Məhkəmə qərarları › İş №2(125)-787/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-787/2024

18.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-787/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızının, Əsgərova (Bayramova) Nurlana Ramiz qızının, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızının Cavabdeh2 və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı «ərizələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, payların müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızı, Əsgərova (Bayramova) Nurlana Ramiz qızı, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızı Cavabdeh2 və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı Gəncə şəhəri 5 saylı notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli vərəsəlik işində reyestrdə 8İ-3549 nömrə ilə və 8İ-3550 nömrə ilə qeyd edilən xx.xx.2022-ci il tarixli ərizələrin etibarsız hesab edilməsi, Gəncə şəhər 5 saylı notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli vərəsəlik işində 2V-125 nömrəli reyestrdə qeyd olunan «Qanun üzrə vərəsəlik hüququ haqqında» Şəhadətnamənin İddiaçı1 mirasdan əmlakda bərabər hissədə irsin alınması hissəsində qismən etibarsız hesab edilməsi və İddiaçı1 miras əmlakdan 7/12 hissədə payının müəyyən edilməsi, Gəncə şəhəri 5 saylı notariat ofisinin reyestrdə 3M-378 nömrə ilə qeydə edilmiş «Miras payın bağışlanması müqaviləsi»nin tamamilə etibarsız hesab edilməsi, Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və «Hyundai Accent» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixli Qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, Gəncə şəhəri, Mədət Əsədov küçəsi, 66-da yerləşən miras əmlaka və «Hyundai Accent» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı1 7/12 hissədə, digər vərəsələrə münasibətdə isə 1/12 hissədə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirdi ki, əvvəlki adı ilə Gəncə şəhəri, Rüzigar Qasımov küçəsi, 2-ci döngədə yerləşən 56 nömrəli, hazırki adı ilə Gəncə şəhəri, Mədət Əsədov küçəsində yerləşən 66 nömrəli mülk Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X7 mülkiyyətində olmuşdur. Mülkün sahələri 0,0603 hektar torpaq sahəsində yerləşən tikili «A»-da 53,6 kvadrat metr 2 yaşayış otağı, 31,7 kvadrat metr köməkçi sahə, tikili «B»-də 19,8 kvadrat metr hamam, tikili «C»-də 109,1 kvadrat metr əl damı, tikili «İ»-də 26,2 kvadrat metr talvardan ibarətdir. Cavabdeh2 onu və digər iddiaçıları aldadaraq, hər birinin paylarının alınması vədi ilə onları Gəncə şəhəri 5 saylı notariat ofisinə apararaq xx.xx.2022-ci il tarixli, 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldırmış və bağışlama müqaviləsinə əsasən öz adına xx.xx.2022-ci il tarixli, 3M-378 retestr nömrəli miras payın bağışlama müqaviləsi ilə xx.xx.2022-ci il tarixli **********8410301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və bundan başqa xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Baş Polis İdarəsindən miras qalmış «Hyundai Accent» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili adına qeydiyyata aldırmışdır. X11 psixi xəstə olduğu və fəaliyyət qabiliyyətsiz hesab edilərək, üzərində qəyyum təyin olunmadığı üçün 1/6 hissədə payı özündə saxlanılmışdır. X12 inandıqlarına görə bağışlama müqaviləsi bağlanan zaman notariusda o və digər iddiaçılar müqavilənin mahiyyətini bilmədən onu imzalamış və notarius tərəfindən də müqavilənin mahiyyəti izah olunmamışdır. Sonradan məlum olmuşdur ki, mülkdə payları müəyyən olunmadan onlar paylarını Cavabdeh2 bağışlamışlar. Gəncə şəhəri 5 saylı notariat ofisindən 3M-378 reyestr nömrəli «miras payın bağışlanması müqaviləsi»ndə onların fotoşəkillərinin aşağı hissəsində əks olunmuş tarix və saatdan görünür ki, onlar vərəsə kimi müqaviləni imzalarda tarix xx.xx.2022-ci il saat 16:23:00-dan 16:25:09-dək imza etmişlər. Lakin miras payları bağışlayarkən onlar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Həmin notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli işində isə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən tarix olaraq xx.xx.2022-ci il saat 17:11 qeyd olunmuşdur. Beləliklə, onlar miras payın bağışlanması müqaviləsini imzalayarkən almadıqları miras payın bağışlanması müqaviləsində onlar tərəfindən X2 qalmış miras payını Cavabdeh2 bağışlanması qeyd olunsa da həmin müqavilədə konkret hansı mirasdan və konkret olaraq, hansı payın bağışlanması qeyd olunmamışdır. Bu halda ona dəlalət edir ki, onlar tərəfindən imza edilən sənədlərin mahiyyətini bilməmişlər, notarius isə əməliyyatların ardıcıllığını pozaraq, qanun pozuntusuna yol vermişdir. Bundan başqa, Gəncə şəhəri 5 saylı notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli notariat işində 8İ-3549 nömrə ilə və 8İ-3550 nömrə ilə qeyd edilən ərizələr onun tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evindən və «Hyundai Accent» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlaka ½ mülkiyyət hüquq haqqında şəhadətnamə almaq istəmədiyi qeyd olunmuşdur. Həmin ərizələri də o, mübahisələndirir və hesab edir ki, ərizələrin mahiyyəti ona izah olunmamışdır. Digər tərəfdən hansı məntiqlə o, miras qalmış əmlaklardan irs istəyir və eyni zamanda miras əmlaklardan ½ mülkiyyət hüququ haqqında şəhadətnamə almaqdan imtina edir? Hülbuki, miras qalmış əmlaklar onunla əri arasında olan birgə nikah dövründə əldə edilmiş əmlaklardır və həmin əmlaklara mütləq şəkildə onun ½ hissədə payı tanınmalı idi. Qeyd olunanlar nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Sonda İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddiaçıların izahatlarını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, aldığı xəsarətlər nəticəsində görmə qabiliyyətini tamamilə itirmiş və ayağı amputasiya olunmuşdur. Buna görə də hər hansı kömək olmadan o, nəinki digər işlərini, hətta ən zəruri tələbatlarını belə ödəyə bilməz. Həmçinin o, ailənin yeganə oğlu olmuşdur. Qeyd olunanlara görə də onun anası İddiaçı1, bacıları İddiaçı2, İddiaçı3 və İddiaçı4 onun atasından qalmış mirası onun adına rəsmiləşdirmişlər. Sonradan iddiaçılar kənar təsir nəticəsində ona mənfi münasibət bəsləmiş, öz iradələrinə uyğun olaraq, icra etdikləri hərəkətlərin qanuniliyini mübahisələndirmişlər. Halbuki, onun görmə qabiliyyəti ümumiyyətlə olmadığı və ayağı amputasiya olunduğu halda anasını və bacılarını aldadaraq, notariusa aparması mümkün deyildir. Onun hazırki vəziyyətində nəinki kimisə aldatması, hətta özünün aldadılaraq, hansısa sənədi imzalatdırılması daha məntiqli və realdır. Digər tərəfdən onun himayəsində heç bir yerdə işləməyən arvadı və yeni doğulmuş uşağı vardır. Belə olan halda iddiaçıların ona qarşı olan hazırki iddiası hüquqi olmamaqla yanaşı, əxlaqi baxımdan da düzgün deyildir. O, 1976-cı ildə anadan olduğuna görə həmin evin nə zaman əldə edilməsi və inşa edilməsi barədə onda hər hansı məlumat yoxdur. Sonda Cavabdeh2 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh 5 saylı notariat ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İ.R.Bayramova məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin və onun nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçıların nümayəndəsini (vəkilini) və Cavabdeh2 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AЗ seriyalı 203020 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 və X8 arasında olan nikah xx.xx.1970-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 902 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 213115 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 vərəsələri onun arvadı – İddiaçı1, övladları – Əsgərova (Bayramova) Nurlana Ramiz qızından, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızından, X3, Əliyeva (Bayramova) Mehriban Ramiz qızından, Cavabdeh2 ibarətdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Kirovabad şəhər 1 saylı DNK-nun xx.xx.1970-ci il tarixli, 4-498 reyestr nömrəli «Daşınmaz əmlakın alqısatqısı müqaviləsi»nə əsasən əmlak X22 tərəfindən X13 və X1. Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin «R.Zorqe küçəsi, 2-ci döngə, 56 nömrəli ünvanda yerləşən mülkdəki qeyri-qanuni tikililərin qanunlaşması haqqında» xx.xx.1991-ci il tarixli, 4 nömrəli qərarında R.Zorqe küçəsi, 2-ci döngə, 56 nömrəli ünvanda yerləşən əmlak Cavabdeh2 Qaffar oğlunun və X14 istifadəsində saxlanılmış və yeni hüquqmüəyyənedici sənədlərlə təmin olunmaları qeyd olunmuşdur. Gəncə şəhəri 1 saylı DNK-nun xx.xx.1991ci il tarixli, 2-827079 reyestr nömrəli «Bölgü» müqaviləsinə əsasən Zorqe küçəsi, 2-ci döngə, ev 56 ünvanında yerləşən əmlak X19 və X20 arasında bölünmüşdür. ünvan 2 ünvanında yerləşən 56 nömrəli fərdi yaşayış evinə dair X7 adına Qeydiyyat vəsiqəsi və «Fərdi yaşayış fonduna daxil olan yaşayış evi»nin texniki pasportu tərtib edilmişdir. Gəncə şəhəri, Mədət Əhmədov küçəsində yerləşən 66 saylı saylı (Yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Mədət Əhmədov küçəsi, ev 66) fərdi yaşayış evinə dair X7 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 3M-378 reyestr nömrəli «Miras payın bağışlanması müqaviləsi»nə İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 miras qoyan X6 qalmış paylarını Cavabdeh2 bağışlamışlar. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-126 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» Şəhadətnaməsinə əsasən X7 vərəsələri X18 və Cavabdeh2 miras əmlakdan pay almışlar. Gəncə şəhəri, Mədət Əhmədov küçəsində yerləşən 66 saylı fərdi yaşayış evinə dair X9 adına paylı mülkiyyət hüququ olmaqla, Cavabdeh2 (5/6 hissə) və X5 (1/6 hissə) adlarına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarından görünür ki, R.Zorge küçəsi, 2-ci döngə, 56 nömrəli ünvanda yerləşən mülk X7 və X15 adına olmaqla, əsası notariusun xx.xx.1970-ci il tarixli 4-498 nömrəli alqısatqı müqaviləsidir. Mülkün ümumi təmir sahəsi 1.499 kvadrat metrdir. Həmin mülkün qanuni hissəsi sökülmüşdür. 1971-81-ci il tarixdə müvafiq icazə sənədi olmadan sahəsi liter «A»-da 24,2 kvadrat metr və 29,4 kvadrat metr yaşayış otaqları, 16,8 kvadrat metr və 15,5 kvadrat metr örtülü eyvan, liter «B»-də 20,6 kvadrat metr yaşayış otağı, 3,4 kvadrat metr anbar, 22,4 kvadrat metr örtülü eyvan, 4,8 kvadrat metr tambur, liter «V»-də 13 kvadrat metr hamam, liter «D»-də 21,6 kvadrat metr əl damı, liter «Q»-də 7,6 kvadrat metr hamam tikilmişdir. Həmin tikililərin istifadədə saxlanılması və yeni hüquqmüəyyənedici sənədlərlə təmin edilməsi qərar alınmışdır. İş materiallarında olan X19 və X20 arasında bağlanmış 29 dekabr 1991-ci il tarixli müqavilədən görünür ki, X19 və X4 şəhəri, Zorge küçəsi, dalan 2-də yerləşən 56 nömrəli fərdi yaşayış evinin öz aralarında bölünməsi barədə razılıq əldə etmişlər. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 85,3 kvadrat metr sahəsi olan fərdi yaşayış evinə (reyestr nömrəsi **********84-10301) X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan İddiaçı1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8İ-3550 reyestr nömrəli ərizədən görünür ki, həmin ərizədə İddiaçı1 mərhum əri R.Q.Bayramovdan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə ½ hissədə şəhadətnamə almaq istəmədiyini bildirmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan İddiaçı4, X11, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 tərəfindən verilmiş ərizələrdən görünür ki, İddiaçı4, X11, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 X6 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə, «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinə əsasən **********84-10301 reyestr nömrəli daşınmaz əmlakda miras payı İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh2 bağışlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə Cavabdeh2 5/6 hissədə, X5 1/6 hissədə payları müəyyən edilmişdir. İşdə olan «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə komputer çıxarışından görünür ki, X7 «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, həmin ərizədə İddiaçı1 mərhum əri R.Q.Bayramovdan miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmədiyini bildirmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 2V-125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, R.Q.Bayramovdan miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı4, X5, Cavabdeh2, İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin bərabər hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və X11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə qeydiyyat şəhadətnaməsinin Cavabdeh2 adına verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsindən xahiş edilmişdir. İşdə olan Baş X33 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-3/2-2831/1024 nömrəli arayışından görünür ki, «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh1 vərəsəlik şəhadətnaməsinə əsasən (reys 2V- 125) Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 1345/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh2 qarşı Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, 3M-378 reyestr nömrəli miras payın bağışlama müqaviləsi ilə xx.xx.2022-ci il tarixli **********84- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə Şəhər Baş X34 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənədlərinin etibarsız hesab edilib ləğv edilməsi və əmlakların əvvəlki vəziyyətə qaytarılıb, miras paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki işə məhkəmədə baxılarkən İddiaçı1 izahatında oğlu Ramizin mirası qəbul etdikdən sonra onlara paylarını ona bağışlamaqlarını dediyini və bağışlanacaq payların əvəzində pul verəcəyini vəd etdiyini, lakin Cavabdeh2 bağışlamadan sonra pul ödəməkdən yayındığını göstərmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1345/2023 nömrəli qətnaməsi ilə Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 3M-378 reyestr nömrə ilə təsdiq edilmiş miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və Azərbaycan Respublikası DİN BDYPİ Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BD303019 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Cavabdeh2 münasibətdə ləğv olunmuşdur. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)- 1783/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1345/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 3M-378 reyestr nömrə ilə təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və Azərbaycan Respublikası DİN BDYPİ Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BD303019 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin Cavabdeh2 münasibətdə ləğv olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X19 xx.xx.1970-ci ildə əvvəlki adı ilə ünvan 4 nömrəli (hazırki adı ilə ünvan 3 ünvanda yerləşən 0,0603 hektar torpaq sahəsini əldə etmiş, xx.xx.1970-ci ildə İddiaçı1 ilə nikaha girmişdir. 1971-ci ildən 1981-ci il tarixədək Gəncə şəhəri, Mədət Əsədov küçəsində yerləşən 66 nömrəli ünvanda yerləşən 0,0603 hektar torpaq sahəsində müvafiq icazə olmadan R.Q.Bayramov tərəfindən tikinti işləri aparılmış, Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə həmin tikililərin istifadədə saxlanılması və yeni hüquqmüəyyənedici sənədlərlə təmin edilməsi qərara alınmışdır. Həmçinin R.Q.Bayramov xx.xx.2021-ci il tarixdə «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ əldə etmişdir. R.Q.Bayramov xx.xx.2021-ci il tarixdə ölmüşdür, onun vərəsələri arvadı – İddiaçı1, övladları – Əsgərova (Bayramova) Nurlana Ramiz qızından, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızından, X3, Əliyeva (Bayramova) Mehriban Ramiz qızından, Cavabdeh2 ibarətdir. Hazırda R.Q.Bayramovun vərəsələri arasında miras qalmış əmlakla əlaqədar mübahisə vardır. Buna görə də İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızı, Əsgərova (Bayramova) Nurlana Ramiz qızı, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızı Cavabdeh2 və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı «ərizələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Cavabdeh2 iddianı qəbul etməmiş və onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin həcmini nəzərə alaraq, məhkəmənin müəyyən etdiyi halların daha anlaşılan olması üçün iddianı ilk növbədə miras əmlakın nədən ibarət olmasının və onun həcminin, miras qoyan R.Q.Bayramovla İddiaçı1 birgə mülkiyyətində olan əmlakın dairəsinin, İddiaçı1 həmin əmlakdakı payının və əmlakdan imtinasının qanuniliyinin, daha sonra mirasın qəbulu və miras payın bağışlanmasına dair müqavilənin etibarlılığının araşdırılması ardıcıllığı ilə tədqiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətidir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.2-ci maddəsinə görə daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itibitməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 204.1 və 204.2-ci maddələrinə görə daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. Daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X19 xx.xx.1970-ci ildə əvvəlki adı ilə ünvan 4 ünvanında (hazırki adı ilə Gəncə şəhəri, Mədət Əsədov küçəsində yerləşən 66 nömrəli ünvanda) yerləşən 0,0603 hektar torpaq sahəsini əldə etmiş və xx.xx.1970-ci ildə İddiaçı1 ilə nikaha girmişdir. Göründüyü kimi həmin torpaq sahəsi İddiaçı1 ilə nikaha qədər R.Q.Bayramov tərəfindən əldə olunmuş, həmin xüsusat işdə olan xx.xx.1970-ci il tarixli alqı-satqı müqaviləsi, AЗ seriyalı 203020 nömrəli nikah haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli arayışı ilə təsdiq olunmuşdur. Buna görə də ünvan 4 ünvanında (hazırki adı ilə ünvan 6 sahəsi R.Q.Bayramovla İddiaçı1 birgə mülkiyyətinə deyil, tam şəkildə R.Q.Bayramovun mirasına daxil olmuşdur. Lakin həmin torpaq sahəsində tikinti işləri 1971-ci ildən 1981-ci il tarixədək - R.Q.Bayramovla İddiaçı1 nikahı dövründə onların ümumi təsərrüfatı hesabına aparılmış, bununla da həmin tikililər üzərində R.Q.Bayramov və İddiaçı1 birgə mülkiyyəti yaranmışdır. Bəhs edilən hal Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarında, eləcə də 1992-ci ilin yanvar ayında tərtib edilmiş «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda təsbit olunmuşdur. Belə ki, Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarında 1971-ci ildən 1981-ci il tarixədək müvafiq icazə olmadan R.Q.Bayramov tərəfindən tikinti işləri aparıldığı qeyd olunmuş, 1992-ci ilin yanvar ayında tərtib edilmiş «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nun 2-ci vərəqində yaşayış binası və orta eyvanın inşa edildiyi tarix 1975-ci il kimi, hamam, əl damı və darvazanın inşa edildiyi tarix isə 1979-cu il kimi göstərilmişdir. Mülki işə məhkəmədə baxılarkən Cavabdeh2 yalnız 1976-cı ildə anadan olduğunu deməklə kifayətlənmiş və fərdi yaşayış evinin inşa edildiyi tarixi xatırlamadığını bildirmişdir. Həmçinin R.Q.Bayramov xx.xx.2021-ci il tarixdə «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ əldə etmiş, həmin avtomobil R.Q.Bayramovla İddiaçı1 birgə mülkiyyətində olmuşdur. R.Q.Bayramovun xx.xx.2021-ci il tarixdə ölümündən sonra İddiaçı1 xx.xx.2022-ci il tarixdə notariat ofisinə ərizələrlə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə, «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə şəhadətnamə almaq istəmədiyini bildirmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, həmin imtinalar rəsmi reyestrdə qeydə alınamışdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunverici daşınar və daşınmaz əmlakın hüquqi statusunu, eləcə də onların əldə etmə, özgəninkiləşdirilmə və itirilmə qaydalarını fərqləndirmişdir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququndan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (MM 204.1) tələb edildiyi halda, rəsmi reyestrdə qeydə alınıb-alınmaması fərqləndirilmədən daşınar əmlaka münasibətdə, mülkiyyət hüququnun itirilməsi üçün belə bir tələb yoxdur və daşınar əmlaka mülkiyyət, eləcə də digər hüquqdan imtina üçün yalnız ixtiyarlı şəxsin imtinaya dair öz iradəsini aşkar bəyan etməsi kifayətdir (MM 203.2 və 204.2). Halbuki, Mülki Məcəllənin 650-ci maddəsi ilə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlərin müvafiq surətdə tətbiq edilməli olduğu qeyd edilmişdir. Göründüyü kimi qanunverici rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-satqı qaydalarını daşınmaz əşyalarla eyniləşdirdiyi halda, həmin əşyalardakı mülkiyyət hüququndan imtinanı eyniləşdirilməmiş, yaxud bunu zəruri hesab etməmiş, əksinə daşınar əşyalara münasibətdə hüquqdan imtinanın daha sadə formasını müəyyən etmişdir. Belə olan halda qanunun analogiyasına istinad etmək və rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyadan imtinanın hüquqi qüvvə alması üçün rəsmi reyestrdə onun qeydə alınmasını tələb etmək yolverilməzdir. Əks yanaşma sonradan bir tərəfin əmlakının artırılmasına səbəb olduğu halda, digər tərəfin əldə etdiyi əmlakından məhrum olması, habelə hüquq tətbiq etmədə tərəflərin bərabərlik hüquqlarının pozulması ilə nəticələnər. Buna görə də İddiaçı1 ünvan 1 ünvanında yerləşən torpaq sahəsindəki fərdi yaşayış evindən imtinanın hüquqi nəticələri qanunun tələbinə uyğun olmadığı halda, «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobildən imtinanın hüquqi nəticələri qanunun tələbinə uyğun olmuşdur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kvadrat metr fərdi yaşayış evi üzərində İddiaçı1 ½ hissədə payı müəyyən olunmalı, həmin paya mütənasib qaydada «qanun üzrə vərəsəlik hüququ haqqında» xx.xx.2022-ci il tarixli 2V-126 reyestr nömrəli şəhadətnamə etibarsız hesab olunmalı və daşınmaz əmlakın dövlət qeydiyyatı qismən ləğv edilməlidir. Bundan başqa, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kvadrat metr fərdi yaşayış evinin digər ½ hissəsi, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil isə R.Q.Bayramovun miras əmlakı kimi nəzərdən keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, fərdi yaşayış evindən imtinanın hüquqi nəticələrinə qiymət verildiyinə görə ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kvadrat metr fərdi yaşayış evinin ½ hissəsindən İddiaçı1 imtinasına dair xx.xx.2022-ci il tarixli 8İ-3549 reyestr nömrəli ərizənin etibarsız hesab olunmasına dair hissədə əlavə qərar qəbul olunmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər) bərabər pay hüququna malikdirlər. Həmin Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 666.1 və 666.2-ci maddələrinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mülki işin məhkəmədə araşdırılması zamanı İddiaçı1 və onun nümayəndəsi (vəkili) Vəkil «miras payın bağışlanması müqaviləsi»nin xx.xx.2022-ci il tarixdə 16:25-də imzalandığı halda, vərəsəlik hüququ haqqında şəhadətnamənin xx.xx.2022-ci il tarixdə saat 17:11-də verildiyini, həmçinin xx.xx.2022-ci il tarixdə bağlanmış «miras payın bağışlanması müqaviləsi»nin aldatma nəticəsində bağlandığını bildirmişlər. Lakin qeyd olunan şəhadətnamə iddiaçılara deyil, Cavabdeh2 və İ.R.Bayramovaya verilmişdir, miras payın bağışlanması müqaviləsi həmin şəhadətnaməyə əsaslanmamışdır. Digər tərəfdən Mülki Məcəllənin 392.2 və 1292-ci maddələrinə uyğun olaraq, vərəsələrin əmlak barəsində qabacaqcadan sərəncamları qanunauyğun olmuşdur. Buna görə də «qanun üzrə vərəsəlik hüququ haqqında» xx.xx.2022-ci il tarixli 2V-126 reyestr şəhadətnamənin tərtib edildiyi tarix xx.xx.2022-ci il tarixli «miras payın bağışlanması müqaviləsi»nin etibarsız hesab olunmasına əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1292.1-ci maddəsinə görə hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 392.1 və 392.2-ci maddələrinə görə sağ olan şəxsin miras əmlakı barəsində başqa şəxslərin bağladığı müqavilə etibarsızdır. Eyni qayda sağ olan şəxsin miras əmlakından məcburi paylar və (və ya) onun vəsiyyət tapşırığı barəsində bağlanmış müqavilələrə də tətbiq edilir. Bu qayda qanun üzrə gələcək vərəsələrin qanun üzrə vərəsəlik zamanı onlardan birinin payı haqqında və məcburi pay haqqında bağladıqları müqavilələrə tətbiq edilmir. Məhkəmə iddianın məhkəmənin icraatına qəbulu və məhkəmədə tədqiqi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli Qərardadının müddəaları kontekstində xx.xx.2022-ci il tarixli «miras payın bağışlanması müqaviləsi»nin təkrar mübahisləndirilməsi məsələsini araşdırmış, iddiaçıların əvvəlki iddia tələbində müqavilənin ləğvini xahiş etməsini, hazırki iddia tələbində isə müqavilənin etibarsız xahiş etməklə yanaşı, iddia tələbinin əsası kimi yuxarıda qeyd olunan mirasın qəbul vaxtı ilə əlaqədar yeni hala istinad etməsini nəzərə alaraq, iddianın icraata qəbul olunmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli Qərardadının 56-cı bəndində də qeyd edilib ki, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1783/2023 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsinin 42 və 44-cü hissələrində göstərilmişdir ki, mübahisə predmeti olan miras paylara dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Müqavilə tərəflərinin iradə ifadəsinə uyğun bağlanmış və hər birini müqavilə azadlığı prinsipinə uyğun olaraq, öz iradə ifadələrini ifadə etmişlər. Müqavilə rəsmiləşdirilən zaman tərəflər əvvəlcədən aparmış olduqları bütün əməliyyatların hüquqi nəticəsini və mülki hüquqi əsaslarını bilirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 86.2-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(104)-1783/2023 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli «miras payın bağışlanması müqaviləsi»nin onu bağlayan tərəflərin iradəsinə uyğun olduğu müəyyən edildiyinə görə həmin halın mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Lakin məhkəmə mülki işin həqiqi hallarının müəyyən edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş 2(125)- 1245/2023 nömrəli mülki işə məhkəmədə baxılarkən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 öz izahatlarında Cavabdeh2 ona bağışlanacaq miras əmlakın əvəzində həmin şəxslərə pul ödəyəcəyini vəd etdiyini və sonradan həmin vədinə əməl etmədiyini bildirsələr də, hazırki iddia tələbinin əsaslarından biri kimi Cavabdeh2 başqa sənədi imzalamaq adı ilə onları aldadaraq, miras payın bağışlanması müqaviləsinə imza etdirdiyini, yaxud xx.xx.2022-ci il tarixli «miras payın bağışlanması müqaviləsi»nin mətnindən xəbərdar olmamalarını göstərmişlər. Qeyd olunan xüsusatlar isə iddia tələbinin əsası kimi istinad edilən aldadılmaya, yaxud iradənin zədələnməsinə xarakterik halların ağlabatan və inandırıcı olmamasına dəlalət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamənin 4.7-ci bəndinin 6-cı hissəsində göstərilmişdir ki, əgər bağışlama müqaviləsində, yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış, yaxud vərəsəliyə görə alınmış nəqliyyat vasitəsi mülkiyyətçilərin hamısının yazılı razılığı ilə onlardan birinin adına qeydə alınır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnaməyə uyğun olaraq, digər vərəslərin ərizəsi əsasında «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydə alınmış və həmin ərizələr onu vermiş şəxslərin iradələrinə uyğun olmuşdur. Buna görə də məhkəmə inzibati orqanın hərəkətlərinə hüquqi qiymət vermədən, yalnız iradə bəyanının həqiqiliyinə və notariusun hərəkətlərinin qanunuliyinə istinadla hesab edir ki, «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsinin ləğvinə əsaslar yoxdur və iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kvadrat metr fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı1 payı müəyyən olunmalı, həmin paya mütənasib qaydada «qanun üzrə vərəsəlik hüququ haqqında» xx.xx.2022-ci il tarixli 2V-126 reyestr şəhadətnamə qismən etibarsız hesab olunmalı və daşınmaz əmlakın dövlət qeydiyyatı qismən ləğv edilməli, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsinin 5/6 hissəsinə Cavabdeh2 və 1/6 hissəsinə İ.R.Bayramovanın, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş və R.Q.Bayramovdan miras qalmış 85,3 kvadrat metr fərdi yaşayış evinin ½ hissəsinin 5/6 hissəsinə (fərdi yaşayış evinin 5/12 hissəsi) Cavabdeh2 və 1/6 hissəsinə İ.R.Bayramovanın payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızının, Əsgərova (Bayramova) Nurlana Ramiz qızının, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızının «ərizələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, payların müəyyən edilməsi» tələbi barədə iddiası qismən təmin edilsin. İddiaçı1 ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kvadrat metr fərdi yaşayış evinin ½ hissəsinə payı müəyyən olunsun. ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kvadrat metr fərdi yaşayış evinə dair hissədə «Qanun üzrə vərəsəlik hüququ haqqında» xx.xx.2022-ci il tarixli 2V-126 reyestr şəhadətnamə qismən etibarsız hesab olunsun və həmin əmlaka dair daşınmaz əmlakın dövlət qeydiyyatı qismən ləğv edilsin. ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsinin 5/6 hissəsinə Cavabdeh2 və 1/6 hissəsinə X5 ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş və X6 miras qalmış 85,3 kvadrat metr fərdi yaşayış evinin ½ hissəsinin 5/6 hissəsinə (fərdi yaşayış evinin 5/12 hissəsi) X10 və ½ hissəsinin 1/6 hissəsinə (fərdi yaşayış evinin 1/12 hissəsi) X5 payı müəyyən edilsin. İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızının, Əsgərova (Bayramova) Nurlana Ramiz qızının, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızının iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar