Məhkəmə qərarları › İş №2(125)-695/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-695/2024

15.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-695/2024 15.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə Şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi X2, mütəxəssis Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əilakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ünvan 1 və 137 saylı ünvanların gediş-gəliş üçün nəzərdə tutulmuş dalanın cavabdeh tərəfindən bağlanmış hissəsinin açılması və dalanda olan bütün maneələrin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 və 137 saylı ünvanların ümumi gediş-gəliş üçün nəzərdə tutulmuş dalanın cavabdeh tərəfindən bağlanmış hissəsinin açılması və dalanda olan bütün maneələrin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şifahi vəsatətinə əsasən Gəncə şəhər Nizami Bələdiyyəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Zərrabi küçəsi ev 137 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. İş üzrə cavabdeh ümumi istifadədə olan dalanı zəbt edib öz mülkündə olan əraziyə qatmışdır. Onun aldığı Gəncə şəhəri, Zərrabi küçəsi 137 saylı mülkün arxiv sənədlərindən məlum olur ki, cavabdeh ümumi istifadədə olan dalanı zəbt edib öz ərazisinə qatmışdır. Ona görə də cavabdeh tərəfindən zəbt edilmiş ünvan 2 ünvanlarda yerləşən evin yerləşdiyi torpaq sahəsinə qatılmış ümumi istifadə üçün nəzərdə tutulmuş dalan zəbtdən azad edilməli və onun ətrafına cavabdeh tərəfindən quraşdırılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, dalan ümumi istifadədə olmasına baxmayaraq cavabdeh öz mülkiyyətinə salmışdır. İddiaçı evi alanda dalanın ümumi istifadədə olduğunu bilərək həmin evi almışdır, “yoxsa niyə alırdı?” Əvvəllər iddiaçının mülkiyyətində olan evə giriş-çıxış olmuşdur. Darvaza sonradan qoyulmuşdur. Hazırda bu problemə görə iddiaçı həmin evdə yaşaya bilmir, cavabdeh aranı hörmüş,“burdan gəlib-getmə” demişdir. İddianın təmin olunmasını məhkəmədn xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, 4 evin ünvanı 1 ünvanda birləşdirilmişdir. Əgər aranı məhz onlar, yəni cavabdeh bağlamışdırsa mötəbər sübut təqdim edilməlidir. Həmin evi cavabdeh 2016-cı ildə elə hazırki formada almışdır. İddiaçının evinin Təbriz küçəsinə giriş-çıxışı vardır. Vaxtı ilə 2 qardaşın olmuş, şəxsi istifadə məqsədilə, uzaq yerdən keçməmək üçün dalan açılmışdır. Cavabdeh mülkiyyətində olan evi əvvəlki mülkiyyətçidən hazırki formada almışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, mübahisəli dalana aid torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, xəritədə dalan kimi göstərilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi X3 izahatında göstərdi ki, mübahisələndirilən ərazidə dalanın mövcud olması reyestrdə şərti olaraq göstərilmişdir, ancaq ölçüləri qeyd olunmamış, eni və uzunluğu göstərilməmişdir. Eyni zamanda iddiaçının mülkiyyətində olan və Zərrabi küçəsi 137 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportuna əsasən ayrıca giriş-çıxışın mövcud olduğu müəyyən edilir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-478 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X5 ilə alıcı İddiaçı arasında ünvan 3 ünvanında yerləşən 0,124 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 139,8 kv/m olan fərdi yaşayış evinə dair alqı satqı müqaviləsi bağlanmış, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi İddiaçı 145000 manata satılmışdır. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində yerləşən 137 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi 0,124 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. MN seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində 0,1132 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 168,9 kv.m yaşayış, 29,7 kv.m köməkçi sahədən ibarət 139, 141, 141A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə məhkəmə tərəflərin iştirakı ilə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evlərinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 137 nömrəli fərdi yaşayış evinin və cavabdehə məxsus 139, 141, 141A nömrəli fərdi yaşayış evinin arasında hasar çəkilmədən həmin evlərin arasında olan torpaq sahəsi neytral olaraq qalmışdır. İddiaçıya məxsus 137 nömrəli fərdi yaşayış evinin və cavabdehə məxsus 139, 141, 141A nömrəli fərdi yaşayış evinin küçəyə doğru (Zərrabi küçəsinə asfalt yola tərəf) hissəsi əvvəllər hasarlanmaqla, hər iki evin ayrı-ayrılıqda giriş-çıxış qapısı olmuşdur. Gəncə şəhərində aparılan abadlıq işləri zamanı həmin evlərin hasarının qarşısından yenidən hasar çəkilmiş və hasar çəkilərkən cavabdehə məxsus 139, 141, 141A nömrəli evin giriş çıxışı üçün darvaza qoyulmuş, iddiaçıya məxsus 137 nömrəli evə əvvəlki mülkiyyətçi tərəfindən kiçik ölçüdə giriş çıxış qapısı qoyulmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı hazırki mülkiyyətində olan əmlakı əvvəlki mülkiyyətçidən alarkən həmin mülkün mövcud vəziyyətdə olmasını qəbul edərək öz sərbəst iradə ifadəsinə uyğun olaraq almışdır. Bununla yanaşı iddiaçı hələ mülkiyyətində olan evi əldə etməmişdən əvvəl fərdi yaşayış evinin küçəyə doğru (Zərrabi küçəsinə asfalt yola tərəf) hissəsi əvvəllər hasarlanmaqla, hər iki evin ayrı-ayrılıqda girişçıxış qapısı olmuş, Gəncə şəhərində aparılan abadlıq işləri zamanı həmin evlərin hasarının qarşısından yeni hasar çəkilərkən əvvəlki mülkiyyətçi giriş- çıxış qapısını əvvəlki vəziyyətdə saxlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsi "Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların "de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan dinc istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin hazırki hallarından görünür ki, Gəncə şəhəri, (Nizami rayonu) Zərrabi küçəsində yerləşən 137 nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olsa da, onun əmlakından istifadə etməsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə və maneçilik törədilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 və 137 saylı ünvanların gediş-gəlişi üçün nəzərdə tutulmuş dalanın cavabdeh tərəfindən bağlanmış hissəsinin açılması və dalanda olan bütün maneələrin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 və 137 saylı ünvanların ümumi gediş-gəlişi üçün nəzərdə tutulmuş dalanın cavabdeh tərəfindən bağlanmış hissəsinin açılması və dalanda olan bütün maneələrin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar