Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-73/2024 05.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bankın xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8823,54 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8823,54 manat borcun və 108,24 manat ödənilmiş dövlət rüsumunun tutlması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 9559,87 manat məbləğində əldən çıxmış fayda borcu və 108,24 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına görə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3275/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv olunması; Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 44928,9 manat və ödənilməmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, daşınmaz əmlakın ilkin satış qiymətinin 100000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, Cavabdeh iş üzrə aparılmış tədqiqatlara görə 100 manat pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 200 manat pulun tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, iddia tələbinin digər hissədə rədd olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-134/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3275/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli qətnaməsi, iddia tələbinin Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldildikdə və o, satıldıqdan bir ay sonra Nizami Verdiyevin istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-134/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3275/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli qətnaməsi "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv olunması, Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 44928,9 manat və ödənilməmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi, daşınmaz əmlakın ilkin satış qiyməti 100000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması” hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4395/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarı ilə cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 134/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırkı iddia ərizəsində göstərmişdir ki, 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən illik 25 faizlə 60 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(043)-3275/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 44928,9 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC-nin) hesabına ödənilməsi qət edilmişdir. Hazırda 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində cavabdeh iddia müddəti ötdüyündən iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək izahatında qeyd etdi ki, iddia tələbi qanunsuz və əsassızdır, cavabdeh müqavilə üzrə borcundan boyun qaçırmamışdır, hazırda ipoteka predmeti olan əmlak tələbkarın balansındadır. Həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ASC (İddiaçı ASC) tərəfindən 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 25 faizlə 60 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) olmaqla – 9559,87 manat borcu yaranmışdır. Bank tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehin ünvanına xəbərdarlıq göndərilərək ondan xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində Banka tam ödəməyi tələb olunmuş və borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə Bank tərəfindən borc məbləğinin geri qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual hərəkətlərin icrasına başlanılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan “X1” "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 31/24 nömrəli “açıq hərracın yekunları barədə protokoldan” görünür ki, ipoteka predmeti olan X2 məxsus Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3275/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli icra vərəqəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş Ü.Ə.56427/2022 saylı, xx.xx.2022-ci il tarixli sifariş üzrə qalib alıcı tələbkar hüquqi şəxs İddiaçı ASC-yə satılmış, alış-qiyməti 63750 manat olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, xüsusi mülkiyyətdə olan 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135,70 kv.metr olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. İşin halları ilə müəyyən edilir ki, bank tərəfindən 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faizlə 60 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən Bank məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3275/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv olunması; Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 44928,9 manat və ödənilməmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi, daşınmaz əmlakın ilkin satış qiymətinin 100000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, iddia tələbinin digər hissədə rədd olunması qət edilmişdir. Cavabdehin apellyasiya və kassasiya şikayətləri əsasında məhkəmə qətnaməsi mübahisələndirilmişdir. Müvafiq olaraq Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-134/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4395/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Hazırda iddiaçı bank məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən ödənilməli olan borcun vaxtında ödənilməməsi ilə banka zərər vurduğunu iddia edərək gecikdirilmiş vaxt üçün yaranmış borcun - xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 9559,87 manat məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 9559,87 manat borcun və 108,24 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh İddiaçı ASC (əvvəlki "xxxx" İKB ASC) ilə bağladığı 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Qərar ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi–maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM–in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, kreditor - hazırkı mülki iş üzrə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında 08 oktyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Belə ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 27087,79 manat məbləğində əsas borcu vaxtında iddiaçıya ödəməmiş, bununla da cavabdeh iddiaçı banka zərər vurmuşdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 442, 445.7 və 448-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, qeyd edilən müqavilə üzrə zərərin əvəzinin ödənilməsi barədə iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır, lakin tələbin bir hissəsinə münasibətdə iddia müddəti keçmişdir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə də iddia müddəti üç ildir. Mülki Məcəllənin 373.3-cü maddəsindəki norma 373.2-ci maddədəki normaya münasibətdə xüsusi normadır. Odur ki, əgər tələb müqavilədən əmələ gəlirsə, lakin müqavilə ilə müəyyən edilmiş öhdəlik vaxtaşırı icra edilməlidirsə, belə halda tələb üçün iddia müddəti 373.3-cü maddəyə əsasən müəyyən edilir. Tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh öhdəliyi vaxtaşırı icra etməlidir. Həmçinin, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırki tələb Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)- 3275/2018 nömrəli qətnaməsinin elan edildiyi tarixdən başlamaqla, xx.xx.2023-cü il tarixədək vaxtaşırı aparılmış hesablara əsaslanmışdır. Buna görə də tərəflər arasında olan münasibətlər vaxtaşırı icra edilməli olan öhdəliklərlə əlaqədardır. Belə olan halda, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini, eləcə də iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki son üç il üçün əsas borca hesablanmış illik beş faiz məbləği istisna olmaqla, ondan əvvəlki dövr üçün əsas borca hesablanmış illik 5 faiz məbləğində pul vəsaitini tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə hesab edir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, iddia qismən təmin edilməli, yalnız iddianın məhkəməyə verilməsindən əvvəlki son üç il üçün banka qaytarılmamış 27087,79 manat əsas borca illik 5 faizlə hesablanmış pul məbləği (1354,49 manat x 36 ay = 4063,47 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının 12 dekabr 2023-cü il tarixdə qəbul edilməsi, cavabdehin iddiaçıya olan, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3275/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcunu vaxtında ödəməsi barədə vəzifəsindən azad etmir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 60,63 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün əsas borca illik 5 (beş) faizi dərəcəsi ilə hesablanmış 4063,47 (dörd min altmış üç manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 60,63 (altmış manat altmış üç qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-73/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-73/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver