Məhkəmə qərarları › İş №2(125)-7448/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7448/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7448/2023 29.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, xx.xx.2022-ci il tarixli 14831nkBKXb/22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə 2891,25 manat əsas borc, 826,64 manat faiz borcu, 108,97 manat cərimə, cəmi 3826,86 manat pul vəsaitinin, 0,40 manat xidmət haqqının və 58,27 manat dövlət rüsumunun əvəzinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə Cavabdeh (cavabdeh və ya borcalan) xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalayaraq iddiaçı Banka təqdim etməklə Bankın internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 nömrəli “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi oferta” ilə tanış olaraq aksept etmiş, bu ərizənin, eləcə də hesabın açılması üçün müraciəti də əhatə etdiyini nəzərə alaraq, ona hesab açılmasını xahiş etmişdir. “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi oferta”nın 16.1-ci bəndinə əsasən Bank müştəriyə SMS bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırmış, ona bank hesabı (cari, kredit) açmış və ödəniş kartı təqdim etmiş, müştəri ilə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 14831nkBKXb/22 nömrəli kredit müqaviləsinə və SMS bildirişə əsasən cavabdehə xx.xx.2024-cü il tarixinədək, illik 27 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit xətti ayrılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, onun 18 sentyabr 2023-cü il tarixə Banka 2891,25 manat əsas borcu, 826,64 manat faiz borcu yaranmış, ona 108,97 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi borcu 3826,86 manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə və hesabdan çıxarışa əsasən borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 01U/21 nömrəli “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi oferta”nın 17.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun müştəri tərəfindən banka qaytarılmasının dövriliyi bu müqavilə ilə müəyyən olunur. Həmin müqavilənin 17.9-cu və 17.9.1-ci bəndlərinə əsasən müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bank bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilədə nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği, həmçinin bu müqavilənin 17.1-ci maddəsində nəzərdə tutulmuş digər ödənişlərlə birlikdə qaytarılmasını tələb edə bilər. Həmçinin müqavilənin 17.11-ci bəndinə görə müştəri kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizinin bir günə olan məbləği miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli elektron arayışdan və kredit hesabından çıxarışdan görünür ki, cavabdehin Banka 2891,25 manat əsas borc, 826,64 manat faiz borcu, 108,97 manat cərimə olmaqla, cəmi 3826,86 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli bildiriş cavabdehin ünvanına göndərilərək ona kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar ona cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü ərzində ödənilərək kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və öhdəliyi pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 58,27 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 14831nkBKXb/22 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2891,25 manat əsas borc, 826,64 manat faiz borcu, 108,97 manat cərimə olmaqla, cəmi 3826,86 (üç min səkkiz yüz iyirmi altı manat səksən altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 58,67 (əlli səkkiz manat altmış yeddi qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar