Məhkəmə qərarları › İş №2(125)-7530/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7530/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7530/2023 18.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 1850,20 (bir min səkkiz yüz əlli manat iyirmi qəpik) manat borc pul və ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin subyektiv tərkibini, işin xarakterini nəzərə alaraq, hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, İddiaçı MMC hüquqi şəxs olmaqla, ********** nömrəli VÖEN-i vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin X3 Şəhadətnamədən və AZEMİS – X1 əldə edilən məlumatlardan görünür ki, Cavabdeh Telefon Rabitəsi (simsiz) kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və ********** nömrəli VÖEN-i vardır. Həmçinin iddia ərizəsindən və iş materiallarına əlavə edilmiş 04 fevral 2021-ci il tarixli, 002-21 nömrəli müqavilədən görünür ki, birinci tərəf (İddiaçı MMC) müəyyən olunmuş qaydada ikinci tərəfə (Cavabdeh) Azercell nömrələri və Azercell məhsulları verir, ikinci tərəf isə həmin Malları qəbul edib, faktiki fəaliyyət göstərdiyi mağazada (sahədə) bu Müqavilənin 2.3, 2.4, 2.5 və 2.6 bəndlərində nəzərdə tutulmuş şərtlər daxilində nümayişini və satışını həyata keçirir. 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən “Borc verən” 2042,60 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan”a verməyi, “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, hazırki mübahisə hüquqi şəxs ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında olmaqla, mübahisənin hüquqi təbiəti kommersiya mübahisəsi olduğuna, işin xarakterində kommersiya mübahisəsinə dair elementlər olduğuna görə həmin iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. 01 yanvar 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə şəhərində Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilən Qərarın: 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 16-cı bəndinə əsasən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən işin məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair 2(125)-7530/2023 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar