Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-738/2022 07.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 Tanrıverdi oğlunun, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Məmmədov İbrahim Hicran oğluna qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Məmmədov İbrahim Hicran oğluna qarşı iddia ərizəsi və ona əlavə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7340 manat pulun və 73.80 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qızıl-zinət əşyalarının alğı-satqızı ilə məşğuldur. Cavabdeh uzun müddətli tanışlığı qarşılıqlı qızıl-zinət əşyalarının alqı-satqısından yaranmışdır. Cavabdeh qızıl-zinət əşyalarının alqı-satqısı üçün 2021-ci ilin avqust ayının 1-də ondan 3 aydan sonra qaytarmaq şərtilə 10000 manat borc pul istədi, cavabdehi uzun müddət tanıdığı üçün ona etibar edib 10000 manat pul vermişdir. Cavabdeh pulu ondan alarkən 3 aydan sonra 10000 manatın əvəzinə 13000 manat qaytaracağını vəd vermişdir. Cavabdeh 2021-ci ilin oktyabr ayında isə ondan satmaq adı ilə ümumi dəyəri 7000 manat olan əyarı 583, çəkisi 71 qaram 3 ədəd rekert sep və əyarı 750, çəkisi 26 qram 1 ədəd gül formasında sep götürmşüdür. Cavabdeh 10000 manat borcundan 4200 manatını 70000 manat dəyərində olan qızıl-zinət əşyalarından isə 5780 manat hissəsini qaytarmışdır. Hazırda cavabdehin cəmi 7340 manat borcu qalmışdır. Lakin cavabdeh uzun müddətdir borcunu qaytarmır. Dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. O, aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Cavabdeh atası İbrahim Məmmədov qızının borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin az bir ödəniş etdikdən sonra müxtəlif bəhanələr edərək ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və təmsilçisi hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və Cavabdeh tərəfindən verilmiş iddianın etirafına dair notarial qaydada təsdiq olunmuş ərizəsinə əsaslanaraq borcun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh təmsilçisi borcun etirafı haqqında ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh verdiyi xx.xx.2022-ci il tarixli, notariat qaydada təsdiq olunmuş ərizə ilə İddiaçı 7340 manat borcu olduğunu qəbul etmiş və həmin pul məbləğinin ondan tutulmasına dair iddianı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, borcun Cavabdeh tutulması hissəsində əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməli, 7340 manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Bununla yanaşı, hazırkı iş üzrə iddiaçı borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qaydasında tələb edilən həmin pulun Cavabdeh ilə yanaşı, həmçinin cavabdeh İbrahim Məmmədovun mülkiyyətinə verilməsi barədə qarşılıqlı iradə ifadəsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflərin bildirdiyi üzrə, sözügedən borc tələbi üzrə Cavabdeh tərəfdən sonuncunun atası olan İbrahim Məmmədov iddiaçıya ödənişlər etmişdir. X1 tərəfindən təklif edilən icranın kreditor qismində İddiaçı tərəfindən qəbul edilməsi borc müqaviləsi üzrə tərəf qismində tanınmaq və tələbə cavab vermək üçün əsas deyildir. Bu səbəbdən hazırkı iş üzrə iddia tələbi İbrahim Məmmədova qarşı yönələn hissədə əsassızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7340 (yeddi min üç yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73 (yetmiş üç) manat 40 (qırx) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-738/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-738/2022
07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver