Məhkəmə qərarları › İş №2(125)-699/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-699/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-699/2022 01.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 15037,25 manat əsas və 54,9 manat faiz borcu olmaqla, cəmi 15092,15 manat və dövlət rüsumu olaraq ödənilmiş 135,28 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 16524,17 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun bu müqavilədən 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu müqavilənin 3.5.1-ci maddəsinə əsasən müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 dəfə 5 təqvim günündən çox pozduqda bank borcun qaytarılmasını “Müştəri”dən tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 25 may 2022-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 15037,25 manat əsas və 54,9 manat faiz borcu olmaqla, cəmi 15092,15 manat borcu yaranmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehin borcundan qismən ödəniş etdiyi üçün əsas borc məbləğinin azaldığını bildirmiş, iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-ci il tarixli, 1213rstKPZ/19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 1% dərəcəsi ilə 60 ay müddətinə, 16524,17 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə 14810,89 manat əsas və 56,53 manat faiz borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməmiş, nəticədə bank qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 01 sentyabr 2022-ci il tarixli maliyyə arayışında göstərilmiş 14810,89 manat əsas kredit borcu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, təqdim edilmiş maliyyə arayışında cavabdehin 56,53 manat məbləğində faiz borcu olduğu göstərilsə də, iddiaçı tərəfindən iddia ərizəsində 54,90 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tələb olunan 54,90 manat məbləğində faiz borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsini məhkəməyə verməsi üçün ödəmiş olduğu 135,28 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 135,28 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-ci il tarixli, 1213rstKPZ/19 saylı kredit müqaviləsi üzrə 14810,89 manat əsas və 54,90 manat faiz borcu olmaqla, cəmi 14865,79 manat (on dörd min səkkiz yüz altmış beş manat, yetmiş doqquz qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 135,28 (yüz otuz beş manat, iyirmi səkkiz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar