Məhkəmə qərarları › İş №2(125)-756/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-756/2024

01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-756/2024 01.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 300 manat pulun aliment kimi Cavabdeh alınaraq, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə ailə qurmuşdurlar. Birgə nikahlarından xx.xx.2018-ci ildə İslam adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş, cavabdeh işləmək adı ilə Rusiyanın Moskva şəhərinə getmişdir. Bir müddət cüzi də olsa pul göndərmiş, ancaq daha sonra nə onunla, nə də uşaqları ilə maraqlanmamışdır. Buna görə də cavabdehdən aliment tutulması üçün məhkəməyə müraciət etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1172/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay 175 manat sabit pul məbləğində aliment kəsilmişdir. Cavabdehin, eləcə də onun valideynlərinin gəlirləri yaxşıdır. Təyin olunmuş aliment məbləğini də ayba-ay ödəyir. Lakin həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmir, uşağın heç bir tələbatını ödəmir. Günü-gündən tələbatları çoxalır. Uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV 065494 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə İslam adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1172/2021 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 175 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG-1-03771 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediasiya arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 14:30-da təyin edilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1172/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 175 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Təyin olunmuş 175 manat məbləğində aliment uşağın saxlanılması üçün yetərli olmadığından iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)- 1172/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməlidir. Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirib alimentin miqdarının artırılaraq 300 manat müəyyən edilməsini tələb etmişdir. «X2» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin qismən artırılaraq hər ay 210 (iki yüz on) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1172/2021 nömrəli qətnaməsi əsasında tutulan 175 manat alimentin miqdarı artırılaraq, hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar