Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-713/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 300 ABŞ dollarının hazırki kursla olan məzənnəsi ilə 510 manat və 1000 manat pulun, Cavabdeh2 600 (altı yüz) manat məbləğində pulun, cəmi 2100 (iki min yüz) manat pulun və 41 (qırx bir) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun kürəkəni, Mənsurə Miqdat qızı onun anası, yəni, qızının qayınanasıdır. Cavabdeh1la qızı Sevda Əsgərova xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Toydan sonra Bəxtiyar Belarusiya Respublikasına getmək istədiyini və yol pulu olaraq ondan 300 ABŞ dolları borc pul istəmiş və Belarusiyaya çatan kimi göndərəcəyini bildirmişdir. O da cavabdehə inanıb həmin məbləğdə pulu ona vermişdir. Həmin ilin dekabr ayında, Cavabdeh2 onlara gəlib Bəxtiyara pul lazım olduğunu, kirə pulunu ödəyə bilmədiyini deyib, ondan 1000 ABŞ dolları pul istəmişdir. O da həmin məbləğdə pulu olmadığı üçün Cavabdeh2 300 manat pul vermişdir. Sonra, Mənsurə poçt vasitəsilə həmin pulu Bəxtiyara göndərdiyini demişdir. 2022-ci ilin yanvar ayında Cavabdeh2 Bəxtiyarın adı ilə yenə ondan borc pul istəmiş və o, yenə də Cavabdeh2 300 manat pul vermişdir. 2022-ci ilin fevral ayında Belarusiya Respublikasında yaşayan Cavabdeh1 alveri üçün pula ehtiyacı olduğunu, bir aya qaytaracağına onu inandıraraq ondan yenə də 1000 manat borc pul istəmişdir. O, əvvəlki pulunu nə vaxt qaytaracağını soruşduqda, o, malını soyuq apardığını, tezliklə alver edib pulunun hamısını qaytaracağını demişdir. O, bacısı oğlu X4 1000 manat pul vermişdir ki, bankla Bəxtiyara göndərsin. xx.xx.2022-ci il tarixdə İlkin onun verdiyi 1000 manat pulu Cavabdeh1 göndərmişdir. (həmin qəbzi ərizəsinə əlavə edir) Dəfələrlə pulunu tələb etməsinə baxmayaraq, cavabdehlər qaytarmamışdır. xx.xx.2023-cü ildə Cavabdeh1 ilə qızı rəsmi qaydada boşanmışlar. Cehiz çıxardılmasına gedərkən də pulunu tələb etdikdə, Mənsurə ona bildirmişdir ki, “get hara şikayət edirsən et, pul görsən, qulağının dibini görərsən, sübut edə bilməzsən” – demişdir. Bundan başqa, Cavabdeh2 Kapital Bankdan da onun adına 3300 manat pul götürmüşdür, lakin, banka olan borcu hissə-hissə ödəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, onun tərəfindən heç kəsə şər və böhtan atılmır. Belə ki, dedikləri tam reallığı və həqiqəti əks etdirir. Cavabdehlərdən Cavabdeh1 onun keçmiş kürəkənidir. Qızı ilə Cavabdeh1 22 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmaqla, evlənmişlər. 26 oktyabr 2021-ci il tarixdə Cavabdeh1 onun evinə gələrək, 300 ABŞ dolları pul istəmiş, o da cavabdehə 300 ABŞ dolları məbləğində pulu vermişdir. Lakin, sözügedən pul verilən zaman heç bir rəsmiləşdirmə aparmamış, pulun verilməsi ilə bağlı cavabdehdən qəbz və s. almamışdır. Daha sonra Cavabdeh1 anası olan digər Cavabdeh2 ona yaxınlaşaraq, oğlu Bəxtiyara 1000 ABŞ dolları pul lazım olduğu bildirmişdir. O, Cavabdeh2 oğlunun ondan aldığı 300 ABŞ dolları məbləğində pulu hələ də qaytarmadığını desə də, Cavabdeh2 oğlunun qazanıb ona olan borcunu ödəyəcəyini bildirmişdir. Cavabdehin işlədiyini və qazanıb ona olan borcunu ödəyəcəyini düşünərək razılaşmış və pulu olmadığı üçün 300 manat pul vermişdir. Təxminən, 2022-ci ilin yanvar ayında Cavabdeh2 yenidən ona müraciət edərək, pul istəmiş və bu dəfə də cavabdehə 300 manat məbləğində pul vermişdir. Nəhayət, 2022-ci ilin fevral ayında Cavabdeh1 Belarusiya Respublikasından ona zəng edərək, 1000 manat pul lazım olduğunu, tezliklə qaytaracağını bildirmişdir. O da bacısı oğlu İlkin Quluzadəylə əlaqə saxlayaraq, Cavabdeh1 pulu göndərməsində ona köməklik etməsini bildirmiş və sözügedən 1000 manat məbləğində pulu Cavabdeh1 göndərməsi üçün İlkin Quluzadəyə vermişdir. Dəfələrlə cavabdehlərdən pulların qaytarılmasını tələb etsə də, cavabdehlər bundan imtina etmiş və pulları ona qaytarmamışlar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının qeyd etdiklərinin heç biri reallığı əks etdirmir. Belə ki, cavabdehlər tərəfindən İddiaçı hər hansı məbləğdə pul borc alınmamışdır. İddiaçı qərəzli mövqedən çıxış edərək, cavabdehlərdən əsassız olaraq pul tələb edir. Həmçinin, iddiaçının sözügedən pul məbləğlərinin borc kimi alınması barədə də heç bir sübutu mövcud deyildir. O cümlədən, iddiaçı İlkin Quluzadəyə Cavabdeh1 göndərməsi üçün 1000 manat məbləğində pul verdiyini iddia etsə də, bu məsələnin hazırki iddia predmetinə aidiyyatı olmamaqla yanaşı, İlkin Quluzadə və Cavabdeh1 arasında olan məsələdir. Bununla yanaşı, İddiaçı öz adına kredit götürərək, pulu Cavabdeh2 versə də, Cavabdeh2 həmin krediti vaxtı-vaxtında ödəyir. İddiaçının iddiası əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, İddiaçı onun qardaşının arvadıdır. Cavabdeh1 qardaşının keçmiş kürəkəni, digər Cavabdeh2 isə qardaşının keçmiş qudasıdır. İddiaçı ona deməsinə görə cavabdehlər iddiaçıdan dəfələrlə borc pul almış və qaytarmamışlar. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 17 fevral 2022-ci il tarixli, ********* nömrəli “X11 Köçürmələri” sistemi vasitəsi ilə edilmiş əməliyyatdan görünür ki, X6 tərəfindən Cavabdeh1 hesabına 1000 manat məbləğində pul köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının keçmiş kürəkəni, digər Cavabdeh2 isə iddiaçının keçmiş qudasıdır. İddiaçı Cavabdeh1 300 ABŞ dolları pulu şəxsən, 1000 manat pulu isə bacısı oğlu İlkin Quluzadə vasitəsi, digər Cavabdeh2 isə 2 dəfə müxtəlif vaxtlarda 300 manat olmaqla, cəmi 600 manat məbləğində pulu borc olaraq verdiyini və cavabdehlər tərəfindən həmin pulların ona qaytarılmadığını əsas gətirərək, cavabdehlərə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı 26 oktyabr 2021-ci il tarixdə 300 ABŞ dolları məbləğində pulu Cavabdeh1, 2 dəfə müxtəlif vaxtlarda 300 manat olmaqla, cəmi 600 manat məbləğində pulu isə digər Cavabdeh2 verdiyini iddia etsə də, sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulların məbləğini sübut etmək yükü qanunla iddiaçının üzərinə düşür. Lakin, iddiaçı həmin pulların məbləğini, cavabdehlərə borc məqsədilə verilməsinə dair sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, həmçinin, şahid ifadəsinə də qiymət verərək, qeyd edir ki, şahid qismində dindirilmiş Sevil Əsgərova iddiaçının özünün ona deməsinə əsasən cavabdehlərə pul verilməsini bildiyini qeyd etmişdir. Yəni, özü birbaşa pulun verilibverilməməsinin, eyni zamanda hansı məbləğlərdə pulların verilməsinin, sözügedən pulların cavabdehlər tərəfindən qəbul edilib-edilməməsinin şahidi olmamışdır. Ona görə də sözügedən şahid ifadəsi məhkəməyə mübahisənin düzgün həll edilməsi baxımından inamlı nəticə çıxarmağa kifayət etməmişdir. Buna görə də məhkəmə həmin şahid ifadəsini sübut kimi qəbul edilmir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı iddia tələbində göstərilən pulların məbləğini, cavabdehlərə verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməməklə, yanaşı, iddiaçı pulların verilməsinə istinad etdiyi tarixlərdə cavabdehlərdən Cavabdeh1 iddiaçının kürəkəni, digər Cavabdeh2 isə iddiaçının qudası olmaqla, aralarında qohumluq münasibətlərindən və adət-ənənələrindən irəli gələn etimad göstərmək, yardım etmək və sair kimi halların olması nəzərə alındıqda, həmin pulların cavabdehlərə borc kimi verilməsi də öz təsdiqini tapmır. Nəhayət, məhkəmə 1000 manat məbləğində pulun İddiaçı tərəfindən İlkin Quluzadə adlı şəxs vasitəsi ilə Cavabdeh1 borc kimi göndərməsi hissəsinə qiymət verərək qeyd edir ki, 1000 manat məbləğində pulun iddiaçı tərəfindən İlkin Quluzadə adlı şəxsə Cavabdeh1 göndərilməsi üçün borc kimi verilməsi heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı məhkəmə iclasında X6 tərəfindən yazılması şübhə doğuran ərizə təqdim etmişdir. Sözügedən ərizədə ....“X1, Gəncə Şəhər Məhkəməsi tərəfindən keçiriləcək olan, 18 aprel 2024-cü il tarixli, 2(125)-713/2024 nömrəli iş üzrə İddiaçı tərəfindən şahid qismində dəvət olunmuşam. Lakin, qeyd olunan tarix iş günlərinə təsadüf etdiyindən və mən Bakı şəhərində dövlət müəssisəsində çalışdığıma görə qeyd olunan tarixdə əyani olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəm. Əgər, mümkün olduğu təqdirdə online şəkildə qoşula bilərəm, bu da mümkün olmazsa, məhkəmədə olacaq çıxışımı aşağıda qeyd edirəm və mənim adımdan qəbul olunmağını sizdən xahiş edirəm. İddiaçı (qeyd olunan vətəndaş mənim doğma xalamdır) 2022-ci ilin fevral ayında mənə müraciət edərək Cavabdeh1 borc olaraq 1000 (bir min) manat göndərmək istədiyini bildirdi və yaşlı olduğu üçün texnologiyadan anlayışı olmadığını bildirdi və məndən köməklik göstərməyimi xahiş etdi. Cavabdeh1 ölkə xaricində olduğu üçün beynəlxalq köçürmə sistemi ilə göndərilməli idi bu səbəbdən qeyd olunan məbləği mənə göndərdi mən isə “X11 Köçürmələri” sistemi ilə xx.xx.2022-ci il tarixində ********* nömrəli köçürmə ilə Belarus Respublikasının Minsk şəhərinə Cavabdeh1 götürməsi üçün göndərdim. Pulun göndərilməsi ilə bağlı olan bankın müvafiq sənədinin nüsxəsini əlavə olaraq ərizə ilə göndərirəm, lakin orijinalı isə İddiaçı alaraq, tanış ola bilərsiniz” - qeyd edilsə də məhkəmə həmin ərizəni sübut kimi qəbul etmir. Belə ki, şahidin hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı tələblərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 62-ci və 105-ci maddələrində əks olunması nəzərə aldıqda, İlkin Quluzadə üzrlü səbəbdən məhkəmənin çağırışı üzrə gələ bilmədiyi barədə sübut təqdim etməmiş, həmçinin, X6 olduğu yerdə məhkəmə tərəfindən dindirilməmişdir. Belə olduğu halda, sözügedən ərizənin X6 tərəfindən tərtib edilməsi, yazılması, imzalanması, onun iradəsini təcəssüm etdirməsi, başqa sözlə, aldatma, zor, hədə və basqı altında yazılması, yalan ifadə olub-olmaması habelə, iş üçün əhəmiyyətli olan hallar barəsində həqiqəti əks etdirməsi məhkəmə üçün əsaslı şübhə doğurur. Buna görə də məhkəmə həmin ərizəni sübut kimi qəbul etmir və qiymətləndirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-713/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-713/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver