Məhkəmə qərarları › İş №2(125)-781/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-781/2023

07.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-781/2023 07.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə X2ı İdarəsinə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» *3*7627 nömrəli, 21 oktyabr 2*22-ci il tarixli, *3*7627 nömrəli aktın ləğv edilərək, həmin akt əsasında hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 21 oktyabr 2*22-ci il tarixli, *3*7627 nömrəli aktının etibarsız hesab edilərək, həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, 21 oktyabr 2*22-ci il tarixdə «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları onun yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 411 ünvanında yerləşən evə gələrək, yeni qaz sayğacı quraşdıracaqlarını bildirmişlər. Gəncə X2ı İdarəsinin əməkdaşları onun yaşadığı fərdi yaşayış evinə gedən qaz borusunun üzərindəki sayğacı açdıqdan sonra ona sayğacın altında çat olduğunu bildirmişlər. O, bu barədə xəbərinin olmadığını demiş və yoldan keçən avtomobillərdən* daşın qalxaraq sayğaca dəyib çatlatdığını güman etmişdir. Gəncə X2ı İdarəsinin əməkdaşları ona sənədlərə imza etdirmiş və sənədləşmə işlərinin həmin imzanın sayğacın dəyişdirilməsinə görə olduğunu bildirmişlər. Lakin bir neçə gün sonra ona Gəncə X2ı İdarəsi tərəfindən məktub göndərilmiş və sayğacı zədələdiyinə görə dəymiş ziyanı ödəməli olduğu qeyd edilmişdir. Cavabdehin bununla əlaqədar tərtib etdiyi 21 oktyabr 2*22-ci il tarixli *3*7627 nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktda göstərilmişdir ki, sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır, dəymiş ziyan abonent tərəfindən ödənilməlidir. Bununla əlaqədar dəymiş ziyan 8.64* m3 olduğuna görə 1.*36 manat 8* qəpik məbləğində cərimə hesablanmışdır. Sayğac dəyişdirilərkən ona yalnız sayğacı aşağı hissəsində çat olduğu bildirilsə də, aktda sınıq olduğu göstərilir. O, bu barədə olan aktı və ya başqa sənədi öz iradəsi ilə imzalamamışdır. Onu aldadaraq, sayğacın dəyişdirilməsinə görə sənədləri imzalamağı olduğuna inandırmışlar. Onun əri və yeganə övladı eyni gündə vəfat etdiyinə görə daim matəm içərisindədir və ətraf aləmlə ünsiyyətdə çətinlik çəkir. Bundan başqa, akt tərtib edilərkən, həmin aktın surəti ona surəti təqdim edilməmişdir. 21 oktyabr 2*22-ci il tarixli *3*7627 nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktda hansı əsasla 864* m3 həcmində ziyan hesablanması da aydın deyildir. O, heç bir yerdə işləmir və maddi cəhətdən vəziyyəti ağırdır. Aktda göstərilən məbləği ödəmək imkanı yoxdur. O, sərf etdiyi qazın pulunu həmişə vaxtı-vaxtında ödəmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 1* iyun 2*22-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, dövrü yoxlama müddəti bitdiyinə görə 16*1AZ13*116*975*8 nömrəli sayğac çıxarılmış və *18921*472313 nömrəli sayğacla əvəz edilmişdir. İşdə olan «Qaz sayğacının yoxlanılması barədə» 26 sentyabr 2*22-ci il tarixli MSK- 29/171*-*3*91-1 nömrəli aktdan çıxarışdan görünür ki, 16*1AZ13*116*975*8 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu, nəticədə sayğacın ALARM-1 rejimində olduğu, klapanının bağlı olduğu müəyyən olunmuşdur. Sayğacın yaddaş arxivi oxunmuş, 1* iyun 2*22-ci il tarixdə ALARM-1 aşkar edilmişdir. Xətalar normaya uyğundur. Sayğac istismara yararsızdır. İş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» *4 noyabr 2*22-ci il tarixli, 479789* nömrəli aktın surətindən görünür ki, qaynaq sisteminə keçidə görə *18921*472313 nömrəli sayğac çıxarılmış və *18921*472313 nömrəli sayğacla əvəz edilmişdir. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 21 oktyabr 2*22-ci il tarixli, *3*7627 nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-29/171*-*3*91-2 nömrəli rəyinə əsasən sayğaca baxış keçirilərkən sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması aşkar edilmişdir. İş materiallarında olan 27 oktyabr 2*22-ci il tarixli «dəymiş ziyanın bərpasına dair tələbnamə»dən görünür ki, qaz sayğacının normal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 9* gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x24x9*=864* m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 11 iyun 2*22-ci il tarixli AKX-*414214/*6-2*22 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin surətindən görünür ki, «Azəriqaz» İstehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçınu keyfiyyətli qazla təmin edir, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq «Azəriqaz» İstehsalat Birliyi tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə 292*8*4****411* abonent kodlu istehlakçıdır. Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 411 saylı fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı 13*116 zavod nömrəli qaz sayğacı İddiaçı adına qeydiyyata alınmışdır. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. 1* iyun 2*22-ci il tarixdə İddiaçı məxsus mənzilə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacı dövri yoxlama müddəti çatdığı üçün xətdən açılmış və həmin vaxt qaz sayğacı «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən yararlı qəbul edilmişdir. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 1* iyun 2*22-ci il tarixli, ******* nömrəli aktda da qeydlər aparılmışdır. Keçirilmiş yoxlama zamanı «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının iştirakı təmin olunmamış, qaz xəttindən açılmış qaz sayğacının element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması müəyyən edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Həmçinin «Qaz sayğacının yoxlanılması barədə» 26 sentyabr 2*22-ci il tarixli MSK-29/171*-*3*91-1 nömrəli aktda da qeyd olunan qaz sayğacın yaddaşı arxivinin oxunması zamanı ALARM-1 rejiminin 1* iyun 2*22-ci ildə, yəni qaz sayğacının açıldığı tarixdə baş verdiyi qeyd olunmuşdur. Belə ki, «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh Gəncə Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 411 saylı evə aid qaz sayğacının texniki baxışın keçirilməsi zamanı İddiaçı iştirakı təmin olunmamış, 2 nəfər hal şahidi baxışın keçirilməsinə cəlb edilməmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2*11-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1*96.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1*96.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1*97.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2**2-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1*96-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirli (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Həmçinin cavabdehin özü tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş «Qaz sayğacının yoxlanılması barədə» 26 sentyabr 2*22-ci il tarixli MSK-29/171*-*3*91-1 nömrəli aktda da qeyd olunan qaz sayğacın yaddaşı arxivinin oxunması zamanı ALARM-1 rejiminin məhz 1* iyun 2*22-ci ildə, yəni qaz sayğacının Gəncə X2ı İdarəsinin əməkdaşları tərəfindən açıldığı tarixdə baş verdiyi qeyd olunmuşdur. Digər tərəfdən qaz sayğacı İddiaçı daim nəzarət altında saxlaya bilmədiyi Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 411 ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz borusunun küçə hissəsində quraşdırılmış, həmin sayğacın dövri yoxlaması mütəmadi olaraq, Gəncə X2ı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Buna baxmayaraq, təbii qazın qanunsuz istifadə müddət 9* gün, yəni 3 ay müddətlə hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni qaz sayğacının dövlət yoxlamasına getdiyi üçün 1* iyun 2*22-ci il tarixdə açılaraq, götürüldüyünü və həmin sayğacın «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən yararlı vəziyyətdə qəbul edildiyini, bundan 4 ay 11 gün sonra – 21 oktyabr 2*22ci il tarixdə qeyd olunan sayğacda müəyyən edilmiş qüsurların onun təqsiri olmadan baş verməsini «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 1* iyun 2*22-ci il tarixli ******* nömrəli aktın surətini və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 21 oktyabr 2*22-ci il tarixli, *3*7627 nömrəli aktın surətini surətini məhkəməyə təqdim etsə də, cavabdeh iddia tələbinə heç bir münasibət bildirməmiş, həmin iddia tələbinə etirazı olduğu halda isə öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 21 oktyabr 2*22-ci il tarixli, *3*7627 nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanla əlaqədar hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 21 oktyabr 2*22-ci il tarixli, *3*7627 nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış borc silinsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar