Məhkəmə qərarları › İş №2(125)-712/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-712/2023

11.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-712/2023 11.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh 3 saylı tikinti müəssisəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə- Daşkəsən Regional şöbəsi) qarşı «istehsalatda baş vermiş qəza nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh 3 saylı tikinti müəssisəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə- Daşkəsən Regional şöbəsi) qarşı «istehsalatda baş vermiş qəza nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalat qəzasında aldığı xəsarətə görə 2022-ci ilin iyul ayından dayandırılmış ödənişin bərpa edilməsi və əmək xəsarətinə görə ödənməli olan aylıq ödənişlərin Cavabdeh 3 saylı tikinti müəssisəsi tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun 41 il əmək stajı vardır. 1987-ci ildə “SSMU-3” Tikinti Quraşdırma İdarəsində işlədiyi vaxt sexin uçması nəticəsində 18 metr yüksəklikdən yıxılaraq müxtəlif dərəcəli əmək xəsarəti almışdır. Əmək qabiliyyətinin 75 faizini itirmişdir. Hadisədən sonra ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş və orta əmək haqqı hesablanmış 336 manat, əmək qabiliyyətinin 75 faizini itirdiyinə görə 25 faiz əmək haqqından çıxılıb 256 manat müavinət təyin edilmişdır. Həmin pulun 120 manatını Sosial Təminat İdarəsi öz üzərinə götürmüş, qalan məbləğin 136 manatını isə idarə ödəmişdir. 2021-ci ilin dekabr ayının 30-na qədər 55 manat miqdarında əmək xəsarəti pulu almışdır. 2022-ci ilin mart ayında Prezidentin fərmanına əsasən onun xəsarət pulu artırılaraq 225 manat təyin edilmişdir. O sevinmişdir ki, müavinəti artır, lakin bu sevinci cəmi 6 ay çəkmişdir. 2022-ci ilin aprel ayında görmüşdür ki, onun 450 manat hesabına pul köçürülmüşdür. Daha sonra getmiş Sosial Təminat Şöbəsinə soruşmuşdur ki, 450 manat nə məbləğdir. Ona cavab vermişlər ki, Prezidentin fərmanına əsasən 2022-ci ilin yanvarın 1-dən pullar əmək xəsarətinin faizi ilə hesablanıb verilsin, bu da 75 faiz əmək qabiliyyətini itirdiyinə görə hesablanıb 225 manat təyin edilmişdir. Ümumilikdə o, 2022-ci ilin yanvar ayının 1-dən 2022-ci ilin iyulun 1-nə qədər 1350 (min üç yüz əlli) manat müavinət almışdır. 2022-ci ilin iyul ayında isə əmək xəsarətinə görə müavinəti tamamilə dayandırılmışdır. Bu barədə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş ona bildirmişlər ki, Cavabdeh 3 nömrəli müəssisəsi xx.xx.2013-cü il tarixdə özəlləşməsi başa çatdığına görə ödənişi dayandırılmışdır. Cavab olaraq bildirmişlər ki, xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə guya ona xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək 6685.00 manat artıq ödəmə müəyyən edilmişdir. Sosial müavinətinin dayandırılması azmış kimi hələ üstəlik ondan 6685 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişlər. Bu qərarla qəti razı deyildir. O, vəkil vasitəsi ilə 12 saylı Ərazi Vergi İdarəsinə Cavabdeh 3 nömrəli tikinti müəssisəsinin kimə özəlləşməsi barədə sorğu vermiş, lakin ona cavab gəlmişdir ki, kommersiya sirr olduğu üçün kimə özəlləşməsi barədə məlumat verilə bilməz. Yalnız bu barədə məlumat məhkəməyə təqdim edilə bilər. O da məcbur olmuş məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin nümayəndəsi X2 ifadəsində iddiaçının iddia tələbinin əsaslı olduğunu qeyd edib təmin olunmasına heç bir etirazının olmadığını bildirdi. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla, işə Cavabdeh 3 saylı tikinti müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 27 sentyabr 2022-ci il tarixli, **********1180700 nömrəli məktubunda Azərbaycan Respublikası Vəkillər Kollegiyası 1 saylı Vəkil Bürosunun vəkili Leyla Əliyevaya bildirilmişdir ki, Cavabdeh Səhmdar Cəmiyyətinin tərkibində olan 3 saylı tikinti müəssisəsinin hüquqi varisinin və ya kimə özəlləşdirilməsi barədə məlumatların təqdim edilməsi barədə müraciətə aidiyyatı üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Sorğuda qeyd edilən məlumatlar Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya sirr təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 259.3-cü maddəsinə əsasən maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 06 iyul 2022-ci il tarixli müraciət vərəqindən görünür ki, İddiaçı özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin dayandırılması barədə məlumatın verilməsi müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 26 avqust 2022-ci il tarixli, **********57 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. xx.xx.2009-cu il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair –bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2013-cü il tarixindən Cavabdeh SC-nin 3 saylı müəssisənin özəlləşdirilməsi başa çatmışdır. Cavabdeh SC-nin 3 saylı müəssisənin xx.xx.2013-cü il tarixindən özəlləşdirilməsinə baxmayaraq xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək 6685 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Cavabdeh SC-nin 3 saylı müəssisənin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli qərarına əsasən artıq ödənilmiş müavinətin məbləği aylıq yaşa görə əmək pensiyasının məbləğindən tutulmaqla Fondun Hesabına bərpa olunacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 noyabr 2022-ci il tarixli, **********31 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olmuş 3 saylı müəssisə (qeydiyyat № **********351300, xx.xx.2010-cu il) “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, 320 nömrəli sərəncamına əsasən müəssisəsinin əmək kollektivi tərəfindən özəlləşdirilmişdir (xx.xx.2013-cü il tarixli 2719 nömrəli alqı-satqı müqaviləsi) Eyni zamanda 3 saylı müəssisəsinin hüquqi varisinin müəyyən edilməsi məqsədi ilə Dövlət Vergi Xidmətinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 yanvar 2023-cü il tarixli, **********132700 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh Səhmdar Cəmiyyətinin 3 nömrəli Müəssisəsi (VÖEN **********) keçmiş Cavabdeh Dövlət Şirkətinin 25 may 1995-ci il tarixli 83 saylı əmri ilə yaradılmış "xxxx" Birliyinin hüquqi varisidir. Müəssisənin fəaliyyəti hazırda aktiv vəziyyətdədir. Müəssisənin hüquqi varisi və özəlləşib-özəlləşməməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialının 28 mart 2023-cü il tarixli, 3-17-1/2 V-61719/2023 nömrəli arayışından görünür ki, İddiaçı DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialından Sosial X3 məlumata əsasən xx.xx.2009-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək 50 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 55 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 225 manat məbləğində Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq sosial müavinət almışdır. Müəssisənin (obyektin) alqı - satqısına dair 22 oktyabr 2013-cü il tarixli, 2719 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmetini alıcının (3 saylı müəssisənin əmək kollektivi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilən hərracda 01 nömrəli protokola əsasən aldığı 3 saylı müəssisə (ümumi sahəsi 566.2 kvadratmetr) təşkil edir. Müqavilənin 1.2-ci bəndinə görə satıcı (AR ƏMDK) satır, alıcı isə bu müqavilədə göstərilən şərtlərlə Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti 12 ünvanında yerləşən 3 saylı müəssisəni hərracdan satış qiyməti ilə (nizamnamə kapitalının 85 faizi) 44455.00 – qırx dörd min dörd yüz əlli beş manata satın alır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı istehsalatda baş vermiş bədbaxt hadisə nəticəsində əmək xəsarəti almış, əlillik dərəcəsi təyin edilmiş və əmək qabiliyyətinin 75 faizini itirmişdir. İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Lakin, iddiaçıya ödənilən aylıq ödənc əvəzinə aylıq müavinət 2022-ci ilin iyul ayında dayandırılmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və sonuncuya işlədiyi Cavabdeh 3 nömrəli müəssisəsinin xx.xx.2013-cü il tarixdə özəlləşməsinin başa çatdığına görə ödənişin dayandırılması bildirilmişdir. Müəssisənin (obyektin) alqı - satqısına dair 22 oktyabr 2013-cü il tarixli, 2719 nömrəli müqavilənə əsasən, müqavilənin predmetini alıcının (3 saylı müəssisənin əmək kollektivi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilən hərracda 01 nömrəli protokola əsasən aldığı 3 saylı müəssisə (ümumi sahəsi 566.2 kvadratmetr) təşkil etmişdir. Müqavilənin 1.2-ci bəndinə görə satıcı (AR ƏMDK) satmış, alıcı isə bu müqavilədə göstərilən şərtlərlə Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti 12 ünvanında yerləşən 3 saylı müəssisəni hərracdan satış qiyməti ilə (nizamnamə kapitalının 85 faizi) 44455.00 – qırx dörd min dörd yüz əlli beş manata satın almışdır. Hal-hazırda İddiaçı 2022-ci ilin iyul ayından dayandırılmış ödənişin bərpa edilməsi və əmək xəsarətinə görə ödənməli olan aylıq ödənişlərin cavabdeh tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbinin düzgün həlli, yəni hüquqi əsası ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən 1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair – bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Odur ki, məhkəmə iclasında müəyyən olunanlara və qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri baxımından məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 2022-ci ilin iyul ayından dayandırılmış ödənişin bərpa edilməsi və əmək xəsarətinə görə ödənməli olan aylıq ödənişlərin Cavabdeh 3 saylı tikinti müəssisəsi tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Çünki, İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının pozulması ilə əlaqədar olaraq aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmiş və Dövlət Sosial Müdafiə Fondu tərəfindən sözügedən aylıq ödənc əvəzinə aylıq müavinət ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanının 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair – bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Məhkəmə məhz buna görə də qeyd edir ki, sonuncunun sağlamlığına zərər vurulmasına səbəb olan müəssisənin özəlləşdirilməsi xx.xx.2013-cü il tarixində başa çatdığından sonuncuya 2022-ci ilin iyul ayından dayandırılmış ödənişlər bərpa edilməli və hər ay ödənilməli olan ödənişlər Cavabdeh 3 saylı tikinti müəssisəsi tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı istehsalat qəzasında aldığı xəsarətə görə 2022-ci ilin iyul ayından dayandırılmış ödənişlər bərpa edilsin və həmin tarixdən etibarən hər ay ödənilməli olan ödənişlər Cavabdeh 3 saylı tikinti müəssisəsindən tutulub İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar