Məhkəmə qərarları › İş №2(125)-758/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-758/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-758/2023 23.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 172 manat 80 qəpik məbləğində borcun silinməsi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. 27 may 2022-ci il tarixdə o, evdə olmadığı vaxt Gəncə X2 İdarəsinin əməkdaşları həmin evin qaz sayğacını yenisi ilə dəyişdirmişlər. 2022-ci ilin oktyabr ayının sonlarında ona Gəncə X2 İdarəsi tərəfindən MSK-29/1710-032446-1 saylı aktın surəti göndərilmişdir. Həmin aktda 20 oktyabr 2022-ci il tarixdə sayğaca baxış keçirildiyi və nəticədə sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir. Qeyd olunan səbəbdən təbii qazdan qanunsuz istifadə ilə əlaqədar dəymiş zərərin əvəzi qismində ona 172 manat 80 qəpik məbləğində borc hesablanmışdır. Lakin o, həmin borcu hesab edir. Belə ki, 2022-ci ilin may ayında onun yaşadığı evdə Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən qaz sayğacı dəyişdirilmişdir. Əgər qaz sayğacında hər hansı qüsur olsa idi ona bu barədə yerində məlumat verilərdi. Lakin qaz sayğacı sökülüb aparıldıqdan 5 ay sonra «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib edilib. Bundan başqa aktda da göstərildiyi kimi, qaz sayğacına kənardan hər hansı müdaxilə edilməyib, sadəcə olaraq sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmişdir. Buradan aydın olur ki, onun tərəfindən Gəncə X2 İdarəsinə heç bir maddi zərər vurulmamışdır. Sonda İddiaçı təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 172 manat 80 qəpik məbləğində borcun silinməsi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 26 may 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, dövrü yoxlama müddəti bitdiyinə görə 01562397 nömrəli sayğac çıxarılmış və 11785666 nömrəli sayğacla əvəz edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 27 may 2022-ci il tarixli AKX-04098xx/xx-2022 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin surətindən görünür ki, «Azəriqaz» İstehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı keyfiyyətli qazla təmin edir, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq «Azəriqaz» İstehsalat Birliyi tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-29/1710-022446-1 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 31 oktyabr 2022-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın tələbnaməsi»ndən görünür ki, qaz sayğacının normal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x12x30=1440 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-29/1710-022446-1 saylı rəyindən çıxarışdan görünür ki, 285498 nömrəli sayğaca baxış keçirilmişdir. Sayğacın klapanı işlək deyildir. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın arxiv yaddaşı oxunmuşdur. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar təyin edilə bilmədi. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmişdir. Sayğac istismara yararsızdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********00360 abonent kodlu istehlakçıdır. ünvan 1 fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı 285498 zavod nömrəli qaz sayğacı İddiaçı adına qeydiyyata alınmışdır. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. 26 may 2022-ci il tarixdə İddiaçı məxsus mənzilə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacı dövri yoxlama müddəti bitdiyi üçün xətdən açılmış və həmin vaxt qaz sayğacı «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən yararlı qəbul edilmişdir. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 26 may 2022-ci il tarixli, ******* saylı aktda da qeydlər aparılmışdır. Keçirilmiş yoxlama zamanı «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının iştirakı təmin olunmamış, qaz xəttindən açılmış qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, «Azəriqaz» X1 X2 İdarəsinin Gəncə Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Qəmərli küçəsi, 2-ci döngə, 36 saylı evə aid qaz sayğacının texniki baxışın keçirilməsi zamanı İddiaçı iştirakı təmin olunmamış, 2 nəfər hal şahidi baxışın keçirilməsinə cəlb edilməmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirli (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Həmçinin cavabdehin özü tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 26 may 2022-ci il tarixli, ******* nömrəli aktla, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 oktyabr 2022-ci il tarixli, ******* saylı aktla və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-29/1710-022446-1 saylı rəyindən çıxarışla 285498 nömrəli sayğacın arxiv yaddaşının oxunması zamanı sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmadığı, xətaların təyin edilə bilmədiyi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildiyi, kənar təsir izləri aşkar edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni qaz sayğacının dövlət yoxlamasına getdiyi üçün 26 may 2022-ci il tarixdə açılaraq, götürdüyünü və həmin sayğac «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən yararlı vəziyyətdə qəbul edildiyini, bundan 3 ay 24 gün sonra – 20 oktyabr 2022-ci il tarixdə qeyd olunan sayğacda müəyyən edilmiş qüsurların onun təqsiri olmadan baş verməsini «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 26 may 2022-ci il tarixli ******* saylı aktın surətini, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın surətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin 25 iyul 2022-ci il tarixli, MSK-29/1710-02446-2 saylı rəyinin surətini məhkəməyə təqdim etsə də, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 oktyabr 2022-ci il tarixli, ******* saylı akt əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış 172 manat 80 qəpik məbləğində borc silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 oktyabr 2022-ci il tarixli, ******* akt əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış 172 (bir yüz yetmiş iki) manat 80 (səksən) qəpik məbləğində borc silinsin. «Azəriqaz» İstehsalat Birliyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar