Məhkəmə qərarları › İş №2(125)-7348/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7348/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7348/2023 11.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X1» ASC Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli 608nkKPZ/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.072 manat 10 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 535 manat 07 qəpik, cərimə qismində 37 manat 90 qəpik, cəmi 6.645 manat 07 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 86 manat 86 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «X1» ASC iddia ərizəsində göstərmişdir ki, «X1» ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 608nkKPZ/22 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh xx.xx.2027-ci il tarixədək, illik 18% ödəmək şərtilə 6.136 manat məbləğində kredit verilmişdir. Həmin kreditin məqsədli təyinatı xx.xx.2020-ci il tarixli 4037sKPZ/20 nömrəli müqavilə üzrə ödənilməmiş 1.163 manat 88 qəpik və xx.xx.2022-ci il tarixli, 1nkGNDJ/21 nömrəli müqavilə üzrə ödənilməmiş 4.966 manat 25 qəpik borcun ödənilməsi olmuşdur. Lakin Cavabdeh müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə xx.xx.2023-cü il tarixə Cavabdeh «X1» Açıq Səhmdar Cəmiyyətinə 6.072 manat 10 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 535 manat 07 qəpik, cərimə qismində 37 manat 90 qəpik məbləğində borcu yaranmışdır. Sonda «X1» ASC iddianın təmin olunması barədə qətrnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi T.İ.Piriyeva mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində iddianı etiraf etdiyini və əsas borcun əvəzi qismində 6.072 manat 10 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 535 manat 07 qəpik, cərimə qismində 37 manat 90 qəpik məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 608nkKPZ/22 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, «X1» ASC tərəfindən Cavabdeh xx.xx.2027-ci il tarixədək illik 18% ödəmək şərtilə 6.136 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təyinatı xx.xx.2020-ci il tarixli 4037sKPZ/20 nömrəli müqavilə üzrə ödənilməmiş 1.163 manat 88 qəpik və xx.xx.2022-ci il tarixli, 1nkGNDJ/21 nömrəli müqavilə üzrə ödənilməmiş 4.966 manat 25 qəpik borcun ödənilməsi olmuşdur. İşdə olan «X1» ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə «X1» ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 608nkKPZ/22 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh borcu ödənilməmiş əsas borc qismində 6.072 manat 10 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 535 manat 07 qəpik, cərimə qismində 37 manat 90 qəpik, cəmi 6.645 manat 07 qəpik məbləğində təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli billdirişin surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «X1» ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 6.072 manat 10 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 535 manat 07 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur. Buna görə də Cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 37 manat 90 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 608nkKPZ/22 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 6.072 manat 10 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 535 manat 07 qəpik, cərimə qismində 5 manat, cəmi 6.612 manat 17 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 86 manat 12 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. «X1» Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28 dekabr 2022-ci il tarixli, 608nkKPZ/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.072 (altı min yetmiş iki) manat 10 (on) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 535 (beş yüz otuz beş) manat 07 (yeddi) qəpik, cərimə qismində 5 (beş) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 86 (səksən altı) manat 12 (on iki) qəpik, cəmi 6.698 (altı min altı yüz doxsan səkkiz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. «X1» Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar