Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-793/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüseynov X1 Elmir Əkbər oğluna qarşı vurulmuş maddi zərərin əvəzi qismində 3.045 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, Cavabdeh onun yaşadığı Göygöl rayonu, Çaykənd kəndində xırda ticarətlə məşğul olaraq kətə satır. Həmin ərazidə Cavabdeh təhlükləli itlər saxlayır, həmin itləri ağız qoruyucusu olmadan kənd ərazisinə buraxır və buna görə də E.Ə.Hüseynovun saxladığı itlər əhali, eləcə də otlaq sahələrində olan ev heyvanları üçün təhlükə yaradır. Dəfələrlə kəndin bələdiyyə nümayəndələri və kənd sakinləri tərəfindən E.Ə.Hüseynova bununla bağlı irad bildirilsə də, E.Ə.Hüseynov həmin iradların heç birinə məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixində, saat 16:00 radələrində kəndin otlaq sahəsində olan iri buynuzlu heyvanları otlayan zaman E.Ə.Hüseynova məxsus «Avçarka» cinsli it ağız qoruyucusu olmadığından, ona məxsus 1 ədəd iribuynuzlu heyvana, yəni inəyə hücum etmiş və inəyin bədənin müxtəlif yerlərini parçalamışdır. O, həmin inəyi yaxşı cins olduğundan və çox süd verdiyindən 2022-ci ildə 2.700 manata almış, ondan gündəlik 15 litr süd sağıb, satmaqla 10-15 manat məbləğində qazanc əldə etmişdir. Lakin E.Ə.Hüseynova məxsus itlərin onun inəyini dişləməsindən sonra inək süddən kəsilmişdir. O, qeyd olunan inəyə E.Ə.Hüseynovun itlərinin yetirdiyi xəsatətləri sağaltmağa çalışmış, həkimə və dərmanlara xeyli vəsait sərf etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdən hazırki tarixədək o, gündəlik 15 manat, cəmi 345 manat qazancından məhrum olmuşdur. Bu hadisə ilə bağlı polis idarəsinə müraciə etsə də ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. E.Ə.Hüseynova dəfələrlə bu hadisə ilə bağlı zəng etsə də E.Ə.Hüseynov ya zənglərə cavab verməmiş, ya da ki telefonu başqa şəxslər açmışdır. Buna görə də, o pozulmuş hüquqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etirafın hüquqi nəticələrinin hakim tərəfindən ona izah edildiyini bildirərək iddianı qismən etiraf etdiyini, yəni 1.000 manat məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya ödənilməsinə razı olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, İddiaçı ilə təxminən 20 ildir ki, qonşudur. Cavabdeh isə şəxsən tanımasa da Göygöl rayonu, Toğana kəndində yerləşən «Kəpəz» restoranın yaxınlığında kətəxanası olduğu bilir. Həmçinin Cavabdeh «Avçarka» cinsli, qulaqlarında tünd qırmızı rəngli nişanları olan iki iti vardır. Həmin itləri o, kətəxananın ərazisində görmüşdür. Belə ki, o, qoyun otaran zaman ətrafdan inək səsinin gəldiyini eşitmiş, səsə tərəf gedən zaman sözügedən itlərin ağzı qanlı vəziyyətdə İddiaçı məxsus inəyin süd verən orqanını və budunun arxa nahiyyəsini dişlədiyini görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusu, Cavabdeh isə uzaq qohumudur. Buna görə də o hər iki şəxsi tanıyır. Cavabdeh 3 iti olduğunu bilir. Belə ki, itlərdən ikisi «Avçarka» cinslidir, digər qara rəngli itin isə cinsini bilmir. O, öz heyvanlarını otarmaq üçün Cavabdeh kətəxanası ilə «Bərəkət qapısı» adlanan ərazidə olarkən, Elmirin itlərinin ağzının qanlı olduğu görmüş, İddiaçı zəng edərək heyvanlarını tapa bilmədiyini və Elmirin itlərinin ağzının qanlı olduğunu gördüyünü bildirərək öz heyvanlarına görə narahat olduğunu bildirmişdir. İddiaçı isə Elmirin itlərinin ona məxsus inəyi dişlədiyini söyləyərək, öz inəklərinə görə narahat olmamasını ona bildirmişdir. Buna qədər isə o, özü dəfələrlə uşaqların otlaq əraziyə gəlməkdən qorxuqlarını bildirməklə, itlərini bağlamağı E.Ə.Hüseynovdan xahiş etsə də, E.Ə.Hüseynov buna məhəl qoymamışdır. İşdə olan Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, sözügedən inək 8,5 yaşdadır, yerli cinsdir, normal halda bala verdikdən 18-21 gün müddətində (həvəsə gəlməlidir) mayalanmalıdır. Uzun müddət müalicə getdiyinə görə heyvan arıqladığı üçün hal-hazırda (həvəsə gəlməsi) mayalanması gecikir. xx.xx.2023-cü il tarixdə inəyə baxış keçirilən zaman inəyin yelini tam südlə dolu idi. Ancaq yelin ciddi zədələndiyi üçün inəyi nə sağmaq nədə buzovu əmizdirmək mümkün deyildi. Ona görədə inək sağılmadığı üçün süddən kəsilmişdir. Heyvan sahibinin dediyinə görə, bir aylıq erkək buzov əmələ gələ bilmədiyi üçün ölmüşdür və inək sutka ərzində 10-12 litr süd verirdi. İnəyin yelininin arxa iki payı hazırda tam şiş olduğu üçün gələcəkdə süd verməsi məlum deyil. xx.xx.2023-cü il tarixdə inəyə baxış keçirilən vaxt inək orta köklükdə olduğu üçün diri çəkisi təxminən 300-310 kq olardı. Hazırda inək uzun müddətli müalicə aldığına görə arıqlayaraq diri çəkisi təxminən 210-220 kq olar. İnək zədə almamışdan əvvəl sutka ərzində 10-12 litr təxminən süd verən inək hazırda 1700-1800 manat civarında olduğu halda inəyin hazırkı vəziyyətinə görə 800-900 manat qiymətləndirmək olar. İnək hazırda kliniki sağlamdır, yem- su normal qəbul edir. Hərəkətində məhdudiyyət yoxdur. İş materiallarında olan Göygöl Rayon Polis X5 Bölməsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-77-1/2-R-1943/124/2023 nömrəli məktubun surətindən görünür ki, İddiaçı onun müraciətinin mülki xarakterli olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan Cavabdeh Göygöl Rayon Polis X5 Bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində kətəxana işlədir və həmin kətəxanada 3 baş iti vardır. Həmin itlərdən biri daimi olaraq bağlı vəziyyətdə olsa da, digər iki baş «Avçarka» cinsli itlər açıq olurlar. xx.xx.2023-cü il tarixdə «Bolu müəllim» kimi tanıdığı İddiaçı məxsus iribuynuzu heyvanı (inəyi) meşənin kənarında ona məxsus «Avçarka» cinsli itlər müəyyən nahiyyələrindən dişləmişlər. Belə ki, onun itləri həqiqətən də İddiaçı iribuynuzlu heyvanını dişləyərək müəyyən nahiyyələrini yaralamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı qismən etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianı qismən etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə görə heyvanın sahibi öz heyvanının başqalarına ziyan vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altına olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh məxsus itlər 16 sentyabr 2023-cü ildə Göygöl rayonu ərazisində İddiaçı məxsus bir baş inəyi dişləməklə, İddiaçı maddi zərər vurmuşlar. Buna görə də İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 3.045 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb, ona verilməsi tələbinə dair iddia qaldırmışdır. Lakin İddiaçı ona həqiqətən 3.045 manat məbləğində zərər vurulmasına, eləcə də inəyin südvermə qabiliyyətinin itirilməsi ilə əlaqədar cəmi 345 manat məbləğində gəlirdən məhrum olmasına və inəyin sağalması ilə əlaqədar digər məsrəflərə, habelə başqa qaydada ziyana məruz qalmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli aktda isə İddiaçı məxsus inəyin it tərəfindən dişlənməmişdən əvvəlki bazar qiymətinin təxminən 1.700-1800 manat, hazırki vəziyyətdə bazar qiymətinin isə 800-900 manat olduğu göstərilmişdir. Həmçinin Cavabdeh iddianı qismən, yəni 1.000 manat məbləğində hissədə etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərin əvəzi qismində 1.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 1.000 (bir min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-793/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-793/2024
16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver