Məhkəmə qərarları › İş №2(125)-759/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-759/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-759/2024 06.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın əvəzi qismində pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 2.227 manat 40 qəpik pul vəsaitinin cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahtında göstərdi ki, Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(044)-67/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 02 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cəzanın icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvanda onun üzərinə «Attenti» markalı sadə elektron qolbaq tətbiq edilmişdir. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu və mobil qurğunun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu sındıraraq yararsız vəziyyətə salmışdır. "xxxx" QSCnin məktubuna görə «Attenti» markalı sadə elektron nəzarət vasitəsinin dəyəri 2.277 manat 40 qəpik təşkil edir. Cavabdeh vurduğu zərərin dəyərini ödənilməsi təklif olunsa da vurulmuş ziyanın dəyərini ödəməyə maddi imkanının olmamasını bildirmişdir. Sonda iddiaçının nümayəndəsi İ.H.Əliyev iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı tam həcmdə etiraf etdiyini, etirafın hüquqi nəticələrinin ona məlum olduğunu və iddianın təmin olunmasına heç bir etirazı olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(044)-67/2022 saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh üzərində qəti olaraq 1 il 02 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 1(044)-67/2022 göstərişin surətidən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(044)-67/2022 nömrəli hökmü icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(044)-67/2022 nömrəli hökmü ilə təqsirli bilinib, 1 il 02 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vsitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. Sadə elektron qolbağ mobil nəzarət qurğusu (stansionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) 2.277 manat 40 qəpik təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 35628125 nömrəli mobil nəzarət qurğusu nasaz olduğu üçün geri təhvil alınmış və 35628502 nömrəli mobil nəzarət qurğusu təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokolun surətindən göürünür ki, Cavabdeh tətbiq edilmiş 1 ədəd 35628502 nömrəli mobil nəzarət qurğusu məhkumun cəza müddətinin bitdiyi üçün təhvil alınmışdır. Elektron nəzarət vasitəsinin tamlığı yerində olsa da mobil qurğu işlək vəziyyətdə deyil. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(125)-104/2022 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(044)-67/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin digər cəza növü ilə əvəz edilməsi barədə İddiaçı böyük icra məmuru X2 təqdimatı rədd edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, ED 000289 nömrəli texniki rəyindən görünür ki, Cavabdeh nəzarətində olan 35628502 nömrəli «Attenti V6» markalı mobil qurğusunun ana platasında korroziya müşahidə olunur, təmiri mümkün deyildir və istifadəyə tam yararsızdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 45/2022 nömrəli rəsmi xəbərdarlığın surətindən görünür ki, Cavabdeh elektron nəzarət vasitələrinə baxış keçirilən zaman mobil nəzarət qurğusunun zədələndiyi və yararsız hala düşdüyü müəyyən edilmiş, elektron nəzarət vasitəsinin dəyəri cəmi 2.277 manat 40 qəpik təşkil etmişdir. Vurduğu zərəri könüllü ödəməsi əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məıumat verilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 3655/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən 35628125 nömrəli mobil nəzarət qurğusunun yararsız vəziyyətə salınması ilə əlaqədar Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2.277 manat 40 qəpik məbləğində pul vəsaitinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməsi qət edilmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən olunur ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(044)-67/2022 saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh üzərində qəti olaraq 1 il 02 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökm icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və 35628125 nömrəli mobil nəzarət qurğusu Cavabdeh təhvil verilmişdir. Lakin 35628125 nömrəli mobil nəzarət qurğusu nasaz olduğu üçün xx.xx.2023-cü il tarixdə təhvil alınmış və 35628502 nömrəli mobil nəzarət qurğusu təhvil verilmişdir. Cavabdeh tərəfindən 35628125 nömrəli mobil nəzarət qurğusunun yararsız vəziyyətə salınması ilə əlaqədar Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3655/2023 nömrəli qətnaməsi ilə Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2.277 manat 40 qəpik məbləğində pul vəsaitinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməsi qət edilmişdir. Sonradan 35628502 nömrəli mobil nəzarət qurğusu da Cavabdeh tərəfindən yararsız vəziyyətə salınmış və Cavabdeh təqsirli hərəkətləri nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə yenidən 2.227 manat 40 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh X1 iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, buna görə də X1 iddianın etiraf etməsi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi qismində 2.227 manat 40 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilməli dövlət rüsumunun əvəzi qismində 42 manat 77 qəpik məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2.227 (iki min iki yüz iyirmi yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Cavabdeh ödənilməli dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar