin cavabdehdən 45000 manat borcun və həmin məbləğin illik 5 faizi olmaqla 2250 manat məbləığində faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ona borc kimi verilmiş 45000 manat məbləğində pul və əsas borcun ödənilməsinin bir il gecikdirilməsi nəticəsində illik 5 faiz olmaqla 2250 manat məbləığində pul alınaraq, İddiaçı verilməlidir. Məhkəmə iddianı Cavabdeh1 aid olan, qalan hissələrdə əsaslı saymir, çünki, iddiaçı qalan hissələrdə iddianın əsaslılığına dair kifayət edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən isə sübuta yetirilməyən tələb təmin oluna bilməz. Məhkəmə digər cavabdehlərə aid olan hissədə də iddianı əsaslı saymır, belə ki, işin araşdırılması zamanı Cavabdeh1 iddiaçıdan aldığı borca görə onların da (digər cavabdehlərin) pul ödəmək öhdəliklərinin olması (yaranması) müəyyən edilmir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 45000 (qırx beş min) manat məbləğində əsas borc və əsas borcun ödənilməsinin gecikdirilməsi nəticəsində yaranan faiz borcu kimi 2250 manat məbləğində pul olmaqla, cəmi 47250 (qırx yeddi min iki yüz əlli) manat məbləğində pul alınıb, İddiaçı verilsin. İddia pul tələbinin qalan hissəsində və digər cavabdehlər-Cavabdeh3 və Cavabdeh2 aid olan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar