Məhkəmə qərarları › İş №2(125)-75/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-75/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-75/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və «Cavabdeh2» oğluna qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və «Cavabdeh2» oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh2»ndan cəmi 13833,89 manat kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat pulun tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus fərdi yaşayış evinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarını nəzərdən keçirərkən müəyyən olundu ki, iddia tələbi ölmüş şəxsə qarşı yönəldilmişdir. Belə ki, cavabdeh qismində qeyd olunan Cavabdeh2 xx.xx.2016-cı ildə öldüyü halda ona qarşı iddia tələbi ölümündən sonra yəni xx.xx.2018-ci il tarixdə irəli sürülmüşdür. AZ-İ 790383 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2016-cı ildə ölmüşdür. Mülki işdə olan iddia ərizəsindən görünür ki, iddia ərizəsi xx.xx.2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla belə fərdi məlumatlar haqqında elektron məlumat bazasından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s.) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Göründüyü kimi qanunvericilikdə yalnız işdə iştirak edən şəxslərə münasibətdə tərəflərdən birinin ölməsi ilə bağlı hüquqi varisinin əvəz edilməsi nəzərdə tutulmuşdur. Hazırki işin hallarından görünür ki, şəxsin ölməsi məhkəmə prosesi zamanı deyil iddia ərizəsi verilməmişdən qabaq baş vermişdir və ölmüş şəxsə qarşı iddia qaldırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261- 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və «Cavabdeh2» oğluna qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar