Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-694/2022 05.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Dürdanə Museyib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 7.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 7.100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 7.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 7.100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddiasını müdafiə edərək, göstərdi ki, onun əri X5 04 fevral 2014-cü ildə vəfat etmişdir. R.Ə.Əliyevin vəfatından sonra o və övladları R.Ə.Əliyev üçün zərdabə tikmək qərarına gəlmişlər. Bu məqsədlə onlar Gəncə şəhərində yerləşən «Səbizkar» adlanan məzarlıqda Cavabdeh ilə həmin zərdabəni 7.000 manat ödəniş edilməklə sonuncunun tikib, təhvil verməsi barədə razılaşmışlar. Zərdabənin tikintisi başlamamışdan əvvəl onlar zərdabənin tikiləcəyi ərazidəki torpağın tökmə torpaq olduğunu və zərdabənin gələcəkdə çökə biləcəyini cavabdehə desələr də, cavabdeh onları heç bir çöküntünün olmayacağına inandırmışdır. Lakin bir müddət bundan əvvəl o, mərhum əri R.Ə.Əliyevin məzarını ziyarət edərkən, zərdabənin çökdüyünü, bəzi daşlarının isə ümumiyyətlə zərdabədən ayrıldığını görmüşdür. Buna görə də o, Cavabdeh zərdabənin tikintisi üçün sərf edilmiş vəsaiti geri qaytarmasını tələb etsə də, Cavabdeh zərdabənin tikintisinə görə ödədiyi pulu ona geri qaytarmamışdır. Bununla da cavabdeh tərəfindən ona 7.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa, o, zərdabənin çöküntüsündən və Cavabdeh gördüyü işin qüsurlarından yeni xəbərdar olmuş, qeyd olunan səbəbdən də iddia müddəti ötürülməmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X.M.Əkbərov məhkəmədə iddiaçının izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin Cavabdeh iddia tələbinə xx.xx.2022-ci il tarixli etirazında bildirmişdir ki, bundan 8 il əvvəl, 2014-cü ildə o, Gəncə şəhərində yerləşən «Səbizkar» adlanan məzarlıqda iddiaçının mərhum əri X3 zərdabə inşa etmiş, həmin zərdabənin inşasına sərf edilmiş bütün mal-materiallar iddiaçının övladları tərəfindən alınıb verilmiş, işlərin görülməsinə görə ona ödənişləri iddiaçının övladları etmişdir. İddiaçı ilə onun arasında isə zərdabənin inşası ilə əlaqədar heç bir razılaşma olmamışdır. Digər tərəfdən zərdabənin tikilicəyi yeri o, müəyyənləşdirməmişdir və buna görə də zərdabənin tikildiyi ərazidə qrunt sularının olmasını onun bilməsi mümkün deyildir. Bundan başqa, zərdabənin tikilməsindən artıq 8 ildən də çox müddət keçmişdir və bu qədər uzun müddətdən sonra tikintinin çökməsi onun səhvi ola bilməz. Həmçinin xx.xx.2022-ci il tarixli ərizəsində Cavabdeh iddia müddətinin tətbiq edilərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mərhum əri X2 məzarı üzərində zərdabənin inşası üçün 2014-cü ildə Cavabdeh ilə podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh qeyd olunan zərdabənin inşasını həyata keçirmiş, görülmüş işlərə görə Cavabdeh 7.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin 16 iyun 2022-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən görülmüş işlərin qüsurlu olduğunu bildirmiş və ödənilmiş 7.000 manat məbləğində pul vəsaitinin yeni zərdabənin inşası üçün cavabdehdən alınıb, ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə öz etirazında bundan 8 il əvvəl, 2014-cü ildə Gəncə şəhərində yerləşən «Səbizkar» adlanan məzarlıqda iddiaçının mərhum əri X3 zərdabə inşa etdiyini, lakin həmin zərdabənin inşasına sərf edilmiş bütün mal-materialların iddiaçının övladları tərəfindən alınıb verildiyini, işlərin görülməsinə görə ödənişləri ona iddiaçının övladlarının etdiyini və İddiaçı ilə onun arasında zərdabənin inşası ilə əlaqədar heç bir razılaşma olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının mərhum əri X2 məzarı üzərində zərdabənin inşası ilə əlaqədar 2014-cü ildə bağlanılmış podrat müqaviləsi üzrə Cavabdeh tərəfindən həmin zərdabənin inşa edilməsi işin mübahisə edilməyən halı olsa da, cavabdeh məhz iddiaçı ilə podrat müqaviləsinin bağlanmasını və iddiaçının subyektiv hüququnun olmasını mübahisələndirmiş, iddiaçı isə iddia tələbinin əsası olan subyektiv hüquqlarının mövcudluğunu, yaxud həqiqətən də məhz onunla cavabdeh arasında podrat müqaviləsinin bağlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 765.1-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borludur. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi podrat müqaviləsi üzrə sifarişçi podratın, yəni görülmüş işin təhvil alınması zamanı onda qüsurlar aşkar etdiyi halda həmin qüsurların aradan qaldırılmasını tələb, belə qüsurlar aradan qaldırılmadıqda isə podrat müqaviləsindən imtina edə bilər. Hazırki halda isə iddiaçı görülmüş işin təhvil alınması zamanı hər hansı qüsurun arada qaldırılması barədə podratçıya, yəni cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, əksinə həmin işi qüsursuz qəbul etdiyinə görə razılaşdırılmış məbləğdə pul vəsaitini ödəmişdir. Belə ki, İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında mərhum əri X2 məzarı üzərində 2014-cü ildə Cavabdeh tərəfindən inşa edilmiş zərdabənin tikintisi üzrə görülmüş işləri həmin tarixdə qəbul etməklə, Cavabdeh 7.000 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən podrat müqaviləsi üzrə işin təhvil verilməsi zamanı hər hansı qüsur müəyyən olunmamış, buna görə razılaşdırılmış qaydada ödənişlər edilməklə, görülmüş iş təhvil alınmışdır. Bundan başqa, İddiaçı görülmüş işdə yaranan qüsurların məhz Cavabdeh yerinə yetirdiyi podratın qüsurlu nəticəsi olmasına, eləcə də işlərin lazımi keyfiyyətli görülməməsinə və məhz buna görə də görülmüş işdə sonradan qüsurların yaranmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin Cavabdeh iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə görə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müdətləri təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarının, xususilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinin tələbindən göründüyü podrat müqaviləsi üzrə iddia müddətinin axımı tərəfin hüququnun pozulduğunu və ya icranın qüsurunu bildiyi vaxtdan deyil, işin qəbul edildiyi vaxtdan hesablanır. Hazırki halda mövcud podrat müqaviləsi 2014-cü ildə bağlanmış və həmin müqavilə üzrə görülmüş iş iddiaçı və ya digər şəxslər tərəfndən həmin tarixdə də qəbul edilmişdir. İddiaçı isə 2014-cu ildə əldə edilmiş razılaşma üzrə öhdəliklərini icra etmədiyi halda Cavabdeh qarşı bundan 8 il sonra məhkəmədə iddia qaldırmasına, bununla da iddia müddətini buraxmasına dair məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddianın təmin edilməsinə hər hansı faktiki və hüquqi əsas müəyyən edilmədiyinə, habelə iddiaçı iddia müddətini üzrlü səbəblərdən ötürülməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməklə, İddiaçı iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 7.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 7.100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-694/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-694/2022
05.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver