Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-768/2025 30.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh Tağı qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomaşınına vurduğu zərərə görə 525 manat, qıfılını qırmaqla vurduğu zərərə görə 50 manat, pəncərələrini ən azı 2 dəfə sındırmaqla vurduğu zərərə görə 100 manat, cəmi 675 manat pulun tutulmasına və iddianı qaldırması ilə əlaqədar ödədiyi dövlət rüsumunun ona aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehin ata adı səhv göstərildiyindən Cavabdeh kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, müharibə veteranıdır. Cavabdeh doğma qızıdır, o, qız vaxtında da tərs, ərköyün, sözəbaxmaz olmuş, ərə gedib boşanandan sonra dəhşətli insana çevrilmiş, ona və ailə üzvlərinə düşmən kəsilmişdir. Evdən çıxıb 1 il qayıtmamış, harda olmasını, nə ilə məşğul olmasını isə deməkdən imtina etmişdir. Elə hallar olmuşdur ki, Məlahəti evə gecə vaxtı sərxoş, özünü dərk edə bilməyən halda gətirmişlər. O, 3 dəfə ailə qurmuş, lakin ailədə yaşaya bilməmiş, getdiyi yerdən qovulmuşdur, uşağı yoxdur. Məlahət ona qarşı aqressiv hərəkət etmiş, mütəmadi olaraq evini, əşyalarını dağıtmışdır. Xasiyyəti tünd və murdardır. Hansı bir iş tapırsa, əxlaqına və bəd xasiyyətinə görə onu qovmuşdurlar. Məlahət dəfələrlə üstünə hücum çəkmiş, bir neçə dəfə xəkəndazı başına vurmuş, evinin (4 otağının) pəncərələrini sındırmışdır. O, təhlükəli olduğu üçün o evində qala bilməmiş, başqa ünvanlarda yaşamağa məcbur olmuşdur. Keçən ilin yayında, yəni xx.xx.2023-ci il tarixdə o, “VAZ 2107” markalı **-VZ-*** dövlət nömrə nişanlı avtomaşınını qəsdən zədələyib, bu hərəkəti ilə ona 525 manat zərər yetirmişdir. Zərər qüsur aktı və polis təhqiqatçısı Rəsul Əsgərovun cinayət işinin başlanılmasmın rədd edilməsi barədə xx.xx.2023-ci il tarixli qərarla sübut olunmuşdur. Məlahət avtomaşınını dağıtmasını etiraf etmişdir. Həmin qərarla onun təqsiri fakt kimi müəyyən edilmiş, İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə alınması qərara alınmışdır. Bu ilin noyabr ayında isə o, pəncərələrini qırandan sonra polis işçilərini içəri buraxmamaq üçün qapını bağlamış, polis işçiləri qapını sındırıb, içəri daxil olanda isə o, özünü ölülüyə vurmuşdur. Bu dəfə məsələyə polis təhqiqatçısı Ceyhun Musayev baxmış, onun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında yenə də Məlahətin inzibati məsuliyyətə cəlb edilməsi məsələsi qoyulmuş, həm də ailə “münaqişəli ailə” kimi qeydiyyata götürülmüşdür. Halbuki, Məlahət onun ailə üzvü deyil, o qorxduğundan öz evində yaşaya bilməmiş, başqa yerlərdə qalmışdır. Bu qərarda da yazılmışdır ki, pəncərələrinin qırılması ilə ona 50 manat zərər vurulmuşdur. İnzibati məsuliyyətə alınıb-alınmamasından asılı olmayaraq Məlahət 525 manat zərəri və pəncərələrini minimum 2 dəfə darmadağın etməklə vurduğu ən azı 100 manatı və qırdığı qıfılın bərpa edilməsi dəyərini ödəməlidir. O, qıfıla 30 manat, onun qapıya salınması üçün isə ustaya zəhmət haqqı kimi 20 manat ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh bildirişi qəbul etməkdən imtina edərək məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İddiaçı şikayəti üzrə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı Rəsul Əsgərov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda hər hansı cinayət hadisəsi aşkarlanmadığından cinayət işinin başlanması rədd edilmişdir.Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında əsəbiləşərək atası Vaqifə məxsus “Vaz 2107” markalı avtomobilin daşla pəncərələrini sındırdığını və bir neçə dəfə də daşla maşına zərbə ilə vurduğunu, bundan sonra da DİN-in 102 xidmətinə müraciət etdiyini göstərmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı Ceyhun Musayev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/3102 material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi qərara alınmış, Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTByə göndərilmiş və tərəflərin “Münaqişəli ailə” kimi qeydiyyata götürülərək müvafiq profilaktiki tədbirlərin həyata keçirilməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci PŞ-nin İTByə göndərilməsi qərara alınmışdır. Həmin qərarda araşdırma zamanı Cavabdeh izahatında əsəbiləşərək atasının yataq otağının qapısının şüşəsini şüşə qabla vurub sındırdığını, daha sonra evdən çıxıb getdiyini göstərmişdir. "xxxx" İstehsalat birliyi Gəncə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktı-Rəydən görünür ki, “VAZ-21074” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 525 manat zərər dəymişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, cavabdehin izahatını, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomobilə, evinin pəncərələrinə və qapının kilidinə zərər vurulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya həmin zərərin vurulması iddiaçının izahatı və məhkəmə iclasında araşdırılmış sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM)14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, vurulmuş zərərin əvəzi 675 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1,216-220, 227,233,358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 675 (altı yüz yetmiş beş) manat və dövlət rüsumunun əvəzi 30 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-768/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-768/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver