Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-767/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 13350 manat məbləğində pulun və 130 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlərə yeni aldığı həyət evinin bütün mebel dəstlərinin yığılması üçün 13350 manat məbləğində pul verib. Cavabdehlər 2023-cü ilin aprel ayında onların yaşadığı mənzilə gələrək hər ikisi usta olaraq özlərini təqdim etmişlər və kağızla kitabla yeni evinin bütün ölçülərini götürərək 3 ədad yataq otağı dəsti, 1 ədəd qonaq otağı dəsti və 1 ədəd mətbəx üçün mebel yığılması üçün ondan ilkin beh olaraq 2500 manat götürərək vəd etmişdirlər ki, 2023-cü ilin may ayına bütün mebelləri necəki, şəkildə onlara göstərdiyi qaydada və keyfiyyətdə hamsını italya istehsalı olan mebel ləvazimatları ilə yığıb ona təhvil verəcəklər. Lakin onlar may ayının 6 da evinə gələrək ondan 7500 manatı götürdü ki, material almağa pulları yoxdur işi davam edə bilmir. Guya bütün mebel avadanlıqlarını xarici ölkələrdən gətizdirir, halbuki, materialları sonradan onun iştirakı ilə Gəncə şəhərində satılan ən ucuz mağazalardan alaraq hazırlayırdı. May ayının sonu cavabdehlər mebelləri gətirmədi və hər gün yalan vədlər verərək 2023-cü ilin dekabr ayına qədər yataq otağı dəstlərini yarımçıq halda gətirib qurdular. Sonradan qapılar düz gəlmədiyi üçün söküb apardılar və bugünə qədər gətirməyiblər, mətbəxt mebeli də həmçinin yarımçıq halda tam rənglənməmiş qaydada gətirdilər. Sonra mebellərin rənglənməsi üçün 1650 manat cavabdehlərə yenidən pul verdi, lakin ustalarının səhlənkarlığı ucbatından mebellər yenidən söküldü və sexlərinə geri aparıldıki, guya yenidən rəngləyəcəklər 4 ay həmin mebellər sexdə saxlanıldı və sonradan cavabdeh yenidən onlara gələrək 1500 manatın verilməsini xahiş etdiki, guya divanın rənglənməsinə pul qalmamışdır, onlar həmin məbləği Cavabdeh2 öz evlərində sayaraq yenidən verdilər. Lakin bugünə qədər həmin divan onların evə gəlib çatmamışdır. Bu barədə 102 xidmətinə müraciət etdi və Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsi cavabdehləri çağıraraq onların izahatlarını aldı və izahatlarında da hər ikisi etiraf etdi ki, həqiqətən ondan iddia tələbimdə göstərilən məbləği almışdırlar. Yataq otaqlarına gətirdikləri paltar dolabının hələdə qapıları yoxdur, səhvən başqa qapıları yığıb gətirdilər sonradan sökərək yenidən apatrdılar və 200 manat ondan həmin günü pul aldılar, halbuki həmin yataq otağı dəstini 3500 manata düzəldəcəklərini vəd edərək həmin pulu almışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini xahiş etdi və həmçinin bildirdi ki, cavabdehlərə vaxt verilməsinə baxmayaraq, mebellərdəki qüsurların arada aldırılması üçün hər hansı cəhd göstərmədilər və hər hansı qüsuru aradan qaldırmadılar. İddiaçı əvvəlki məhkəmə iclaslarında bildirmişdi ki, müdir kimi Eşqin özünü təqdim etmişdir, sonuncu dəfə 1 ay əvvəl Kamil 1500 manat pulu təhvil almışdır. Fotoşəkillər təqdim etmişlər və görüntülərə uyğun olaraq mebellərin hazırlanması barədə razılaşmışlar. Mebellər razılaşdıqları keyfiyyətə uyğun təhvil verilməmişdir. Yataq otağında yatağın, termo, tumbalar, paltar şkafı; uşaq yataq otağında 2 kravat, 2 şfaner, 2 termo, 2 yazı stolu; mətbəx mebeli; qonaq otağında divan, kreslo, televizor altlığı və jurnal stolu quraşdırılması və cehiz stol və stullarımın boyanması barədə razılaşmışdılar. Qonaq otağı üçün televizor altlığı, jurnal stolu, divan və kreslo işləri təhvil verilməmişdir, uşaq yataq otağında mebellər natamam təhvil verilmişdir, yemək stol və stulu keyfiyyətsiz boyanmışdır. Mebellər lazımi keyfiyyətdə təhvil verilməmişdir. Mebellərin təhvil alınmasına, pulların qaytarılmasına razıdır. Qüsurların aradan qaldırılması üçün cavabdehlərə vaxt və imkan verməyə razıdır. İddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdi ki, iddiaya etiraz edir. Tərəflərindən divan və kreslo, habelə şkafın qapıları təhvil verilməli idi, lakin təhvil verilməmişdir. Təhvil verilən məhsulların keyfiyyətindən iddiaçı razı qalmışdı. İşlərin görülməsi barədə 1 il əvvəl razılaşmışlar və razılaşdırdıqdan 2-3 ay sonra işləri tam təhvil verilməli idi. Pulları götürməyə digər cavabdehlə birgə getmişlər, pullar sayılıb ona təhvil verilmişdir. Ümumilikdə, iddiaçıdan 13500 manat almışlar, 3200 manat pul alacaqları qaldı. Fotoşəkillərə əsasən keyfiyyətin müəyyənləşdirilib hazırlanması mümkün deyildir. Mebellər lazımi keyfiyyətdə təhvil verilmişdir. Mebellərin təhvil alınması, pulların qaytarılmasına razı deyil. Vaxt veriləcəyi halda qüsurları aradan qaldırar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdi ki, iddiaya etiraz edir. Yataq otağında yatağı, termo, tumbalar, paltar şkafı; uşaq yataq otağında 2 kravat, 2 şfaner, 2 termo, 2 yazı stolu; mətbəx mebeli; qonaq otağında divan, kreslo, televizor altlığı və jurnal stolu quraşdırılması və cehiz stol və stullarımın boyanması barədə razılaşmışdılar. Yataq otağında paltar şkafının qapaqları və güzgüləri; uşaq yataq otağında 1 şkaf qapağının bəzəkləri, 2 güzgü və 2 tumba; qonaq otağında hər hansı mebel təhvil verməmişlər. Qonaq otağında yemək stolu dəstinin boyanmasını həyata keçirmişlər. 3200 manat alacaqları qalmışdı, həmin alacaq divan və kreslo üçün nəzərdə tutulmuşdur. Mebellər lazımi keyfiyyətdə təhvil verilmişdir. Mebellərin təhvil alınması, pulların qaytarılmasına razı deyil. Vaxt veriləcəyi halda qüsurları aradan qaldırar. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/2544 materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş; Vətəndaş İddiaçı qeyd olunan müraciəti ilə bağlı mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin Qərar üzrə araşdırma zamanı izahatı alınmış vətəndaş İddiaçı göstərmişdir ki, yeni adlığı ünvan 1 ünvana mətbəx, 3 yataq otağı və evin zalına mebel düzəltdirmək üçün usta kimi tanıdığı Cavabdeh1 və Cavabdeh2 beh olaraq 2500 manat pul vermiş, ümumilikdə Eşqin ilə 16500 manata razılaşmış və ona məxsus köhnə mebelləri təmir etmək üçün Eqşin ilə 1600 manata razılaşmışdır. 2023-cü ilin sonunadək Eşqinin mebelləri gətirib təhvil verməyib, ona zəng edən zaman müxtəlif bəhanələr bildiririb mebelləri gətirəcəyini desə də gətirməmişdir. 2024- cü ilin əvvəllərində uşaq yataq dəstini düzəldib gətirmiş, həmin vaxt 10 gün müddətinə digər mebelləri gətirmək üçün ondan 7500 manat pul istədiyinə görə Kamilin yanında Eşqinə 7500 manat pul vermiş, lakin Eşqin qeyd olunan müddətdə mebelləri düzəldib gətirməmişdir. Kamil daha sonra yaşadığı ünvana gəlib mebelin bir hissəsinin hazır olduğunu bildirib yataq döşəklərini almaq üçün onadan yenidən 1500 manat pul almış, təxminən 10 gün sonra uşaq otağının dolabını, yataq otağının kravatını və yataq otağının dolabını qapısız qurub getmiş, lakin Eşqin 13500 manat dəyərində mebelini gətirib təhvil verməyib. Həmin qərar üzrə Araşdırma zamanı izahatı alınmış vətəndaş Cavabdeh1 göstərmişdir ki, İddiaçı barəsində etmiş olduğu müraciət ilə tanış olmuş, təxminən 2023-cü ilin avqust ayında İddiaçı məxsus Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən evə mübel düzəltmək üçün 16000 manata razılaşmış, beh olaraq 2500 manat pul almış, İddiaçı mebellərin bir qismini ilin sonunda ona təhvil verməsini bildirmişdir. Əlavə olaraq İddiaçı məxsus Goranboy rayonunda olan cehiz mebellərini gətirib təmir edib rəngləyib yaşadığı ünvana qurlaşdırmış. ilin sonunda mebellərin bir qismini yəni iki ədəd uşaq otağının, bir ədəd yataq otağının və mətbəx mebelini düzəldib təhvil vermiş, həmin vaxt yataq otağının dolabının qapısının hazır olmadığını tez bir zamanda hazırlayıb gətirəcəyini deyən zaman Aidə xanımın “heçnə olmaz dolabı gətirib qoymasını, qapısını isə hazır olan zaman gətirməsini” bildirdiyi üçün dolabı gətirib qurlaşdırmış, həmin vaxt Aidədən 500 manat pul almış, evin əsas mebellərini düzəldib təhvil verib qurlaşdırmış, bazar qiyməti 5500 manat olan divanı 3200 manat qarşılığında düzəltmək üçün razılaşmış, İddiaçı həmin vaxt 3000 manat pul vermiş, ilk öncə dolabın qapağını düzəltmiş, dalabın qapağı hazır elandan sonra divanı düzəltməyə başlamış, divanı düzəldən müddət ərzində Aidə ona zəng edərək onu təhqir etdiyi üçün mebelləri aparıb təhvil verməyib, qısa müddət ərzində mebelləri aparıb İddiaçı təhvil verəcəyini və qalan pulunu alacağını bildirmişdir. Həmin qərar üzrə araşdırma zamanı izahatı alınmış vətəndaş X1 göstərmişdir ki, İddiaçı barəsində etmiş olduğu müraciət ilə tanış olmuş, Cavabdeh1 yanında usta işləyir, Eşqinin qəbul etdiyi sifarişlərə əsasən mebelləri təmir edir, mebelləri müqabilində alınan pul barədə heç bir məlumatı yoxdur. İddiaçı sifariş verdiyi mebelləri aparıb evinə quraşdırıb təhvil vermiş, aralarında heç bir narazılıq olmamış, işini bitirdikdən sonra Aidənin ona hədiyyə olaraq 200 manat pul vermişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-133/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yataq otağında quraşdırılmış mebel dəstinin hazırlanması və quraşdırılması qüsurlu həyata keçirilmişdir. Həmin nəticələrin aradan qaldırılması üçün tələb edilən işlərin və materialın (membran material ilə) yenidən hazırlanması üçün tələb olunan məbləğ 2500-2700 manat təşkil edir. ünvan 3 ünvanında uşaq otağında quraşdırılmış mebel dəstinin hazırlanması və quraşdırılması işi qüsurlu həyata keçirilmişdir. Həmin nəticələrin aradan qaldırılması üçün tələb edilən işlərin və materialın (membran material ilə) məbləği 2 dəst uşaq otağı mebel üçün 3800-4000 manat təşkil edir. ünvan 3 ünvanında qonaq otağındakı mebellərin boyanması işi qüsurlu həyata keçirilmişdir, sifarişçinin mebellərinin yenidən boyanın təmizlənib, boyanması zərurəti yaranmışdır. Həmin nəticələrin aradan qaldırılması üçün tələb edilən işlərin və materialın məbləği 1800-2000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3 Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən podratçı olan cavabdehlər mebellər hazırlamağı və mebel boyamağı birgə qaydada öhdəsinə götürmüş, sifarişçi olan iddiaçı isə razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin izahatı və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında müəyyən olunur ki, razılaşdırılmış işlərin görülməsi üçün iddiaçı tərəfindən 13500 manat muzdun cavabdehlərə ödənilməsi müəyyən olunur. İddiaçı həmin muzdun tutulmasını xahiş etmiş; həyata keçirilmiş podratın nəticəsində mebelin boyanmasının adi istifadə üçün yararlı olmaması və mebellərin natamam təhvil verilərək podratın kəmiyyətcə yerinə yetirilməməsi ilə tələbini əsaslandırmışdır və sübut qismində bu halı təsdiqləyən mütəxəssis rəyi təqdim etmişdir. Həmin rəyə əsasən, qüsurlu görülmüş işlərin nəticələrin aradan qaldırılması məqsədilə yataq otağı üçün 2500-2700 manat, uşaq otağı üçün 3800- 4000 manat, qonaq otağı üçün 1800-2000 manat pul tələb olunduğu müəyyən edilmişdir. Cavabdeh tərəf iddiaya etiraz edərək podratın nəticəsinin qüsurlardan azad olduğunu bildirsə də, bu halı təsdiqləyəyən hər hansı dəlil təqdim etməmişdir, digər tərəfdən iş üzrə sübutlarla bu hal təkzib olunmuşdur. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, əlavə icra üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra belə podratın qüsuru tamamilə aradan qaldırılmamışdır. Belə olan halda, sifarişçi olan iddiaçı müqavilədən imtina etməyə və müqavilə ilə bağlı çəkilmiş xərcin əvəzi qismində ödənilmiş pulun tutulmasını tələb etməyə haqlıdır. Bununla yanaşı, mütəxəssis rəyində qüsurların aradan qaldırılması üçün tələb olunan məbləğ dəqiq göstərilməsə də, məhkəmə aktının qanuni qüvəyə minərək icra olunacağı gəcəcək tarixə daim artan yaşayış minimunu nəzərə alaraq məhkəmə hesab edir ki, yataq otağındakı mebellər üzrə qüsurların aradan qaldırılması üçün 2700 manat, uşaq otağındakı mebellər üzrə qüsurların aradan qaldırılması üçün 4000 manat, qonaq otağındakı mebellər üzrə qüsurların aradan qaldırılması üçün 2000 manat olmaqla, cəmi 8700 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddianın əsaslılığı sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 107 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8700 (səkkiz min yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 107 (yüz yeddi) manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli