Məhkəmə qərarları › İş №2(125)-7280/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7280/2025

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7280/2025 24.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 onların hərəkətləri nəticəsində hər birinin ona vurduqları zərərin məbləğinə uyğun olaraq müştərək qaydada 35735 manat maddi zərərin və dövlət rüsumu olaraq ödədiyi 185 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2025-ci ilin aprel ayının əvvəllərində Gəncə şəhərində keçmiş 2705 saylı avtobazanın yaxınlığında «Brend» avtomaşın salonunda işləyən Cavabdeh1 27.500 manata **-ZU-*** dövlət nömrə nişanlı «Prado Landkruzer» markalı avtomaşın almışdır. Razılaşdıqları məbləği Gəncə şəhərində 2 saylı notariat ofisində tanışı Kənanın vasitəsi ilə Cavabdeh1 vermiş, Cavabdeh1 ona baş etibarnamə vermiş, etibarnamə 30 sentyabr 2025-ci ilədək qüvvədə olmuşdur. Avtomaşını faktiki olaraq aldıqdan sonra avtomaşına əlavə pul xərcləmişdir. 2025-ci ilin sentyabr ayının 09-da həmin avtomaşınla Bakı şəhərinə gedərkən Kürdəmir rayonu ərazisində olan dövlət yol polis postunda onları saxlamışdırlar. Polis əməkdaşlarının danışıqlarından ona məlum olmuşdur ki, avtomaşının ilkin sahibi Bakı şəhəri, 7-ci mikrorayon, ev 22, mənzil 42-də yaşayan X4 Bakı şəhəri, Yasamal rayonu, Nəcəfqulu Rəfibəyli küçəsi, bina 35, mənzil 9-da yaşayan Cavabdeh2 verdiyi baş etibarnaməni ləğv etdirmiş, bu səbəbdən Cavabdeh2 R. İsmayılova, Cavabdeh1 isə öz növbəsində ona vermiş olduğu baş etibarnamə ləğv edilmiş, son nəticədə avtomaşın faktiki olaraq onun mülkiyyətindən çıxaraq, qeyd olunan şəxslərin təqsiri nəticəsində ona zərər dəymişdir. Qeyd olunan hadisə ilə əlaqədar olaraq Gəncə şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və müraciəti əsasında Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Rəşad Salahov tərəfindən araşdırma aparılmış, təhqiqatçının 07 noyabr 2025-ci il tarixli, NK-1/1177 saylı qərarı ilə tərəflər arasında yaranmış münasibətlər mülki xarakterli olduğundan, Azərbaycan Respublikası CPM-nin 39.1.2.-ci maddəsinə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından, cinayət işi başlanması rədd edilmişdir. Adları qeyd edilən cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona maddi zərər vurmaları təhqiqatçı tərəfindən aparılan araşdırma zamanı vermiş olduqları özlərinin etirafedici izahatları ilə də təsdiq edilmişdir, ona görə həmin şəxslərin hərəkətləri nəticəsində hər birinin ona vurduqları zərərin məbləğinə uyğun olaraq müştərək qaydada həmin şəxslərdən alınaraq ona verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, ona təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair təhqiqatçının qərarından və şəxsən onunla etdikləri söhbətlərdən də məlum olur ki, Cavabdeh1 göstərilən avtomaşını ona satmamışdan 5 ay əvvəl Cavabdeh2 23.000 manata almış, 27.500 manat pulun müqabilində baş etibarnamə əsasında ona satmışdır. R. İsmayılov özünün etiraf etdiyi kimi, ona vermiş olduğu 27.500 manat pulun 23.000 manatını Cavabdeh2 vermiş, həmin pulun 4500 manatı isə onun özünə qalmışdır. Təhqiqatçının həmin qərarından və şəxsən onunla etdikləri söhbətlərdən də məlum olur ki, Cavabdeh2 həmin avtomaşını X2 razılığı ilə sonuncunun ona verdiyi baş etibarnamə əsasında R. İsmayılova 23.000 manata satmış, həmin məbləği ona ödəyəcəyinə söz vermişdir. Qeyd olunan qərardan həmçinin məlum olur ki, avtomaşının ilkin sahibi X4 avtomaşını pul müqabilində satması üçün etibarnamə əsasında Cavabdeh2 vermiş, şərtləşdikləri məbləği Cavabdeh2 ona vermədiyi üçün Cavabdeh2 verdiyi baş etibarnaməni ləğv etdirmiş, sonuncu etibarnaməni alan şəxs kimi, avtomaşının onun tərəfindən faktiki olaraq alındığını bilə-bilə ona məlumat vermədən ləğv etdirmişdir. O, avtomaşını Cavabdeh1 aldıqdan sonra avtomaşına əlavə olaraq avtomaşında olan texniki nasazlıqların aradan qaldırılması, həmçinin avtomaşına təzə təkərlər alınması üçün 2365 manat xərc qoymuşdur. Avtomaşının sığortasını yeniləmək və texniki baxışdan keçirmək üçün 350 manat pul xərcləmişdir. 2025-ci ilin avqust ayında avtomaşının kondisionerinin təmiri üçün 250 manat, avtomobilin yağının dəyişdirilməsi üçün 170 manat pul xərcləmişdir. Kürdəmir rayonu ərazisində DYP işçiləri tərəfindən 40 manat cərimə edilmiş, orada sürücüyə 60 manat verərək taksi ilə Gəncə şəhərinə qayıtmışdır. Avtomaşına ödədiyi 27.500 manatdan əlavə qeyd olunan cavabdehlərin hərəkətləri nəticəsində ona 3235 manat, ümumilikdə 30735 manat zərər dəymişdir. Bunlardan əlavə, həmin şəxslərin təqsiri nəticəsində dəfələrlə Bakıdan Gəncəyə gedib gəlmiş, əsəb gərginliyi keçirmiş, dəfələrlə həkim müayinəsində, müalicəsində olmuş, mütəmadi olaraq dərmanlar qəbul etmişdir. Bütün bunlara görə də ona dəymiş mənəvi, fiziki zərərə görə həmin şəxslərdən əlavə olaraq 5000 manat pul tələb edir. Bu minvalla, ona dəymiş zərərin ümumi məbləği 35735 manat təşkil etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, Anar və Cəfər adlı şəxsləri tanımamış, onları görməmiş, maşını Ramiz adlı şəxsdən 27500 manata almış, Ramiz isə ona etibarnamə vermişdir. Onun yaxın tanışı olan Kənan vasitəsilə həmin maşını tapmış, Kənana etibar etmişdir. Kənan salona gedib maşını danışmış, o ancaq notariusa getmiş, notariusda 27500 manat pulu Ramizə vermiş, əlavə olaraq alqı-satqı lazım olduğunu ona heç kim deməmişdir. 2025-ci ilin sentyabr ayının 09-da Bakıya gedərkən Kürdəmir postunda polis əməkdaşları onu saxlamış, etibarnamə ləğv olunduğuna görə maşın ondan alınaraq mülkiyyətçisi olan Cəfərə geri qaytarılmış, o isə 40 manat cərimə ödəmiş, 6 saat postda gözləmişdir. Sentyabr ayından bəri polisə müraciət etmiş, noyabr ayında pulu ona geri qaytaracaqlarına söz verdikləri üçün Moskvadan gəlmiş, ancaq sözlərinə əməl etməyib, 1 ay da vaxt istədiklərinə görə artıq razılaşmamışdır. 27500 manat pulunu ancaq Ramizdən tələb edir, pulu ona vermişdir. Qalan məbləğ isə ona dəymiş zərərdir. Maşının təmirinə xeyli pul xərcləmişdir. Kənan maşını ustaya aparmış, məbləği isə Kənanın deməsinə əsasən ödəmişdir. 4 ədəd təkərlərin qoyulmasına görə 800 manat, kondisionerin təmirinə və yağın dəyişilməsinə 350 manat, ustanın əl haqqına görə 30 manat, rulun dəyişilməsinə görə isə 50 manat pul ödəmişdir. Bu müddət ərzində Bakıdan Gəncəyə gəlib qayıtmağa görə xeyli xərci çıxmış, təzyiq xəstəsi olduğundan əsəb, stress keçirmiş və sağlamlığına ziyan dəymişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edib əlavə olaraq göstərdi ki, polisdə aparılmış araşdırma zamanı cavabdehlər hər biri iddiaçıya vurduqları zərəri etiraf etmişdirlər. Ramiz özü də təsdiq etmişdir ki, 23000 manata maşını Anardan alıb, 23000 manat pulu Anara vermiş, 27500 manata isə iddiaçıya satmışdır. Beləliklə 4500 manat pul Ramizin özündə qalmışdır. Anar da həmçinin etiraf etmişdir ki, 23000 manat pul ondadır. Buna görə də 4500 manat pulu Ramiz, 23000 manat pulu Anar, iddiaçı tərəfindən maşının təmirinə xərclənmiş pulu və iddiaçının keçirdiyi əsəb və stressə görə sağlamlığına dəyən zərərin əvəzini isə etibarnaməni ləğv etdirən digər cavabdeh Cəfər ödəməlidir. Bundan başqa Ramiz Anara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin məhkəmə prosesi hazırda davam etməkdədir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, maşını 23000 manata Anardan almış, 3000 manat maşına pul xərcləmiş, 1500 manat artığına, yəni 27500 manata iddiaçıya satmışdır. Maşını Kənan adlı şəxs salona gəlib maraqlanmış, etibarnamə verdikdən sonra adına keçirməsi barədə məlumat vermişdir. Maşını aldıqdan sonra 5 ay ərzində iddiaçı maşını adına keçirməmişdir, bu isə onun günahı deyildir. İddiaçının maşının təmirinə xərclədiyi məbləğ ilə bağlı heç bir ödəniş qəbzi yoxdur. Həmin maşına 2700 manatlıq heç bir xərc çəkilməmişdir. O, maşının hər bir ehtiyacını qarşılamış, tam hazır vəziyyətdə satılması üçün salona qoymuşdur. Maşının içinin sökülüb yığılması 100 manat, rulun çexolunun dəyişilməsi 40 manatdır. Əgər iddiaçı daha çox pul vermişdirsə, ola bilər ki, ona daha artıq qiymət deyilmişdir. 4500 manat pulu iddiaçıya qaytarmağa razıdır. Ancaq qalan 23000 manat pulu Anar ona qaytarmalıdır, çünki ona də zərər dəymişdir. Cəfərin etibarnaməni ləğv etməsində və iddiaçının maşını öz adına keçirməməsində onun heç bir təqsiri yoxdur. Anar 23000 manat pulu ona qaytardıqdan sonra iddiaçıya ödəməyə razıdır. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, maşını Cəfərdən almışdır. Cəfər ona borc kimi pul verməli olmuş, ancaq pulu olmadığına görə maşını borcun əvəzi kimi vermişdir. O isə maşını Cəfərdən aldıqdan bir gün sonra 23000 manata Ramizə satmışdır. Cəfər maşını satdığını görəndən sonra ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Ramiz ona zəng edib xanımı postda saxladıqlarını demiş, o isə Cəfərə zəng edərək, problemin onlar arasında olduğunu deyib etibarnamə verməsini təklif etmiş, Cəfər isə etibarnamə verməkdən imtina etmişdir. O, Ramizə etibarnamə verərkən öz adına keçirməsini demiş, Ramiz də iddiaçıya satarkən yenə də maşını öz adlarına keçirmələrini demişdir. Əgər Ramiz, yaxud da iddiaçı maşını öz adlarına keçirsə idi, bu problem olmayacaqdı. 23000 manat pulu Ramizə ödəyəcəkdir, Ramiz onu məhkəməyə vermiş, məhkəmədə də ödəyəcəyini etiraf etmişdir. Qalan məsələlərin isə ona aidiyyəti yoxdur. Maşının 4 təkəri həqiqətən dəyişilmiş, salonda da müəyyən dəyişikliklər edilmişdir. Kim tərəfindən edildiyini isə bilmir. Maşında onda olduğu vaxt isə kondisioneri həqiqətən də işlək vəziyyətdə olmamışdır. Hazırda maşın Cəfərin özündədir. Köhnə maşını vermiş, yeni təmirli maşını götürmüşdür. Hazırki iddianın ona münasibətdə təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdeh X4 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və xeyrinə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh X4 izahatında göstərmişdir ki, Anar özünü taksi şirkətinin rəhbəri kimi təqdim etmiş, ona şirkətdən səhm verməsi qarşılığında maşını Anara vermişdir. Anar maşını satmaq məqsədilə ondan almamışdır. Nəticədə isə ona pul, yaxud da səhm verməmiş, o isə Anara verdiyi etibarnaməni ləğv etmişdir. Mülki iş materiallarında olan:- Gəncə Şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Rəşad Salahov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli, BA226350 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Land-Cruiser-Prado” minik markalı, **-ZU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh3 mülkiyyətindədir. Gəncə şəhər 2 saylı notariat ofisində təsdiq edilmiş 7E-4741 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh3 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Cavabdeh1 “Land- Cruiser-Prado” minik markalı, **-ZU-*** qeydiyyat nömrə nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və s. kimi səlahiyyətləri 5 ay 27 gün müddətinə xx.xx.2025-ci il tarixədək İddiaçı etibar etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında “Land- Cruiser-Prado” minik markalı, **-ZU-*** qeydiyyat nömrə nişanlı avtomobilin alqı satqısı barədə razılaşma əldə edilərək cavabdeh həmin avtomobili 27500 manata iddiaçıya satmışdır. Lakin sonradan avtomobilin mülkiyyətçisinin tələbi ilə iddiaçıdan alınaraq geri qaytarılmışdır. İddiaçı iddia etmişdir ki, avtomaşının ilkin sahibi X4 avtomaşını pul müqabilində satması üçün etibarnamə əsasında Cavabdeh2 vermişdir. Cavabdeh2 isə Cavabdeh1 satmışdır. Aralarında olan razılaşmaya əsasən A.X5 çatası pulu vermədiyi üçün sonuncu Cavabdeh2 verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Cavabdeh2 avtomaşının onun tərəfindən faktiki olaraq alındığını bilə-bilə etibarnamənin ləğv olunması barədə ona məlumat verməmişdir. O, avtomaşını Cavabdeh1 aldıqdan sonra avtomaşına əlavə olaraq texniki nasazlıqların aradan qaldırılması və digər cərclərlə bağlı 3235 manat ödəmişdir. Bunlardan əlavə, həmin şəxslərin təqsiri nəticəsində dəfələrlə Bakıdan Gəncəyə gedib gəlmiş, əsəb gərginliyi keçirmiş, dəfələrlə həkim müayinəsində, müalicəsində olmuş, mütəmadi olaraq dərmanlar qəbul etmişdir. Bütün bunlara görə də ona dəymiş mənəvi, fiziki zərərə görə həmin şəxslərdən əlavə olaraq 5000 manat pul tələb edir. Cavabdeh1 iddianı qismən qəbul edərək avtomaşına 2700 manatlıq xərc çəkilmədiyini, avtomaşının hər bir qüsurlarını aradan qaldıraraq tam hazır vəziyyətdə satılması üçün salona qoyduğunu bildirmişdir.Bununla belə 4500 manat pulu iddiaçıya qaytarmağa razı olduğunu 23000 manatını isə Anar ona qaytardıqdan sonra iddiaçıya ödəməyə razı olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında avtomobilin alqı-satqısı ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan 27500 manat məbləğində pul almışdır. Lakin tərəflər arasında olan razılaşma üzrə alqı-satqı müqaviləsi baş tutmayaraq avtomobilin mülkiyyətçisi avtomobili geri qaytarmışdır. İddiaçı cavabdehə verdiyi pulu geri tələb etmiş, cavabdeh isə aldığı pulu qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair olan razılaşma qanunvericiliyin müəyyən etdiyi formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında avtomobilin alqı-satqısına dair bağlanmış şifahi müqavilə üzrə iddiaçı tərəfindən 27500 manat pulun cavabdehə verilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. İddaçı tərəfindən avtomobilə 800 manat dəyərində 4 ədəd şin alınması, 380 manat kondisionerin təmirinə, 50 manat rulun üzlənməsi üçün xərclənməsi və 40 manat cərimə ödənilməsi idiaçının özünün və digər Cavabdeh2 izahatı ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən avtomobilin alınmasına görə cavabdehə 27500 manat pulun Cavabdeh1 verilməsi, 1230 manat avtomobilin təmirinə xərc çəkilməsi və 40 manat cərimə ödənilməsi öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, iddiaçı cavabdehdən əsassız varlanmış şəxs kimi ona verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. Digər cavabdehlər Cavabdeh2 və X3 münasibətdə məhkəmə hesab edir ki, avtomobilin alqı-satqı razılaşması iddiaçı ilə Cavabdeh1 arasında baş verdiyindən onlara münasibətdə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 28770 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 176,31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 28770 (iyirmi səkkiz min yeddi yüz yetmiş) manat pul və 176,31 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar